Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Tədbir İrəvan vaxtı ilə saat 22:00-da baş tutub. İmzalanma mərasimi ABŞ Dövlət Departamentinin razılığı ilə canlı yayımlanıb. Erməni politoloq Benyamin Matevosyan Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması məsələsinə toxunaraq qeyd edib ki, siyasi komponentinə diqqət etsək bu sənəd Nikol Paşinyan üçün ilk növbədə, onun şəxsi təhlükəsizliyinin təminatıdır. Amerikalılar ona kağız verirlər ki, Putin və Tramp arasında gələcək danışıqlarda Ermənistan mövzusunun və şəxsən Paşinyan mövzusunun sonrakı müzakirələrini çətinləşdirsin.Bu, Ovik Ağazaryanın timsalında deputat toxunulmazlığına bənzəyir. Həmçinin, bu, Paşinyana gələcəkdə problemlərdən qaçmağa kömək edəcək və ya ən azı onların baş verməsini çətinləşdirəcək. Paşinyan “toxunulmazlıq mandatı ilə” geosiyasi Ağazaryandır, lakin Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyasından deyil, ABŞ Dövlət Departamentindəndir.Bununla belə, xatırlamaq yerinə düşər ki, ABŞ 2009-cu ildə oxşar sənədi (bəlkə də məzmununa görə daha da əhəmiyyətli) Gürcüstanla imzalayıb. Bu sənəd imzalananda Gürcüstana rəhbərlik edən adam indi haradadır?
Kremldən münasibət
Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı İrəvanın suveren hüququdur, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. “Bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var. Biz bu əlaqələri yüksək qiymətləndiririk. Biz onları daha da inkişaf etdirmək niyyətindəyik”, – Peskov ABŞ və Ermənistan arasında sənədin imzalanmasını şərh edərkən bildirib. Bununla belə, Kreml sözçüsü ABŞ-ı Qafqazda sabitliyi pozmaqda və “yeni ölkələri onun arxasınca sürükləmək” cəhdində ittiham edib. “Birləşmiş Ştatlar Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb, hətta bunun əksini demək olar. Məhz bu hərəkətlər kontekstində, əksinə, Birləşmiş Ştatlar, əlbəttə ki, daha çox ölkəni öz arxasınca çəkməyə hər cür cəhd edir”, - Peskov vurğulayıb.Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken yanvarın 15-də Vaşinqtonda strateji əməkdaşlığa dair sənəd imzalayıblar. Mirzoyan yanvarın 14-dən 15-dək ABŞ-da işgüzar səfərdə olub. Ermənistan 2022-ci ilin mayında Mirzoyanın Blinkenlə Vaşinqtonda görüşündən sonra ABŞ-la strateji dialoqa başlayıb. İyunun 11-də Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ-la dialoqu strateji tərəfdaşlığa qədər genişləndirmək planlarını açıqlayıb.Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya dəvət olunub, onun səfəri yaxın vaxtlarda baş tuta bilər. Xəbər verilir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.O qeyd edib ki, rəsmi səviyyədə Moskva ilə İrəvan arasında münasibətlər sadə deyil. Eyni zamanda, Rusiya Ermənistana kiminlə əməkdaşlıq etməli olduğunu diktə etmir və onun ABŞ-la razılaşma ilə bağlı qərarı suverendir.Yanvarın 14-də Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda Ermənistanın xarici işlər naziri Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinkenin müvafiq sənəd imzalayacaqlarını açıqlayıb. Bunu şərh edən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla münasibətlərini yüksək qiymətləndirir və İrəvanla münasibətləri inkişaf etdirmək niyyətindədir.Rusiya ilə münasibətlərin pozulmasının Ermənistan üçün hansı nəticələrə səbəb olduğunu açıqlanıb. Rusiya Federasiyasındakı erməni biznes ictimaiyyətinin nümayəndələri Ermənistanın Avrasiya İqtisadi İttifaqından mümkün çıxması ilə bağlı müzakirələrdən dərin narahatdırlar. Bunu Ermənistan Sahibkarlar Assosiasiyasının və Taşir Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan Ermənistan və Aİİ ətrafında məsələləri şərh edərkən deyib. “Qlobal iqtisadi və geosiyasi çağırışlar kontekstində Ermənistanın Aİİ-yə üzvlüyü xarici ticarət dövriyyəsinin demək olar ki, yarısının ittifaq ölkələrinin payına düşdüyü ölkə iqtisadiyyatının sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib. Karapetyan həmçinin əlavə edib ki, Avropa İttifaqının “cəlbediciliyinə” baxmayaraq, Aİİ-də iştirak təkcə iqtisadi artıma kömək etmir, həm də mövcud qeyri-müəyyən beynəlxalq vəziyyətdə son dərəcə vacib olan mühüm təhlükəsizlik səviyyəsini təmin edir.Karapetyan Aİİ-dən mümkün qırılmanın mənfi nəticələrə səbəb olacağına diqqət çəkib: gömrük rüsumlarının tətbiqi Aİİ ölkələrinə, o cümlədən Rusiyaya ixracı çətinləşdirə, malların rəqabət qabiliyyətini azalda bilər. Rusiyanın Ermənistanda əsas investor olduğunu nəzərə alsaq, bu, investisiya mühitinə də zərbə vuracaq. Əmək bazarının vacibliyi də xüsusi qeyd edilməlidir. Aİİ ölkələrində işləyən Ermənistan vətəndaşları güzəştli şərtlərdən istifadə edirlər və ittifaqı tərk etmək Rusiyada işçi qüvvəsi üçün vəziyyəti çətinləşdirəcək ki, bu da Ermənistana pul köçürmələrinin azalmasına səbəb olacaq.Ermənistanın enerji təhlükəsizliyi məsələsi də nəzərə alınmalıdır. Müasir qlobal iqtisadiyyatda enerji resursları davamlı inkişafın və sabitliyin təmin edilməsində əsas rol oynayır. 1990-cı illərdə enerji böhranı yaşayan Ermənistan üçün bu məsələ xüsusilə aktualdır. Aİİ-yə üzvlük onun iqtisadiyyatı üçün kritik əhəmiyyət kəsb edən Rusiyadan enerji resurslarının tədarükü üçün daha əlverişli şərait yaradır. Ermənistan hakimiyyəti ölkəni yenidən böhrana sürükləyə biləcək addımların mümkün nəticələrini anlaya biləcək səviyyədə olmadığı da ortadadır. Bu gün diqqəti milli təhlükəsizlik məsələlərinə, o cümlədən iqtisadi sabitlik və rəqabət qabiliyyətinin artırılmasına yönəltmək, siyasi ambisiyaları iqtisadi maraqlardan üstün tutmamaq son dərəcə vacibdir. Siyasi qərarların ölkənin sabitliyinə mənfi təsir göstərdiyi Gürcüstandakı vəziyyətdə belə yanaşmanın nəticələrinin nümunələrini görə bilərik.Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq sazişinin detalları İrəvanda birmənalı qarşılanmayıb. Bir çox ekspertlər, həmçinin erməni vətəndaşlar sazişin xalqa təqdim edildiyi kimi heç də Ermənistan üçün faydalı olmayacağını bildirirlər. Ermənistan-ABŞ Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Suren Sərkisyan sazişin İrəvanın təhlükəsizliyi üçün təminat verməyəcəyini deyib: “Vaşinqtonla imzalanan sənədin realda Ermənistana sadəcə siyasi dəstəyi ola bilər. Bunu Ağ Evin ölkəmizə verdiyi təhlükəsizlik təminatı kimi dəyərləndirir və ictimaiyyətə belə təqdim etməyə çalışırlar, lakin doğru deyil. İrəvan sənədi imzalamaqla sadəcə strateji dialoq üçün ABŞ-dan status almış oldu. Prezident Co Bayden administrasiyası Ermənistanla bağlı siyasətini bu şəkildə sona çatdırır. Lakin iki ölkə arasında vəziyyətin gələcəkdə necə olacağı və imzalanan sənədin hansı səviyyədə həyata keçiriləcəyi yeni seçilmiş Prezident Donald Tramp administrasiyasından asılıdır”.Erməni siyasi şərhçi Akop Bədəlyan isə Blinkenin İrəvanın İŞİD-ə qarşı koalisiyaya qoşulmasını elan etməsini gözlənilməz adlandırıb: “Ermənistanın İŞİD-ə qarşı koalisiyaya qoşulması nə deməkdir? Niyə ölkəmizlə bağlı belə bir vacib məsələ Vaşinqtonda başqa bir dövlətin rəsmi nümayəndəsi tərəfindən elan olunur? Bu xəbəri Blinken açıqlayıb, Mirzoyanın bir neçə dəqiqə sonra onu yenidən təkrarlaması heç nəyi dəyişmir. Görünür, Ağ Evin İrəvanla strateji əməkdaşlıq sənədini imzalamaq üçün şərti bu olub. Ermənistan rəsmiləri isə son ana qədər xalqa bu məsələ ilə bağlı bir kəlimə belə məlumat vermədilər. Ölkəmizin təhlükəsizliyi üçün risklərin idarə edilməsi amili nəzərə alınmalıdır”.Onun sözlərinə görə, imzalanan sənəd sadəcə yeni yaradılacaq komissiyanın işini əhatə edir: “İmzalananlar saziş, müqavilə deyil, komissiya nizamnaməsidir. O sənədlərə əsasən iki ölkənin real strateji müttəfiq olduğunu demək çətindir. Məsələn, Azərbaycanla Ermənistan arasında da delimitasiya və demarkasiya komissiyalarının nizamnaməsi imzalanıb. Komissiyaların fəaliyyəti ona əsas həyata keçiririr. Yəni ABŞ-la yaradılan komissiyanın sənədi belə vəziyyətdə Bakı ilə imzalanan nizamnaməni xatırladır. O zaman biz Azərbaycanla da strateji əməkdaş olmuşuq? ”Politoloq Azat Adamyan sözügedən sənədin Ermənistanın “təslim aktı” olduğunu bildirib: “İrəvan Vaşinqtonda təslim oldu və bütün prosesi canlı yayımladılar. Hakimiyyətdən gedən Bayden administrasiyası ilə sənədin imzalanmasına sevinirlər. Amma Ermənistanda bir nəfər də olsun bütün bunlara çıxıb etiraz edən olmadı, heç kim münasibət bildirmədi”.Qeyd edək ki, sazişə əsasən ABŞ-ın Ermənistana müxtəlif sahələr üzrə dəstək verməsi nəzərdə tutulub. Hətta birgə sərhəd xidmətinin həyata keçirilməsi üçün gələn həftə İrəvana xüsusi mühafizə qrupunun göndəriləcəyi açıqlanıb.
Paşinyandan reaksiya…
Ermənistanın Rusiya ilə münasibətləri həmişəkindən daha praktik xarakter daşıyır və “emosional qablaşdırma” olmadan konkret məsələlərə yönəlib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində yazıb. “Rusiya Federasiyası ilə münasibətlərimiz hər zamankindən daha praktikdir, konkret məsələlər öz əsasını təşkil edir və emosional qablaşdırma yoxdur: biz bu əlaqələri qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında inkişaf etdirməyə çalışırıq”, - Ermənistanın baş naziri deyib.Eyni zamanda, onun sözlərinə görə, Ermənistanın Fransa ilə dostluğu inkişaf edir və Avropa İttifaqı ilə münasibətlər “həmişəkindən daha da yaxınlaşıb və bu, Brüsseldə də qeydə alınır”. “Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığa start verilib. Hindistanla əlaqələrimiz yeni çəki və əhəmiyyət kəsb etmişdir. Çinlə əlaqələrimiz inkişaf edir və dərinləşir. "Yaxın Şərqdə tərəfdaşlıq üçün yeni imkanlar yaradılıb", - Nazirlər Kabinetinin rəhbəri əlavə edib.O, daha sonra İran və Gürcüstanla əlaqələrə toxunub və əmin edib ki, Tehranla münasibətlər həmişəkindən daha mənalıdır. “Bu münasibətlər təbii maraqlara əsaslanır ki, bu da əməkdaşlığın ən etibarlı əsası və münasibətlərin sabitliyinin təminatıdır”.Ankara və Bakı ilə təmaslardan danışan Paşinyan Türkiyə ilə qarşılıqlı anlaşmanın görünən əsasının formalaşdığını vurğulayıb. "Ermənistan Respublikası Azərbaycanla münasibətlərdəki bütün məsələlərə konstruktiv həll yolları təklif edib", - deyən Paşinyan sözünə davam edərək bildirib ki, “bu kontekstdə regionda eskalasiyanı təhrik etmək üçün edilən bütün cəhdlərin legitimliyi və əsası yoxdur. Bu isə o deməkdir ki, regionda eskalasiya uğur qazanmayacaq”.Ermənistanın baş naziri son vaxtlar Moskva ilə münasibətləri tənqid edib. Xüsusilə, qeyd edib ki, İrəvan birgə müdafiə alyansı olan KTMT-nin işində iştirakını dayandırıb, həmçinin 1992-ci ildən bəri paytaxt hava limanında Rusiya sərhədçilərinin işinə xitam verilib.
V.VƏLİYEV
P.S. Məntiqi sual: İran və Rusiya bu sazişi necə qəbul edəcək?