PDF Oxu

Siyasət

  • 1 296

Zəfər yürüşü

image

Füzuli şəhərinin erməni işğalından azad olunmasından beş il keçir.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi.Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu.Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.Bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar.2021-ci il yanvarın 14-də təməli atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da bu aeroportdan istifadə edirlər.Füzuli rayonunun azad edilmiş ərazilər üçün rolu və əhəmiyyəti təkcə hava limanının inşası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun, o cümlədən Şuşanın azad edilməsinə doğru aparan Zəfər yolu məhz Füzulidən başlayır. Qəhrəman əsgərlərimizin faktiki olaraq yolsuzluq şəraitində irəliləyərək addım-addım canları və fədakarlıqları bahasına açdıqları cığırın üzərində Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, eləcə də Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası rayonun Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və məskunlaşması üçün hansı önəm daşıdığını əks etdirir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər