PDF Oxu

MİA

  • 1 608

Avrasiya nəqliyyat dəhlizləri: MDB marşrutlarının potensialı və Azərbaycan üçün əhəmiyyəti - TƏHLİL

image

SSRİ-nin dağılmasından sonra bu böyük regionda nəqliyyat dəhlizləri baxımsız qalsa da, MDB yarandıqdan sonra onların genişləndirilməsi və yeni nəqlaiyyat şəbəkələrinin yaradılması prosesi başladı. Nəticədə keçmilş SSRİ ölkələrinin ticarət əməliyyatları və transit gəlirləri artdı.

Nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından MDB-nin formalaşdırılması vacib rol oynadı- bu, postsovet ölkələrinə onilliklər ərzində tikilən nəqliyyat sistemlərinin böyük hissəsini qoruyub saxlamağa imkan verib və bu gün onların genişləndirilməsi və yeni şəbəkələrin yaradılması üçün layihələr həyata keçirilir.

Məlumdur ki, MDB ölkələrinin ərazisindən həm regional, həm də beynəlxalq səviyyəli çoxsaylı nəqliyyat marşrutları keçir. Bunların hər biri təkcə region dövlətlərinin həyatında deyil, bütün Avrasiya iqtisadiyyatında mühüm rol oynayır. Məsələn, Şimal Avrasiya Dəhlizi Rusiya vasitəsilə Avropa və Asiyanı birləşdirir və bir sıra regional marşrutları, o cümlədən Trans-Sibir Dəmir Yolu və Uzaq Şərq limanlarına gedən EATL №1 avtomobil yolu Çin və Monqolustan filiallarını əhatə edir.

MDB daxilində bu marşrut Avrasiya quru nəqliyyat əlaqələrinin əsas təminatçısıdır və ümumi beynəlxalq daşımaların 60%-dən çoxunu təşkil edir. Lakin bu dəhliz əsasən dəmir yolu üzərində qurulub, avtomobil nəqliyyatı cəmi 3%-ni təşkil edir.

Digər mühüm marşrut MDB ölkələri vasitəsilə Çin və Qərbi Avropanı birləşdirən (ümumi həcmin təxminən dörddə birini təşkil edir) multimodal Mərkəzi Avrasiya dəhlizidir.

1990-cı illərdə yaradılmış və Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirən və təkcə MDB daxilində deyil, bütün Avrasiyada beynəlxalq yük daşımalarının ümumi həcminin təxminən 20%-ni təşkil edən TRASEKA Beynəlxalq Nəqliyyat Dəhlizi də eyni dərəcədə əhəmiyyətlidir.

Son illərdə Mərkəzi Asiya regionunu Çin, Türkiyə və Cənubi Avropa ilə birləşdirən multimodal Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu getdikcə əhəmiyyət kəsb edir. Üstəlik, burada dəmir yolu deyil, avtomobil nəqliyyatı əsas rol oynayır (ümumi həcmin 65%-dən çoxu). Ermənistan, Qırğızıstan və Tacikistan kimi dağlıq və dənizə çıxışı olmayan ölkələrdə avtomobil yolları ticarətin inkişafı üçün əsasdır.

Eyni zamanda Rusiyanın son illərdə irəli sürdüyü və artıq tamamlanmaqda olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini MDB çərçivəsində nəqliyyat marşrutlarının inkişafı baxımından ən vacib hesab edirlər. O, Avrasiya İqtisadi İttifaqı ölkələri və Mərkəzi Asiya arasında, həmçinin Fars körfəzi ölkələri, Cənubi Asiya və Avropa İttifaqı arasında nəqliyyat əlaqələrini təmin edir. Onun müxtəlif qolları (qərb qolu Azərbaycandan, şərq qolu Qazaxıstan, Özbəkistan və Türkmənistandan keçir, həmçinin Xəzər dənizi vasitəsilə su yolu da var) ona MDB çərçivəsində digər qlobal və regional şərq-qərb nəqliyyat dəhlizləri ilə, o cümlədən Çinin “Bir Kəmər və Yol” təşəbbüsü çərçivəsində qurulan xətlərlə əlaqə yaratmağa imkan verir. Bundan əlavə, bu, Asiya ilə Avropa arasında yük daşınması üçün ən qısa və ən ucuz marşrutdur, məsafəni 40%, kommersiya xərclərini isə 30% azaldır.

Ekspertlər hesab edirlər ki, 2030-cu ilə qədər Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma qabiliyyəti ildə 20-25 milyon tona çatacaq.

2024-cü ilin mayında Qazaxıstan Çin-Qazaxıstan-Özbəkistan marşrutu üzrə özünün “Qarşılıqsız tranzit” layihəsini işə salıb, Belarusun da bu il ərzində bu layihəyə tam qoşulacağı gözlənilir.

2024-cü ilin may ayında “2030-cu ilə qədər MDB-yə Üzv Dövlətlərinin Ərazilərindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizlərinin Optimallaşdırılması və İnkişafı Planı” təsdiq edilib. Planın əsas elementlərindən biri “MDB-nin Beynəlxalq Nəqliyyat Dəhlizinin infrastrukturunun müxtəlif nəqliyyat növləri üzrə inkişafı və istifadəsinin sinxronlaşdırılması”, eləcə də nəqliyyat və logistika qovşaqlarının yaradılmasıdır. Bu onunla əlaqədardır ki, Birlik ərazisindən keçən müxtəlif nəqliyyat dəhlizləri, yuxarıda qeyd edildiyi kimi, özünəməxsus xüsusiyyətlərə malikdir: şimalda dəmir yolu nəqliyyatı, cənubda isə avtomobil nəqliyyatı daha çox inkişaf edir.

Aprelin əvvəlində Moskvada MDB ekspertləri Əsas Nəqliyyat Arteriyalarının İnteqrasiyası Konsepsiyası layihəsini razılaşdırıblar və iyulun 3-də keçirilən ikinci iclasda sənədi təsdiqləyiblər. Sənədə əsasən, təkcə infrastrukturun inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi, standartların unifikasiyası üzrə işlər deyil, həm də MDB iştirakçısı olan ölkələrin nəqliyyat sistemlərinin inkişafı strategiyalarının əlaqələndirilməsi, habelə nəqliyyat və logistika şəbəkələrinin inteqrasiyasına yönəlmiş birgə proqram və layihələrin hazırlanması nəzərdə tutulur.

Gözlənilir ki, bu cür tədbirlər təkcə MDB üzrə nəqliyyat əlaqələrini yaxşılaşdırmayacaq, həm də Birlik çərçivəsində bütün mövcud regional marşrutları hazırda formalaşmaqda olan Avrasiya Nəqliyyat Çərçivəsinə inteqrasiya edəcək. Proqnozlara görə, bu, Avrasiyadakı ticarət balanssızlığını azaldacaq, region ölkələri arasında əlaqəni gücləndirəcək, beynəlxalq daşımaların həcmini (40%) və Birlik ölkələri üçün müvafiq gəlirləri artıracaq (təkcə Mərkəzi Asiya ölkələri üçün ixracın 18% artımı proqnozlaşdırılır) və nəqliyyat xərclərini (15%-ə qədər) azaldacaq.

Bundan başqa, MDB çərçivəsində Avrasiyada Trans-Əfqan Dəhlizi (Özbəkistan-Əfqanıstan-Pakistan), Meridian şossesi (Qazaxıstan sərhədindən Rusiya ərazisi ilə Belarusa), Tacikistan-Əfqanıstan-Türkmənistan, Rusiya-Monqolustan-Çin, Çin-Qırğıxstan-Özbəkistan dəmir yolu dəhlizləri və digər layihələr kimi MDB çərçivəsində yeni nəqliyyat marşrutlarının reallaşdırılması tamamilə mümkündür. Bunlar illərdir müzakirə edilir, lakin hələ də praktiki həyata keçirilməmişdir.

MDB Dəmir Yolu Nəqliyyatı Şurasının iyunda keçirilən 82-ci iclası zamanı təkcə 2024-cü ildə şuraya üzv olan ölkələrdə yük daşımalarının 15%, sərnişin daşımalarının isə 13,4% artacağı açıqlanıb. Bundan başqa, təkcə dəmir yolu ilə 1,6 milyard tondan çox yük və 9 milyondan çox insan daşınıb ki, bu da əvvəlki illə müqayisədə 13% çoxdur. Bu artımın səbəblərindən biri kimi Birlik daxilində nəqliyyat marşrutlarının inkişafı üzrə birgə səylər göstərilib.

MDb-də dəhlizlərin idarə edilməsi mexanizmlərinin işlənib hazırlanması, tarif şərtlərinin əlaqələndirilməsi, rəqəmsallaşmanın həyata keçirilməsi və logistikanın təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Nəqliyyat Dəhlizlərinin İnkişafı üzrə Strateji Qrup yaradılıb. Sadə dillə desək, bu gün bütün MDB üzvləri arasında Birlik çərçivəsində bütün mövcud nəqliyyat marşrutlarının- avtomobil, dəmir yolu, su və hətta hava marşrutlarının genişləndirilməsi və onları Avrasiya regionunda yerləşən beynəlxalq nəqliyyat dəhlizləri ilə əlaqələndirmək üçün birgə işləməyin zəruriliyi barədə tam razılıq var.

Ona görə də etiraf etmək lazımdır ki, Avrasiyadan keçən əksər nəqliyyat marşrutlarının gələcəyi daha çox MDB ölkələrinin fəaliyyətindən asılıdır. Bu həm MDB-yə üzv dövlətlərin coğrafi mövqeyi, həm də son illərdə qlobal ticarətdə baş verən dəyişikliklərlə bağlıdır. Bundan başqa, son illərdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilərsə və MDB-nin əsas nəqliyyat arteriyaları Avrasiya beynəlxalq nəqliyyat dəhlizləri ilə birləşdirilərsə, onların ümumi səmərəliliyi kəskin şəkildə artacaq, region dövlətlərinin sosial-iqtisadi inkişafı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Qeyd etmək lazımdır ki, əlverişlik coğrafi mövqeyə malik olan, yaxşı təşkil olunmuş avtomobil və dərmiryol xətlərinə malik olan, həmçinin Xəzər dənizi vasitəsilə qonşu ölkələrə və dünya okeanına çıxışı olan Azərbaycan bu qlobal nəqaliyyat dəhlizlərinin əsas ölkələridən biridir. Ölkəmiz bu dəhlizlər vasitəsilə həm öz ticarətini genişləndirmək, həm də böyük tranzit gəlirlər əldə etmək imkanı qazanır. Bu isə ölkəmizin iqtisadi və siyasi nüfuzunu artırır. Həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin keçdiyi əsas ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz burada Avrasiyanın nəqliyyat qovşağına çevrilir və bu da son dərəcə güclü dividentlər vəd edir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər