Tarixi dövrümüzü əks etdirən mənbələrə nəzər salsaq görərik ki, Ermənistan ərazidəki türk mənşəli adların dəyişdirilməsi siyasətinə "Türkmənçay" sülh müqaviləsindən sonra, XIX əsrin 30-cu illərindən sistemli və məqsədli şəkildə başlanılmışdır. Tarixin müxtəlif dönəmlərinə nəzər salsaq görərik ki, ermənilərin 1918-20-ci illərdə xalqımızı soyqırıma məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yandırır və addəyişməni davam etdirməklə mənəvi soyqırıma məruz qoyurdular. Həmin dövrün materiallarını əks etdirən sənədlərdə qeyd olunur ki, 1918-1920-ci illərdə Qərbi Azərbaycan ərazisində türk mənşəli adlar Yuxarı Ağdam - Qanzakar (İcevan), Tamamlı - Burastan (Artaşat) və s. erməni mənşəli sözlərlə əvəzləndi.1924-cü ildən aparılan addəyişdirmə prosesi nəticəsində Gümrü Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu. 1924–1930-cu illər ərzində Ermənistanda türk mənşəli 80 toponim dəyişdirilmişdir. Toponimlərin dəyişdirilməsinə səbəb kimi Ermənistan SSR-nin rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda qeyd olunurdu ki, Ermənistandakı yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir. Təbii ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların türk mənşəli olması idi. Toponimlərin dəyişdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra daha da sürətləndi. 1946–1948-ci illərdə Yaxın Şərqdən, Şərqi Avropa və Amerikadan Ermənistana köçən ermənilərin sayının artması, eləcə də qeyd olunan illərdə təqribən 90 000 erməninin Qərbi Azərbaycana köçürülməsi buna səbəb idi. Tarixçi alimlərin qənaətinə əsasən, toponimlərin dəyişdirilməsinin digər səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyası idi. Bu qərara əsasən, 1948-ci ildə 10 000, 1949-cu ildə 40 000, 1950-ci ildə 50 000 azərbaycanlı Ermənistandan köçürüldü. Vurğulayaq ki, Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyətinin ilk fərmanı ilə 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırım qurbanı olub.
Zaman-zaman türk mənşəli toponimlər təcavüzə məruz qalmışdır. Adı dəyişdirilən rayonlardan biri də Basarkeçər rayonu olub. Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmiş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir. Tarixi mənbələrdə göstərilir ki, 1948-1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi.
Vurğulamaq yerinə düşər ki, 28 noyabr 1988-ci il tarixdə daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar edərək nəqliyyat vasitəsi olmayan imkansız, əliyalın əhalidən 34 nəfəri döyərək işgəncə ilə qətlə yetirmişlər. Qarda-çovğunda borana düşən qaçqınlardan 12 nəfər isə donvurmadan tələf olub.
Basarkeçər rayonunun Daşkənd, Nərimanlı, Ağkilsə, Pəmbək, Qızılvəng, Şişqaya, Zod, Qanlı, Yuxarı Zağalı, Sətənağac, Kəsəmən, Göysu, Dərə, Subatan, Sarıyaqub, Çaxırlı, Zərkənd, Canəhməd, Yarpızlı, Böyük Məzrə, Kiçik Məzrə, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Qoşabulaq, İnəkdağı, Babacan, Kərkibaş, Qayabaşı, Qaraiman, Ağyoxuş, Yuxarı Şorca, Aşağı Şorca, Qırxbulaq, Gödəkbulaq, Tüskülü, Qamışlı, Aşağı Zağalı kimi kəndləri var.
AZƏRBAYCANIN QƏDİM TORPAĞI GÖYÇƏ MAHALI
Bu gün Azərbaycan öz tarixi torpaqlarına qovuşub. 44 günlük Vətən müharibəsi 30 ilə yaxın işğala son qoydu. Bu gün türk mənşəli tarixi adlarımız da özünə qaytarılır. Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb və orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu" deyilirdi. "Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır", - deyə Azərbaycan Prezidenti bildirib. Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra 2020-ci ilə qədər Madagiz adlanmış Suqovuşan da öz tarixi adına qovuşdu. Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində olan Suqovuşan 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edilib. 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biri olmuşdur. Onu da vurğulayaq ki, Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib. 44 günlük Vətən müharibəsində işğaldan azad edilən bu ərazinin tarixi adı Prezident İlham Əliyev tərəfindən bərpa edilərək Suqovuşan adlandırılmışdır.
16 RAYONDA 90 TÜRK MƏNŞƏLİ TOPONİMLƏR DƏYİŞDİRİLİB
Tarixçi alimlərin fikirlərinə istinadən deyə bilərik ki, bir çox hallarda yeni ad tapa bilmədiklərindən Azərbaycan toponimləri ermənicəyə tərcümə olunmuş, ya da bir-iki hərf dəyişdirilmişdir. Dəmirçi-Darpnik, Ağqala-Berdkunk, Ayrıvənk-Hayravan, Zod-Sotk, Qızıl Bulaq-Xaçaxbyur, Məzrə-Masrik, Qaraqala-Sevaberd, Göykilsə-Kaputan, Oxçaberd-Voxçaberd, Yengicə-Norabats, Xaçaparaq-Xaçpar, Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Almalı-Xizorud, Nəzrvan-Kazaravan, Ağbulaq-Axpurak, Bəriabad-Barapet, Ağkilisə-Cermakavan, Acıbac-Acabac, Qovşud-Kavçut, Kərd-Kard, Ağudi-Aqitu, Aravus-Aravis, Bayandur-Baqatur, Yeni kənd-Nor-Gyuq, Gabut-Kapuyt, Molla Musa-Musakan, Piraqan-Byurakan, Daşqala-Karaberd, Bəzirxana-Dzithankov, Qızıltamur-Vosgevaz, Melikkənd-Melikgyuğ və s. Sovet Ermənistanı ərazisində olan Azərbaycan mənşəli bütün toponimlərin - çayların, dağların, dərələrin, təpələrin, düzənliklərin adları belə dəyişdirilib erməniləşdirilmişdir. İndi Ermənistan adlanan ərazinin toponimlərinin əksəriyyətini türk mənşəli toponimlər təşkil edirdi.
Yaxın tariximizə nəzər salsaq, görərik ki, 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə əvəzləndi. Bu rəsmi statistika Ermənistan prezidentinin fərmanı ilə 1991-ci ili əks etdirir. XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəli idi.
Ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasəti iki əsrlik tarixi dövrü əhatə edir ki, bu zaman məsafəsində təkcə ərazi iddiaları ilə təcavüzkar siyasətilərini davam etdirməyib, eyni zamanda mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikib, onları özününküləşdirməyə çalışıblar. Mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq, əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Mənbələrə istinadən deyə bilərik ki, ilk addəyişdirmə 1801-ci ildə baş vermiş, türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Belə ki, ilk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adının dəyişdirilərək Aleksandrovka qoyulması ilə başlayıb.
Beləliklə, Azərbaycan toponimlərinə qarşı təcavüzkar siyasətilərini reallaşdırıblar.
Nəzakət ƏLƏDDİNQIZI