Dövlət xarici banklarda 1-2 faizlə saxladığı maliyyə ehtiyatlarının çox kiçik bir qismini hətta daha artıq faizlə öz vətəndaşlarına kredit şəklilndə versə...
Azərbaycanda ən kəskin sosial problemlərdən biri də evsizlik problemidir. Sovet dövründən sonra bu sahədə vəziyyət getdikcə çətinləşir. Sosialist respubblika dövründə vətəndaşların işlədiyi müəssisədə növbəyə dayanıb bir neçə il ərzində dövlət tərəfindən pulsuz mənzillə təmin olunmaq imkanı var idi. İndi isə, məsələn Bakının ucqar ərazisində ən adi kiçik bir ev almaq üçün 50 min manat pul lazımdır. Bu qədər pulu orta əməkhaqı alan adam heç 50 ilə də yığa bilməz.
Vətəndaşların çoxunun ev almağa pulu çatmır, kreditlə götürülmüş bir mənzil isə kredit müddətinin sonuna dəyərindən 3 dəfə baha başa gəlir, ayılıq ödənişi çox yüksək olur deyə əksəriyyət üçün bu əlçatmaz olur. Ölkəmizdə adi ipoteka kreditləri 8-10 faizlə verilir ki, bu da çox yüksəkdir. Kommersiya ipotekasının şərtləri də, ödənişləri də həddən artıq ağırdır. Burda tələb olunan sənədlərin yüksək sayı bir yana qalsın, aylıq ödəniş 1000 manat civarında olur ki, bunu da aylıq əməkhaqqı 2000 manatdan artıq olan vətəndaş ala bilər.
Azərbaycanda ipoteka kreditlərinin faizləri əksər ölkələrdən yüksəkdir. Lakin, əksər ölkələrdə şərtlər xeyli yüngüldür. Vətəndaş öz istədiyi yerdə, istədiyi kimi ev tikdirmək və hazır almaq üçün bankdan uzunmüddətli və aşağı faizlə kredit götürür və ev tikdirir. Bu cür ev həm sərfəli qiymətə başa gəlir, həm də yeri və mənzilin formasını seçmək imkanı olur.
Məsələn, Gürcüstanda ipoteka kreditlərinin faiz dərəcəsi 4%, Rusiyada 3%, Türkiyədə isə 3,7%-dir. Fransa, Portuqaliya, Belçika, Almaniya və İtaliyada ipoteka krediti 1,5%, Kipr, İspaniya və Yunanıstanda 2%, Danimarkada 1,3%, Türkmənistanda və Kanadada 1%-lə ipoteka krediti almaq mümkündür.
Qeyd edək ki, bu ölkələrdə 65 yaşa qədər vətəndaşların ipoteka krediti əldə etmək hüququ var. Həm də cəmi 2-3 sənəd təqdim etməklə. Bizdə isə bu prosedur çox çətin və bahalıdır.
Azərbaycanda nisbətən sosial ipoteka (4 faiz) sərfəlidir, lakin o da çoxları üçün əlçatan deyil, çox məhdud sayda vətəndaşlar bu tələblərə cavb verir və götürə bilir.
Beləliklə, bütün ölkələrdə kütləvi tətbiq olunan ipoteka kreditləri Azərbaycanda eyni effekti vermədi. Buna ayrılan maliyyənin azlığı, social ipotekaya az pul ayrılması və çox az insanın ondan istifadə üçün lazımi tələblərə cavab verməsi, əhalinin gəlirinin aşağı olması kimi amillər təsir göstərdi. Ölkədə mövcud orta əməkhaqqı ilə pul yığıb mənzil almaq və ya ipoteka götürüb ayda 1000 manat ödəmək əhalinin çox böyük əksəriyyəti üçün qeyri-mümkündür.
Bu problemin həlli üçün 2 effektli variant var:
Vətəndaşların özünün ev tikdirməsi üçün dövlət tərəfindən uzunmüddətli və güzəştli kreditlər ayrılması, Çoxlu sosial binalar tikib vətəndaşlara uzunmüddətli və güzətli şərtlər əsasında münasib ödənişlərlə verilməsi.
Aydın məsələdir ki, vətəndaşların özünə mənzil tikdirməsi hazır mənzil almağa nisbətən xeyli ucuz başa gəlir. Bu halda vətəndaşa 20 il müddətinə 50 min manat kreditin faizsiz verilməsi problemi həll edə bilər. Həmin vətəndaş bu müddətdə kirayəyə verəcəyi pulu öz tikdiyi evin ödənişlərinə verə bilər, hələ xeyli də daha az xərci çıxmış olar.
Belə bir sistem tətbiq olunsa, əhalinin mənzil təminatı probleminin həllinə xeyli dərəcədə müsbət təsiri olar. İstənilən halda bu sistem mənzili olmayan az imkanlı ailələrin heç olmasa kiçik bir evə sahib olmasını təmin edə bilər. Bu səbəbdən, hökumətin ölkənin böyük maliyyə imkanlarından kiçik bir hissəni bu məqsədlə ayırması məqsəduyğun olardı.
Bunun üçün əsas tələb olunan şərt maliyyədir. Şəxsi evlərin və sosial binaların daha çox tikilməsinə kreditlərin verilməsi üçün bizim yetərli maliyyə imkanlarımız var. Dövlət xarici banklarda 1 faizlə saxladığı valyuta ehtiyatlarının çox kiçik bir qismini bu məqsədlə sərf eləsə, ölkədə əsas problemlərdən biri həll olmuş olar. Göründüyü kimi, hökumətin əlində 1 daşla 3 quş vermək üçün çox böyük bir imkan var- həm xarici fondlarda saxlanan pulların kiçik bir qismini bu işə ayıraraq o vəsaitlərin daha çox gəlir gətirməsini təşkil edə bilər, həm əhalinin mənzil təminatını həll etmiş olur, həm də ölkədə tikinti sektoru inkişaf edər, ölkə daxilində pul və mal dövriyyəsi artar, nəticədə dövlət büdcəsinə vergilərin həcmində artım olar.
Bunu reallaşdırmaq üçün ildə 1 milyard manat ayırmaq olar. Hər vətəndaşa 50 min manat kredit verilsə, nəticədə ildə azı 20 min ailə özünü şəxsi mənzillə təmin edə bilər.
Hazırda 50 min manata normal ev tikmək olur. Bu məbləğdə kredit 20 illiyə 2 faizlə verilsə, onda aylıq ödəniş 300 manat ola bilər ki, bunu da orta əməkhaqqı (hazırda rəsmi olaraq 1000 manatdır) alan istənilən şəxs ödəyə bilər. Hətta 700-800 manat maaş alan şəxs də götürə bilər. Yəni, vətəndaş kirayə verəcəyi pulu öz evinin tikintisinə vermiş olar.
Eynilə sosial binaların tikintisini genişləndirilmək və illik 2 faizlə, ilkin ödəniş olmadan vətəndaşa vermək olar. Yenə də 50 min manatlıq 2 otaqlı evə aylıq ödəniş maksimum 300 manat olacaq ki, bu, hazırda aylığı 500 manatdan aşağı olmayan eyni ölçülü mənzilə görə kirayə ödənişindən xeyli aşağıdır və üstəlik, həmin ödənişlər kirayədə olduğu kimi batmır, əksinə öz evi üçün ödənmiş olur.
İşğaldan azad olunmuş ərazilərdə də məskunlaşmanın sürətlənməsi üçün bu proqramın böyük təsiri olacaq. İnsanlar özlərinin işğal dövründə dağıdılmış evlərini yenidən tikmək üçün güzəştli kredit götürüb bunu edə bilər və dövlətə də yük düşməz.
Bu sistem tətbiq olunmasa, ölkədə mənzil problemi həll olmaq əvəzinə getdikcə dərinləşəcək. Üstəlik, mənzillərin qiyməti getdikcə bahalanacaq. Ümid edirik ki, hökumət bu istiqamətdə xüsusi proqram işləyib həyata keçirəcək.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərçivəsində hazırlanıb