PDF Oxu

Siyasət

  • 825

ZƏNGƏZUR DƏHLİZİ: Azərbaycandan Azərbaycana keçid

image

1988-1993-cü illərdə Ermənistan Azərbaycana qarşı tamah dişini qıcayanda və bir-birinin ardınca torpaqlarımızı işğal edəndə Naxçıvan üçün də olmazın çətinlikləri yarandı. Çünki muxtar respublikanın işğalı da düşmənin baş planında əsas yer alırdı. Başlanğıc olaraq artıq 88-89-cu illərdə Bakı-Naxçıvan qatarlarında hər gün yeni-yeni hadisələr törədilırdi. Qatarlar əvvəlcə daş yağışına tutulur, daha sonra isə gülləbaran edilirdi. Vaqonlar, pəncərələri deşik-deşik idi, yaxud da pəncərə şüşələri tamamilə qırılıb tökülmüşdü, yerinə nazik taxta lövhələr vurulmuşdu. Maşinistlər iki gündən bir döyülüb, təhqir edilirdi. Sərnişinlərin taleyi təhlükə altında idi və bu, ozamankı Azərbaycan rəhbərliyini əsla narahat etmirdi. Lakin naxçıvanlılar yenə də qatarlardan istifadə etmək məcburiyyətində idilər. Çünki paytaxt Bakıya bu nəqliyyat vasitəsi ilə gedib-gəlmək ucuz başa gəlirdi və odövrkü iqtisadiyyatı tənəzzülə uğramış ölkənin unudulmuş regionu olan Naxçıvanın əhalisi çox kasıb vəziyyətdə yaşadığı üçün həyatları təhlükə altında olsa da, bu nəqliyyatdan istifadə edirdilər.

Ermənistan ərazisindən Naxçıvana gələn elektrik enerjisi mütəmadi kəsilir, qaz kəməri partladılırdı. Nəticədə isə bu yerin əhalisi həftələrlə, aylarla işıqsız, qazsız qalır, qış aylarında Naxçıvanın sərt kontinental iqlimində soyuqdan donurdu. Elektrik enerjisinin kəsilməsi zavod, fabriklərin fəaliyyətinin dayanmasına, iş yerlərinin bağlanmasına, əhalinin aclıq, səfalətlə üzləşməsinə, xüsusilə isə informasiya blokadasına salınmasına səbəb olmuşdu. Əhali ölkədə olan hadisələrdən bixəbər yaşayırdı.

Prezident İlham Əliyev həmin günləri belə xatırlayır: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq.

Sonrakı illərdə Naxçıvanın vəziyyəti daha da ağırlaşdı. Çünki Ermənistan Azərbaycanın əzəli torpaqlarından muxtar respublikaya gedən quru yolu tamamilə bağlandı və Naxçıvan ağır blokada vəziyyətinə salındı. Qarabağın işğalı ilə yaşıd olan Naxçıvan blokadasının yarılması, insanların acınacaqlı vəziyyətdən çıxarılması üçün Ulu Öndər əhəmiyyətli işlər həyata keçirdi. Bir sözlə, həmin dövrdə Heydər Əliyev Naxçıvanda olmasaydı, Naxçıvan tamamilə məhv olacaq, əhali isə olmazın müsibətləri ilə üz-üzə qalacaqdı.

Qarabağ 2020-ci ildə işğaldan azad edildi. Bu Zəfər Naxçıvanla bağlı yol məsələsinə də yeni bir işıq saldı. Lakin baxmayaraq ki, aradan 4 ildən artıq vaxt keçir, Ermənistan hələ də 10 noyabr bəyannaməsində üzərinə götürdüyü öhdəliyə riayət etmək istəmir. Bu barədə yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezidenti İlham Əliyev də çıxışında bəhs edib: Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur.

Düzdür, Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını biz müxtəlif yollarla təmin edirik. İlk növbədə, İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir, digər imkanlarımız da var. Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır. Prinsip etibarilə Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər, amma ən rahat yol və imkan olduğu halda, əlbəttə ki, bu məsələ prioritet təşkil edir. Bununla belə, biz görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı baypas edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq.

Naxçıvanla bağlı doqquzuncu bənd

Qarabağ torpaqlarının işğalı ilə eyni zamanda başlanan Naxçıvan blokadası torpaqların azad olunması ilə də aradan qaldırılmalı idi. Naxçıvan da Qarabağ torpaqları kimi, həsrət qaldığı anası Azərbaycanın qoynuna sığınmalı, uzun illərin həsrəti sona yetməli idi. Çünki həm Qarabağ, həm də Naxçıvan üçün günahkar Ermənistan idi. Azərbaycanın böyük Zəfəri ilə əslində onlar Naxçıvanla bağlı 10 noyabr Bəyanatındakı doqquzuncu bəndlə üzərinə öhdəlik götürmüşdü.

Bəyanat qəbul edilən gün ölkə Prezidentinin xalqa müraciətindən: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir”.

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə dövlətimizin başçısının qətiyyətli fikirləri bu məsələnin ciddiliyini bir daha ortaya qoydu və Ermənistana yeni bir mesaj verdi, tarixi həqiqətləri xatırlatdı: İkinci körpü də inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.

Zəngəzur dəhlizi Naxçıvanın blokadasına son qoyacaq

2020-ci ilin payızında, 44-cü gündə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Vətən müharibəsi qələbə ilə nəticələndi. 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanat isə ondan bir gün öncəki qələbənin üzərinə bir qələbə də əlavə etdi. Ermənistan kapitulyasiya aktını imzalamaqla təslim olduğunu bildirdi. Beləliklə, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, itkisiz Azərbaycana qaytarıldı. Bəyanatın 9-cu bəndi isə Naxçıvanın blokadadan çıxması üçün cənab İlham Əliyevin təkidi ilə bir maddə olaraq sənədə salındı.

Baxmayaraq ki, Ermənistan bəyannamədə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən hələ də boyun qaçırır, lakin buna baxmayaraq Naxçıvanı ölkə ilə birləşdirəcək dəhlizin açılması üçün xeyli vaxtdır ki, tədbirlər görülür.

Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi bütün region üçün əlverişli xarakter daşıyacaq. Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin etməklə yanaşı, həm də bütün Orta Dəhliz ölkələri üçün mühüm əhəmiyyətə malik olacaqdır. Bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək.

Həm nəqliyyat, həm də elektrik enerjisi üçün nəzərdə tutulmuş bu dəhlizdən Ermənistan ağılsızlığı ucbatından kənarda qala bilər. Kimlərinsə dəstəyi olmadan var olmadığı ötən illər ərzində sübuta yetən işğalçı dövlətin dəhlizdən də özünü məhrum edərsə, tarixi bir peşmanlıq yaşayacağı sözsüzdür.

Bu, bir reallıqdır ki, Zəngəzur dəhlizi açılacaq və Naxçıvan blokadası tamamilə sana çatacaq. İllərlə bu blokadanın yarılmaması üçün can-başla çalışan ermənilərin əllərindən gələni etmələrinə rəğmən dəhliz açılacaq. Dövlətimizin başçısının dediyi kimi, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq.

Və dövlətimizin başçısının iki gün öncə vurğuladığı fikirlərini bir daha xatırlayaq: Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.

Mətanət Məmmədova

Digər xəbərlər