Bugünkü güclü və qüdrətli Azərbaycan cümhuriyyətin varisidir
Tarixi reallıq ondan ibarətdir ki, Azərbaycan xalqı çətin, keşməkeşli həyat yaşasa da, öz dövlətçiliyini quraraq onu yaşatmağı, dünyanın bir hissəsinə çevirməyi bacarmışdır. Baxmayaraq dövlətin qurulması ilə xarici müdaxilələrin, təzyiq və təhdidlərin də miqyası artmışdır. Lakin Azərbaycan xalqı heç zaman xarici təhdidlərə, təzyiqlərə boyun əyməmiş, birlik və bərabərlik nümayiş etdirməklə xarici müdaxilələrə qarşı mübarizə aparmışdır. Şimal qonşumuz olan Rusiya və onun bölgəmizdə yerləşdirdiyi erməni toplumu daim Azərbaycan dövlətinə və xalqına qarşı qəsd fəaliyyəti göstərib. Lakin istər Rusiyanın, istərsə də onun əlaltısı rolunda çıxış edən erməni toplumu xalqımızın inadını qıra bimədi. Bununla belə Rusiyanın Azərbaycan torpaqları hesabına ərazisini bir qədər də genişləndirmək siyasəti daim mövcud olub. Qacarlarla Rusiya imperiyası arasında gedən müharibədə ikinci qalib gəldi. Bununla da Azərbaycan Şimal və Cənub olmaqla iki yerə parçalandı. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan Rusiya və Qacarlar arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarlara verildi. Rusiya Azərbaycanın şimalını işğal etməklə ciddi müstəmləkə və amansız işğal rejimi yaradaraq onu özünün əyalətlərindən birinə çevirməyə çalışırdı. Xanlıqla tədricən ləğv edilir və Rusiyanın üsul-idarəsi yaradılırdı. Gəncə, Qarabağ, Şəki, Bakı, Quba və Şamaxı xanlıqlarının ləğv edilməsinin ardınca Şəki və Lənkəran xanlıqlarında da xan üsuli-idarəsi ləğv edildi. Azərbaycanda mərkəzi şəhəri Şuşa olan "Müsəlman əyalətləri rəisliyi" yaradıldı. Keçmiş xanlıqlar və sultanlıqlar əyalətlərə və dairələrə çevrilmiş, 6 əyalət - Bakı, Quba, Şəki, Şirvan, Qarabağ və Talış, 2 dairə - Yelizavetpol və Car-Balakən, 2 distansiya - Qazax və Şəmşəddil təşkil edilmişdi. Əyalət və dairələrin də başında çar zabiti dururdu. Bu, komendant idarə-üsulu adlanırdı. Qafqazın baş komendantı tərəfindən təyin olunan həmin komendantların bəylərə torpaq bağışlamaq, yaxud geri almaq, həmçinin, digər siyasi-inzibati hüquqları var idi. Ümumiyyətlə, yerlərdəki komendantlar mütləq hakim hesab olunurdular. Onların təkcə ölüm hökmü vermək hüquqları yox idi. Əyalətlər xanlıqlar dövründə olduğu kimi, mahallara bölünürdü. Mahalların başında komendantların yerli bəylərdən təyin etdiyi mahal naibləri dururdular. Mahal naibləri vergiləri kəndlər arasında bölüşdürür, camaatı vergiləri vaxtında ödəməyə məcbur edir, kəndlilər arasında baş verən mübahisə və dava-dalaş doğuran məsələləri həll edirdilər. Kəndləri isə kəndxudalar idarə edirdilər. Onların hər birinin yanında bir neçə onbaşı və yasovul olurdu. Mahal naibləri və kəndxudalar dövlət xəzinəsindən maaş almırdılar. Onlar vergilərin bir qismini özlərinə götürür, yaxud da komendant onlara boş torpaq və həmin torpaqları becərmək üçün rəncbərlər bağışlayırdı. Komendant üsuli-idarəsi camaatı ağır istismara, zülmə və özbaşınalığa məruz qoyurdu. Həm komendantlar, həm də onların təyin etdikləri mahal naibləri vergi toplayarkən zorakılığa yol verir, camaatı soyurdular. Komendantlar onun bir sözünü iki edənlərlə, itaət göstərməyənlərlə amansız rəftar edirdilər. Lənkəran komendantının bu əyalətin bir neçə sakinini suda boğdurması faktı məlumdur. Hətta çar məmurlarının özləri də komendantların zorakılığını etiraf etməyə məcbur olmuşdular: "Dairə rəisləri, komendantlar və başqa başçılar mənfəətpərəstlik və qızğın özbaşınalıq əsasında hərəkət etmişlər". Rusiya azərbaycanlılar arasında sünni-şiə təfrişəsini qızışdırır, "parçala-hökm sür" siyasəti yeridirdi. ABŞ tədqiqatçısı T.Svyatoçovksinin araşdırmalarına və 1848-ci ilin statistik məlumatlarına görə, şiələrlə sünnilərin say nisbəti hələ ki eyni olub, təqribən, 50:50 nisbətində idi. Bundan fərqli olaraq, 1860-cı illərdəki məlumatda sünnilərin sayının xeyli azaldığı göstərilirdi. Əhalinin say nisbəti sonradan elə bir səviyyədə sabitləşdi ki, bu zaman Arazın şimalındakı azərbaycanlı əhali arasında Cəfəri məzhəbindən olan şiələr açıq-aşkar ikinin birə nisbətində üstünlük təşkil etdilər.
AXC 23 ay yaşamasına baxmayaraq, qısa müddətdə həyata keçirilən tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır
Zaqafqaziyanın işğalı əhalinin nəinki təriqətçi etiqadını, hətta etnik tərkibini də dəyişdi. 1834-cü ildə imperator tərəfindən verilən bir fərmana görə, əvvəlki İrəvan və Naxçıvan xanlıqları ərazisinin daxil olduğu erməni oblastı (əyaləti) yarandı ki, bu da bəziləri tərəfindən Şərqi Ermənistanın qədim torpaqlarının ermənilərə qaytarılması aktı kimi qiymətləndirildi. Corc Bornutian tərəfindən aparılmış son tədqiqat təsdiq edir ki, Rusiya işğalından qabaq ermənilər Şərqi Ermənistanın bütün əhalisinin, təxminən, 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiyaya birləşdirildikdən sonra İrandan və Osmanlı imperiyasından 57000 enməni mühaciri axışıb gəldi və 35000 müsəlman isə Şərqi Ermənistanı tərk etdi. Bununla əlaqədar 1832-ci ildə ermənilər əhalinin yarısını təşkil edirdilər. Erməni mühacirləri, əsasən, xəzinəyə tabe olan torpaqlarda məskunlaşırdılar, lakin bəzi hallarda müsəlmanların torpaqlarını əllərindən almaqla onları öz yerlərindən didərgin salırdılar ki, bu da özündə etnik gərginlik potensialı daşıyırdı. Diqqətəlayiq cəhətlərdən biri o idi ki, uzun müddət ərzində hər iki qrup arasındakı münasibətlər geniş zorakılıq hallarından azad idi. Bu xristian mühacirlər Avropa köçkünləri deyildilər, onlar sadəcə olaraq, tanış Yaxın Şərq mühitindən olan gəlmələr idilər. Erməni əhalisinin cəmləşdiyi və əsrlərlə formalaşaraq əhalinin xeyli hissəsini təşkil etdiyi digər ərazi Qarabağ idi. 1830-cu illərdəki Rusiya məlumatlarına görə, burada 35000 müsəlmana qarşı 12000 erməni yaşayırmış. Ermənilər keçmiş Qarabağ xanlığının dağlıq hissəsində məskunlaşmışdılar. 1845-ci ildə Qarabağdakı vəziyyət haqqında məlumat verərkən, bir ordu zabiti rus məmurlarının ermənilər haqqındakı rəyini belə yekunlaşdırırdı: "Ermənilər Rusiya hökumətinə sadiqdirlər və sözsüz, bizə heç vaxt xəyanət etməzlər. Onlar dinc həyat sürürlər, ara-sıra təsadüf olunan mənfi halları nəzərə almasaq, quldurluqla işləri yoxdur: bütün ermənilərə xas olan naqis cəhətlərə, aldatmağa, tamaha və hər cür şübhəli işlərə qurşanmağa güclü meyil Qarabağ erməniləri üçün də səciyyəvidir". Bütün cəhdlər baxmayaqraq müstəqil yaşamaq ənənələrinə malik olan Azərbaycan xalqı milli mücadiləyə qalxdı. Nəticədə uzun mübarizədən sonra Azərbaycanın demokratik qüvvələri, siyasi xadimləri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Bütün Şərq və türk-İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yaradıldı. Müsəlman Şərqində ilk demokratik respublikanı-Azərbaycan Xalq Cümhuriyyətin yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycan Xalq Cümhuriyyəti özündə demokratik dəyərləri, eləcə də Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən bir dövlət və cəmiyyət nümunəsi idi.
Cəmi 23 ay yaşamasına baxmayaraq, qısa müddətdə həyata keçirilən tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli-göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. Cümhuriyyət yaranan zaman təhsilli milli kadrlara böyük ehtiyacı var idi və bu, ali təhsil müəssisəsinin açılmasını vacib hesab edirdi. Təbii ki, dövlət quruculuğu işlərində milli kadrların olması mühüm amillərdən biridir. 1919-cu ildə Bakı Universiteti yaradıldı və hazırda Bakı Dövlət Universiteti ən böyük ali təhsil ocaqlarımızdan biridir. AXC-nin parlamentinin ikinci iclasında işləyən qadınlar üçün xüsusi güzəştlərə baxıldı: qadın sağlamlığı üçün zərərli işlərdən kənar edilmə, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət, ananın iş yerində uşaq müəssisələrinin təşkili, xəstəlik dövründə dərman və əmək haqqının müəssisə sahibinin hesabına ödənilməsi. Eyni zamanda, qadınlar üçün qısa müddətli müəllimlik kursları, peşə-ixtisas kurslarının açılması, uşaq bağçalarının sayının artırılması məsələləri öz həllini tapdı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi. Xalq Cümuhiriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirik. Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır. 1920-ci il aprelin 27-də XI Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda "Müsavat"ın gizli mərkəzi yaradıldı. Onun özü isə Lahıcda gizləndi. Rəsulzadə qırmızı istiladan sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dövründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğuna inandığını bildirirdi. M.Ə.Rəsulzadə bolşeviklər tərəfindən həbs olunsa da, sonradan Stalinin göstərişi ilə azad edilmişdir. M.Ə.Rəsulzadə AXC qurucularından biri olmaqla yanaşı, həm də yazıçı-publisist idi. Onun mühahcirət dövründə "Yeni Qafqasya" (1923), "Azəri Türk" (1928), "Odlu yurd" (1929), "Qurtuluş" (1934), "Müsavat bülleteni" (1936), "Azərbaycan" (1952) jurnallarını, "İstiqlal" (1932) qəzetini nəşr etdirmişdir. Rəsulzadə Ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. 1955-ci il, mart ayının 6-da Ankarada vəfat etmiş və həmin şəhərin Əsri qəbiristanında dəfn olunmuşdur.
“Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövrdə böyük işlər görmüşdür”
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra AXC-nin təcrübəsindən də faydalanmış və cümhuriyyət qurucularının fəaliyyətini yüksək qiymətləndirən qərarlar, Sərəncamlar verilmişdir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Həmin Sərəncamdan irəli gələn vəzifələri icra edən Azərbaycan tarixçiləri qısa müddətdə AXC-nin zəngin irsinin öyrənilməsi istiqamətində böyük işlər gördülər. İlk dəfə Cümhuriyyətin daxili və xarici siyasəti ilə bağlı sanballı monoqrafiyalar və sənəd topluları hazırlandı. Müxtəlif ölkələrin arxivlərində saxlanılan və bilavasitə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif məsələlərinə həsr olunmuş sənədlər də Azərbaycana gətirilərək, elmi dövriyyəyə cəlb edildi. Xüsusilə qeyd etmək lazımdır ki, bu sənədlər təkcə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü deyil, müstəqilliyə gedən yolda Azərbaycan milli hərəkatının keçdiyi çətin, lakin şərəfli yolu özündə ehtiva edirdi.
1998-ci il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycanın Ulu Öndəri Heydər Əliyev çıxış edərkən bildirmişdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən 80 il dörd mərhələyə bölünə bilər: birinci - 1918-1920-ci illər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci - 1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim olduğu illər; üçüncü - 1922-1991-ci illər, Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövr. Dördüncü dövr 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illərdir. Bu mərhələlərin hər birinin tarixdə özünəməxsus yeri, Azərbaycan tarixində mənası, mahiyyəti və əhəmiyyəti vardır.Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də "İstiqlal Bəyannaməsi"nin elan olunması ilə yaranmışdır. Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur.Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada Oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Moskva hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin hamısı birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait təmin etmişdir. Amma eyni zamanda belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər. Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar. Biz o dövrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin inkişafında böyük xidmət göstərmiş insanları da nəzərə almalıyıq və onların - Azərbaycanın görkəmli mədəniyyət, incəsənət, ictimai xadimlərinin xidmətlərini də bu münasibətlə qeyd etməliyik. Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər”.
Dahi Öndərimiz Heydər Əliyev çıxışında onu da bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövrdə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsasən dövlət, hökumət yaratmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin əsasını qoymuşlar, həm də Azərbaycanda demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsasını qoymuşlar. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər: “Bu gün, bu bayram günü Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyətini təmin edənlərin hamısını böyük minnətdarlıq hissi ilə yad edirik. Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq Cümhuriyyətinin yaradıcıları - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Xalqımız onların xidmətlərini bu gün minnətdarlıq hissi ilə yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.
Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət daşıdığını hər zaman vurğulamış və müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılmasını böyük tarixi nailiyyət adlandırmışdır. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirmiş və onun 23 aylıq fəaliyyəti dövründə gördüyü işlərin, qəbul etdiyi qanunların AXC-nin çoxsaylı uğurlarından olduğunu söyləmişdir: “Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək”.
Bugünkü güclü və qüdrətli Azərbaycan AXC-nin varisidr. Biz böyük qürur və rəşadətlə işıqlı ziyalılarımızın, dövlət adamlarımızın arzularını, istəklərini böyük qətiyyət və əzmlə həyata keçiririk. Bu uğurları və nailiyyətləri bizə bəxş edən isə xalqımızın Dahi Lideri Heydər Əliyevdir. Nə qədər Azərbaycan dövləti və xalqı var Ulu Öndərimiz Heydər Əliyevin ideya və təklifləri, əsasını qoyduğu siyasət də yaşayacaq.
İLHAM ƏLİYEV