“Son dövrlərdə İranda müşahidə olunan etiraz aksiyaları miqyası, coğrafi yayılma arealı və davamlılıq səviyyəsinə görə əvvəlki illərdə baş vermiş sosial narazılıq dalğalarından əhəmiyyətli dərəcədə fərqlənir”. Bu sözləri SİA- ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.Onun sözlərinə görə, etirazların yalnız paytaxt və iri sənaye mərkəzləri ilə məhdudlaşmaması, eyni vaxtda ölkənin müxtəlif regionlarını əhatə etməsi və ardıcıl xarakter alması bu proseslərin spontan emosional reaksiya deyil, müəyyən siyasi kontekst daxilində formalaşdığını göstərir:” Bu amil etirazların sırf sosial-iqtisadi səbəblərlə izah edilməsini qeyri-kafi edir.Şübhəsiz ki, uzunmüddətli beynəlxalq sanksiyalar, iqtisadi durğunluq, yüksək inflyasiya göstəriciləri və sosial ədalətsizlik İran cəmiyyətində dərin narazılıqların yaranmasına zəmin yaradıb. Lakin mövcud etirazların əvvəlki analoji proseslərdən fərqli olaraq daha koordinasiyalı, təşkilatlanmış və davamlı olması daxili faktorlarla yanaşı, xarici siyasi təsir ehtimallarını da gündəmə gətirir. Bu kontekstdə etirazların dinamikası regional və qlobal güclərin maraqları prizmasından ayrıca təhlil olunmalıdır.Hadisələr fonunda ABŞ administrasiyasının verdiyi açıqlamalar xüsusi diqqət çəkir. Rəsmi Vaşinqton tərəfindən etirazçılara qarşı zorakılıq halında hərbi müdaxilə ehtimalının istisna edilmədiyini bildirən bəyanatlar birbaşa müdaxilə niyyətindən daha çox siyasi-psixoloji təzyiq mexanizmi kimi dəyərləndirilə bilər. Bu ritorika bir tərəfdən İran siyasi rəhbərliyinə xəbərdarlıq funksiyası daşıyırsa, digər tərəfdən ölkə daxilindəki proseslərə dolayı təsir vasitəsi kimi çıxış edir.Zamanlama amili də təsadüfi xarakter daşımır. İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri ərəfəsində İranda etirazların intensivləşməsi və səfərdən dərhal sonra Vaşinqtondan səsləndirilən sərt bəyanatlar hadisələrin müəyyən siyasi koordinasiya fonunda inkişaf etdiyini düşünməyə əsas verir. Bu baxımdan İsrail faktoru xüsusi əhəmiyyət kəsb edir. Rəsmi Tel-Əviv üçün İranın nüvə proqramının məhdudlaşdırılması və ya ləğv edilməsi uzun müddətdir əsas milli təhlükəsizlik prioritetlərindən biridir. Tehranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına malik olması İsrail tərəfindən birbaşa ekzistensial təhlükə kimi qiymətləndirilir.Bununla yanaşı, İranda potensial hakimiyyət dəyişikliyi ssenarisi nə ABŞ, nə də region dövlətləri üçün ideal variant hesab edilə bilməz. İran kimi mürəkkəb etnik, dini və siyasi struktura malik ölkədə mərkəzi hakimiyyətin zəifləməsi uzunmüddətli siyasi xaos, daxili qarşıdurmalar və regional təhlükəsizlik balansının pozulması risklərini artırır. Bu isə Orta Şərqdə yeni gərginlik ocaqlarının yaranması, enerji təhlükəsizliyinə təhdidlər və genişmiqyaslı miqrasiya dalğaları ilə nəticələnə bilər.Məhz bu kontekstdə ABŞ-nin əsas strategiyasının birbaşa hərbi müdaxilədən daha çox, sərt diplomatik ritorika, sanksiya təzyiqləri və siyasi təsir mexanizmləri vasitəsilə İranı nüvə proqramı üzrə güzəştlərə məcbur etməkdən ibarət olduğu qənaətinə gəlmək mümkündür.İranda baş verən proseslər yalnız daxili sosial etirazlar çərçivəsində deyil, daha geniş regional və qlobal güc balansı mübarizəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Hadisələrin gələcək inkişaf trayektoriyası isə birbaşa İran siyasi rəhbərliyinin verəcəyi strateji qərarlardan asılı olacaq”.
Müəllif: Günay Hacıyeva