Prezident İlham Əliyev: "Xalqımız, dövlətimiz müzəffər xalq və dövlət kimi əbədi yaşayacaq"
İşğaldan azad edilmiş ərazilərə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış davam edir. Növbəti köç karvanları Ağdamdan Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə yola salınıb. Bu mərhələdə Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 28 ailə - 135 nəfər köçürülüb. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 mindən artıq insan yaşayır.
Bu gün işğaldan azad olunan ərazilərimizdə yeni bir dövr başlanılıb: abadlıq-quruculuq, yeni həyata qayıdış dövrü. Böyük Qayıdış tarixində əlamətdar hadisələrə şahidlik edirik. Yaddaşımızda daşlaşacaq bir qayıdış əzəli sakinləri doğma yurda qovuşdurur. Həsrətlə, intizarla, göz yaşları içərisində gözlədiyimiz tarixi günlər. Yüzlərlə insanın qanı tökülən torpaqlara qayıdış. İnləyən, sığlayan şəhərlərə qayıdış.
Bir gecənin içində məhv olan sakinləri dərbədər düşən, qocası, uşağı zillətlə məhv edilən Xocalıya qayıdırıq. Bu gün Xocalı niskilli deyil, bayram əhvali-ruhiyyəsindədir. Bəli, xocalılılar şəhərə qayıdırlar. Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından ötən illər ərizində bu torpaqlara qayıdacağımız günü gözləyirdik. 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. "Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" – deyə Prezident bildirib.
Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir.
ƏDALƏTİN TƏNTƏNƏSİ YAŞANILAN YENİ DÖVRÜN BAŞLANĞICI
Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Xocalı yenidən qurulur. Bildiyimiz kimi cari ilin fevralın 26-da Xocalı soyqırımı günü Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir. Cənab Prezident bildirib ki, Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın."
12 MİN NƏFƏRLİK ŞƏHƏR
Əlbəttə ki, bizlərə bu tarixi günləri yaşadan vətənin mərd oğulları, mübariz ruhlu oğullarıdır. "Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq" – deyən Prezident bildirib ki, onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Bu gün Xocalı yenidən qurulur. Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır. Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər.
Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Burada çox zəngin kənd təsərrüfatı torpaqları olduğunu nəzərə alaraq, şəhər daxilində kiçik aqropark yaradılması təklif olunur. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək. Xocalı müasir şəhər olacaq. Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqe də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir. Eyni zamanda, strateji əhəmiyyətə malik Ağdam, Xankəndi şəhərlərinin, mədəniyyət paytaxtımız Şuşa şəhərinin çox yaxında yerləşdiyini də nəzərə alaraq, regionla inteqrasiyasına xüsusi önəm verilib. Bu tərəfdə Xocalı şəhərinin tünd qəhvəyi rənglə əvvəl mövcud olmuş sərhədləri göstərilib, 610 hektar təşkil edirdi. Hazırda isə 1300 hektara yaxın ərazi nəzərdən keçirilir.
Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb.
"BİZİM GÜCÜMÜZ - SİYASİ ÇƏKİMİZ, İQTİSADİ QÜDRƏTİMİZ, HƏRBİ GÜCÜMÜZ İLDƏN-İLƏ ANCAQ ARTACAQ"
Azərbaycanın güclü və müasir ordusu 44 günlük Vətən müharibəsində düşmənə gücsüz olduğunu və özgə torpağında hökmranlığının bir gün sona yetəcəyini göstərmiş oldu. Təbii ki, ermənilər Azərbaycan ordusunun gücünü dəfələrlə görmüşdülər və nə vaxsa onların məğlub olmaları qaçılmaz idi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmış, regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması, münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi.
İşğal dövründə bütün erməni təcavüzkarları 30 ilə yaxın zamanda bütün əraziləri dağmadağın etmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı nəticəsində torpaqlarımız azad olundu və bu gün Zəfər çalmış Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və görülən işlərlə tanışlıq, yeni müəssisələrin açılışında iştirakı, eləcə də, təməllərin qoyulması sürətli quruculuq işlərinin təzahürüdür. Azərbaycan iqtisadi gücü, inkişafı böyük qurculuq işlərimizi sürətləndirir. "Biz bu torpaqlarda əbədi yaşayacağıq. Xalqımız, dövlətimiz müzəffər xalq və dövlət kimi əbədi yaşayacaq", - deyən Prezident bildirib ki, Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək: "Mən buna şübhə etmirəm, əminəm, bizim siyasətimiz bunu diktə edir, bizim potensialımız bunu göstərir. Bizim gücümüz - siyasi çəkimiz, iqtisadi qüdrətimiz, hərbi gücümüz ildən-ilə ancaq artacaq. Bunu mən tam əminliklə deyirəm".
Prezident İlham Əliyevin regionun yaşıl enerji zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Ümumilikdə isə bu günədək Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz yaşıl enerji istehsal edilir. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq tikilən "Sarıqışlaq" SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib. Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib. "Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq", - deyə Prezident bildirib ki, bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır: "Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik".
Zümrüd BAYRAMOVA