“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sıradan bir təqvim, bayram deyil. 31 dekabr dünyada yaşayan azərbaycanlıların əvvəlki il üzrə fəaliyyətinin yekunlarının təhlili, hesabatı, növbəti il üçün isə fəaliyyət planının qurulması deməkdir. Milli birliyimizin, müstəqilliyimizin qorunması, milli təhlükəsizliyimizə olan təhdidlərə qarşı birgə mübarizə, dövlətimizin və xalqımızın maraqlarının müdafiəsi baxımından Həmrəylik Günü çox böyük əhəmiyyətə, unikal xüsusiyyətlərə malikdir”.
Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, dünya azərbaycanlılarını bir amal uğurunda birləşməyə çağıran, milli vəhdət yaradan Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində qeyd olunur. Xaricdəki azərbaycanlılar hər il dekabrın 31-də müxtəlif mədəni tədbirlər həyata keçirir, Azərbaycan mədəniyyətini dünyada təbliğ edirlər. Rusiya, İran və Gürcüstandakı soydaşlarımız üçün 31 dekabr xüsusi əhəmiyyətə malikdir. Tarixən Azərbaycan torpaqları olmuş, harızda isə ayrı-ayrı ölkələrin sərhədlərin daxilində yerləşən ərazilərdə yaşayan azərbaycanlıların ürəyi Bakı ilə döyünür. Onlar Azərbaycanı özlərinə doğma Vətən hesab edirlər. Azərbaycanın sevincini və kədərini bölüşən milyonlarla azərbaycanlı müxtəlif səbəblərdən sərhədlərimizdən kənarda yaşayır. Onlar 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbəyə necə böyük coşqu ilə sevinirdilərsə, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxsaylı insan ölümü ilə nəticələnən təyyarə qəzasına da bir o qədər üzüldülər, bunu öz faciələri hesab etdilər. Bu mənada düşünürəm ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilən Həmrəylik Günü bu gün öz məqsədinə çatıb və bu yolda inamla irəliləməkdədir. Bir çoxları Azərbaycanı qınayırdı ki, nə üçün 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılmasını bayram kimi qeyd edirsiniz? Əlbəttə ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin məlum hadisələrə əsaslanaraq və dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsi böyük cəsarət tələb edirdi. Onun göstərişi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Başa düşmək lazımdır ki, Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması milli ruhun tələbi idi. Naxçıvan Ali Məclisi də xalqın milli iradəsinə söykənərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdi. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinə böyük önəm verirdi. Onun Azərbaycan dövləti ilə dünya azərbaycanlıları arasında əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində gördüyü işlər ölçüyəgəlməzdir. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”- deyən Ulu Öndərin bu kəlamı bu gün də aktualdır, milli qürur rəmzimizdir”.
T.Mirkişili onu da bildirdi ki, bu gün dünya azərbaycanlıları Həmrəylik Gününü daha qətiyyətlə, həvəslə qeyd edirlər: “Çünki onlar Qalib ölkənin mənsublarıdırlar. Onlar azərbaycanlı olduqları ilə fəxr edirlər. Yaşadıqları coğrafiyadan asılı olmayaraq, hər bir azərbaycanlınin bir doğma vətəni vardır – Azərbaycan. Dünya azərbaycanlıları Prezident İlham Əliyevin güclü siyasi iradəsi, sərkərdəlik məharəti, uzaqgörənliyi, dünyadakı nüfuzu ilə fəxr edirlər. Artıq 4 ildir ki, dünya azərbaycanlıları Həmrəyliyi Gününü tam yeni bir ovqatla – qalib xalqın nümayəndələri kimi qeyd edirlər. Mən bilirəm ki, 2020-ci ilə qədər soydaşlarımız xarici ölkələrdə, beynəlxalq konfranslarda, adi ünsiyyət zamanı dünyaya səpələnmiş ermənilər tərəfindən kinayəli sözlərə, alçaldıcı atmacalara məruz qalırdılar. Onların “siz vuruşmağı bacarmırsınız”, “hərbi sizlik deyil”, “Qarabağ Ermənistanındır” kimi ürəkdağlayan replikaları soydaşlarımızın milli qürurunu əzirdi, incidirdi. 2020-ci ildən sonra isə hər şey dəyişdi. Azərbaycan Ordusunun şanlı qələbəsi bütün azərbaycanlıları, Türk və İslam dünyalarını qürurlandırdı. İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, separatçı rejimin çökməsi bütün azərbaycanlıları bir yumruq kimi birləşdirdi. Dünya azərbaycanlılarının, dostlarımızın həmrəyliyini, dövlətimizin gücünü özündə ehtiva edən “Dəmir yumruq” Zəfər salnaməmizin rəmzi oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları əmin olsunlar ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.