PDF Oxu

Siyasət

  • 575

Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətlər və qarşılıqlı etimad prinsipləri əsasında daha inamla davam etdirilir ŞƏRH

image

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Təməli Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulan, hər iki ölkənin dövlət və hökumət başçıları tərəfindən davam etdirilən qarşılıqlı səfərlər, parlament diplomatiyaları, imzalanan sənədlər nəticəsində daha da möhkəmlənən əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Xüsusilə vurğulamaq lazımdır ki, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan arasındakı mehriban qonşuluq münasibətləri beynəlxalq münasibətlər sistemi üçün ən gözəl nümunə sayıla bilər. İstər regional, istərsə də Avropanı əhatə edən mühüm layihələrin icrasında Azərbaycan və Gürcüstanın birgə iştirakı, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələri hər iki dövlətin yaxın dost, strateji müttəfiq olduqlarını təsdiqləyir. Xatırladaq ki, İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.

Yanvarın 17-də yeni formalaşan Gürcüstan hökumətinin Baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini Bakıya etməsi Gürcüstan üçün Azərbaycanın mühüm ölkə olduğunu və hər iki dövlətin bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında eyni siyasi maraqlara malik olduqlarını göstərir. Aparılan danışıqlardan sonra Prezident İlham Əliyevin və İrakli Kobaxidzenin mətbuat üçün bəyanatlarında mühüm məqamlara toxunulub. İlk növbədə, Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında mövcud olan siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini diqqət mərkəzinə çəkdi.

İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyil. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim hazırkı siyasi əlaqələrimiz bütün ölkələr üçün nümunə ola bilər. İqtisadi sahədə də yaxşı nəticələr mövcuddur. Təkcə onu qeyd edək ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. İqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb.

Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti bu reallıqlara yönəldərək bildirdi ki, xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar.

Digər bir vacib məqama diqqət edək. Hər iki dövlət, Azərbaycan da, Gürcüstan da uzun illər separatçılıqdan ziyan çəkib, ağır faciələrlə, təsirlərlə üzləşib. Azərbaycan torpaqları 30 ildən artıq düşmən tapdağı altında qalıb və dövlətimizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan xalqı, Azərbaycan Ordusu böyük qəhrəmanlıq, birlik nümayiş etdirərək, öz torpaqlarını düşməndən azad edib. Ancaq Gürcüstan torpaqları Abxaziya, Asetiya bu gün hələ də separatçıların əlindədir və Gürcüstan bir çox xarici təsirlərə məruz qalmaqdadır. Azərbaycanın nümunəsi, Azərbaycan Prezidentinin balanslaşdırılmış siyasəti, dünya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə göstərilən səylər, eləcə də əldə edilən nailiyyətlər bu gün nəinki Gürcüstan üçün, həmçinin dünyanın bir çox dövlətləri üçün bir nümunədir. Çox yaxşı haldır ki, gürcü xalqı, Gürcüstan rəsmiləri bu nümunələrə, Azərbaycanın siyasi kursuna böyük önəm verir və bundan bəhrələnmək əzmindədirlər.

Təkcə onu xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev Gürcüstana bir dövlət, bir rəsmi, doqquz işgüzar səfər edib. Bütün bunlar da onu göstərir ki, Azərbaycan-Gürcüstan həmişə bir-birilərini münasibətdə, beynəlxalq nüfuzlu təşkilatlarda müdafiə etmişlər və hər zaman qarşılıqlıdır. Gürcüstanın Baş nazirinin Azərbaycanda olması və İlham Əliyevə müraciətdə "Siz hamımıza nümunəsiz, biz sizdən öyrənirik" ifadələri onu göstərir ki, qonşu dövlətlərin hər biri Azərbaycana dəyər verir, dövlət başçısının qətiyyətini təqdir edib, təcrübəsini qəbul edir, münasibətdə Azərbaycanı özünə ən yaxın, səmimi dövlət kimi qəbul edir. Azərbaycan-Gürcüstan arasında münasibətlər təkcə iki dövlət arasında deyil, Cənubi Qafqazda sülh və əmin-amanlığa xidmət edən siyasətdir. Azərbaycan arzu edir ki, Ermənistanda sülh müqaviləsinə imza atmaqla Cənubi Qafqazı "Qafqaz evinə" çevirsin və burada sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Beləliklə Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini Azərbaycana etməsi, aparılan uğurlu danışıqlar və əldə edilən razılaşmalar bir daha sübut edir ki, Gürücstan və Azərbaycan tarix boyu olduğu kimi, yenə də mehriban qonşuluq və strateji siyasət kursuna sadiqdirlər. Bu səfər həm də ölkələrimiz arasında faydalı əməkdaşlıq üçün yeni bir səhifənin açıldığını göstərir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər