Bu gün həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələrdən biridir. Qarabağın azadlığından, ölkəmizin suverenliyinin bərpasından sonra bu diqqət daha da artıb. Hazırda bir çox ölkələr Qarabağda həyata keçirilən yenidənqurma və abadlıq işlərinə qoşulublar. Bu prosesin özü də hər zaman iqtisadi tərəfdaşlıq baxımından cəzbedici olan Azərbaycana olan marağı hər il getdikcə artırmaqdadır.
Əlbəttə, bütün bu sadaladıqlarımız həm də yeni tərəfdaşlar və yeni layihələrin reallaşması deməkdir. Bu mənada həm imkanlarımızın, həm də uğurlarımızın təqdimatı üçün, yeni tərəfdaşlar tapmaq üçün və ən əsas da ölkəmizin potensialının daha detallı təqdimatı üçün Davos İqtisadi Forumu ciddi tribunalardan biridir. Bu Forum təkcə iqtisadi əhəmiyyətə malik deyil, həm də böyük siyasi əhəmiyyətə malikdir. Bu nöqteyi-nəzərdən Davos Forumunda müzakirələr, təqdimatlar, bəyanatlar üçün mükəmməl, vacib tribunadır, platformadır. Azərbaycan isə heç şübhəsiz ki, bu platformadan maksimum yararlanmağa çalışır.
Bu Forum Azərbaycan üçün öz potensialını nümayiş etdirmək və beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirmək üçün bir meydandır. Hazırda dünyada çox müzakirə edilən yaşıl enerji, tranzit və texnologiyalar sahəsindəki nailiyyətlərin vurğulanması Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasının göstəricisidir. Bu sahədə Azərbaycan dünya ölkələrinə nümunə olan dövlətdir. Azərbaycanın Davos-2025-də fəal iştirakı, qlobal əməkdaşlıq platformasına çevrilərək ölkənin strateji hədəflərinin reallaşması üçün mühüm bir qapı açır. Bu Forumda irəli sürülən təşəbbüslər yalnız Azərbaycanın iqtisadi inkişafına deyil, həm də beynəlxalq aləmdə siyasi-ictimai mövqeyinin güclənməsinə əhəmiyyətli təkan verəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrədə keçirilən Davos İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Sayca 55-ci olan Dünya İqtisadi Forumunda bir çox dövlət və hökumət başçısı, nüfuzlu beynəlxalq təşkilatların və şirkətlərin rəhbərləri iştirak ediblər. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində keçirdiyi görüşlərdə və öz çıxışlarında həm də dünya birliyini narahat edən məsələlər barədə danışıb. Bu da təbiidir. Çünki bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi mövqeyinə malikdir. Bu isə o deməkdir ki, Azərbaycan Prezidenti həm də bölgədə lider mövqeyində olan güclü ölkə rəhbəri kimi kifayət qədər məsuliyyətli mövqe nümayiş etdirir.
Bu gün texnologiyanın səmərəliliyini artırmaq, davamlılığı təşviq etmək və beynəlxalq ticarətdə inklüzivliyi təşviq etmək əsas istiqamətlərdən biridir. Ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Digər əhəmiyyətli məsələ də aşağı karbonlu iqtisadiyyatın maliyyələşdirilməsi dövrümüzün müəyyənedici problemlərindən biridir. Azərbaycan bu istiqamətdə kapital və biznes sahəsində önəmli layihələrlə çıxış edir. Davos İqtisadi Formunun siyasi əhəmiyyəti də böyükdür. Forum siyasətçilər, dövlətlər, qeyri-dövlət aktorları, sosial tərəfdaşları cəmləyən bir forumdur.
Avropanın enerji təhlükəsizliyində də Azərbaycanın mövqeyi getdikcə güclənir. 2024-cü ildə Cənubi Qaz Dəhlizi vasitəsi ilə 12 milyard kubmetr qaz ixrac edən Azərbaycan Avropa İttifaqı ölkələrinin Rusiyanın enerji mənbələrindən asılılığını azaltmaq üçün əsas vasitəyə çevrilib. Davosda müzakirə edilən yeni razılaşmalar, qaz təchizatını artırmaqla yanaşı, ixrac coğrafiyasını genişləndirə bilər ki, bu da Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirəcək. Çünki dünya ölkələri yanacaq qıtlığı ilə qətiyyən qarşılaşmaq istəməz və enerji çatışmazlığını böyük problem hesab edirlər. Azərbaycan isə on Avropa ölkəsini bu problemdən xilas edir. Təbii ki, bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq səviyyədə dəstəklənir və ölkəmizə hörmət qazandırır.
Digər bir baxımdan, Davos Forumu həm də Azərbaycanın zəngin mədəni irsini dünyaya təqdim etmək üçün əlverişli imkandır. Milli incəsənətimizin, musiqimizin, folklorumuzun, mətbəximizin və digər ənənələrimizin nümayiş etdirilməsi, ölkənin beynəlxalq arenada mədəni imicinin formalaşmasına xidmət edir. Bu cür təşəbbüslər təkcə diplomatik əlaqələri gücləndirməklə kifayətlənmir, həm də Azərbaycanı mədəni və turizm mərkəzi kimi tanıdaraq onun cazibədarlığını artırır. Qarabağın və Şərqi Zəngəzurun bərpası fonunda qədim Azərbaycan tarixinin, ədəbiyyatının, qədim ənənələrimizin, mədəniyyətimizin dünyaya tanıdılması, Cənubi Qafqazda ölkənin regional lider kimi mövqeyini daha da möhkəmləndirir. Beləliklə, bir faktdır ki, Davos Forumu hər il Azərbaycan üçün yeni tərəfdaşlar qazandıran mühüm platformadır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri