PDF Oxu

Siyasət

  • 1 091

BMT Ümumdünya Dinlərarası Harmoniya Həftəsinə start verib

image

Ümumdünya Dinlərarası Harmoniya Həftəsi 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən təsis olunduqdan sonra fevral ayının ilk həftəsində qeyd olunan illik tədbirdir. Baş Assambleya qarşılıqlı anlaşma və dinlərarası dialoqun sülh mədəniyyətinin mühüm ölçülərini təşkil etdiyinə diqqət çəkib və inancından asılı olmayaraq bütün insanlar arasında harmoniyanı təşviq etmək üçün tədbirlər təşkil edir. SİA xəbər verir ki, bu il Ümumdünya Dinlərarası Harmoniya Həftəsi "Sülh naminə birləşək" devizi altında keçirilir.

İnsanlar arasında qarşılıqlı anlaşma, harmoniya və əməkdaşlığı gücləndirmək üçün müxtəlif dinlər arasında dialoqun zəruri olduğunu qeyd edən Baş Assambleya bütün dövlətləri dinlərarası harmoniya və xoşməramlılıq mesajını dünyanın kilsələrində, məscidlərində, sinaqoqlarında, məbədlərində və digər yerlərdə yaymağa təşviq edir. Fevralın 7-dək davam edəcək tədbirlər çərçivəsində insanlar könüllü olaraq öz dini ənənələrinə və ya əqidələrinə uyğun olaraq ibadət edəcəklər, ünsiyyət quracaqlar.

Sülh mədəniyyətini və zorakılığa qarşı mübarizəni təşviq etmək üçün nəzərdə tutulan Ümumdünya Dinlərarası Harmoniya Həftəsi (WIHW) ilk dəfə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatında İordaniya Kralı II Abdullah tərəfindən təklif edilib və BMT Baş Assambleyası tərəfindən tez bir zamanda qəbul olunub (Qətnamə A/RES/65/ 5). Bu çərçivədə hökumətlərə, institutlara və vətəndaş cəmiyyətinə WIHW məqsədlərinin təşviqi üzrə müxtəlif proqramlar və təşəbbüslərlə çıxış etmək tövsiyə olunur.

BMT qeyd edir ki, xalqların sağlamlığına və rifahına mənfi təsir göstərən gələcək pandemiyalar və təbii fəlakət hadisələrinin davam etməsi ehtimalı var. Bu problemlər təcili həll edilmədikcə, artıq mövcud bərabərsizliklər artmaqda davam edəcək.

Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində dinlərarası dialoqun təşviqində mühüm rol oynayır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dinlərarası hörmət və etimad, etiqad azadlığının təmin edilməsi siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsidir ki, ölkəmizdə tolerant dəyərlər ciddi mühafizə olunur. Azərbaycanda bütün dini inanclara, onların dini ayinlərinə hörmətlə yanaşılır, bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub-saxlanılır. Hazırda Azərbaycanda 33 qeyri-müsəlman dini icması fəaliyyət göstərir ki, bu da çox böyük göstəricidir. Bununla yanaşı, ölkəmiz dinlər və mədəniyyətlər arasında dialoqun təmin edilməsi üzrə mötəbər beynəlxalq forumlara ev sahibliyi edir, dünyanın müxtəlif dinlərə mənsub olan xadimlərini bir araya gətirir.

Digər xəbərlər