Qubadlı Azərbaycanın cənub-qərbində yerləşən, qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən bir diyardır. Bu torpaq əsrlər boyu igid oğullar yetişdirib, vətən sevgisini, azadlıq ruhunu nəsildən-nəslə ötürüb. Qubadlı həm təbiəti, həm insanları, həm də keçdiyi mübarizə yolu ilə Azərbaycanın tarixində xüsusi yer tutur. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra qubadlılılar doğma torpaqlarını tərk etməyə məcbur oldular. Lakin onların ürəyində Vətən sevgisi, doğma el-obaya qayıdış ümidi heç vaxt sönmədi. Hər bir qubadlılı üçün Qubadlı sadəcə bir rayon deyil, azadlıq, dözüm və qürur rəmzi idi. 2020-ci ilin 25 oktyabrında Azərbaycan Ordusunun rəşadətli əsgərləri və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı azad edildi. Bu tarix həm Qubadlı, həm də bütün Azərbaycan xalqı üçün unudulmaz gündür. Qubadlının azadlığı yalnız torpağın geri alınması deyil, həm də 27 illik həsrətin, ədalətsizliyin sona çatması idi. O gün Qubadlının dağlarında, çaylarında və kəndlərində yenidən Azərbaycan bayrağı dalğalandı. Qələbə xəbəri hər bir azərbaycanlının qəlbini fəxrlə doldurdu. Bu gün Qubadlıda həyat yenidən canlanır. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yollar, məktəblər, xəstəxanalar, kəndlər salınır. Qayıdış planı həyata keçirilir, insanlar doğma yurdlarına dönmək üçün səbirsizliklə gözləyirlər. Qubadlı indi həm də yenidənqurmanın, dirçəlişin və gələcəyə inamın simvoluna çevrilib. Qubadlı qələbənin rəmzidir, çünki burada xalqın birliyi, ordunun gücü və vətən sevgisi öz təntənəsini tapıb. Bu torpaq həm də vətənpərvərliyin ünvanıdır. Qubadlının azadlığı bizə göstərdi ki, xalq öz torpağını, azadlığını və müstəqilliyini qorumağa hər zaman qadirdir. Bu qələbə nəsillərə örnək olacaq, Qubadlının adı daim şərəf və qürurla çəkiləcək.
Fənar Qənbərova
YAP Laçın rayon təşkilatının fəal üzvü
Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd orta məktibində müəllim