2020-ci ilin 20 oktyabr günü xalqımızın, xüsusilə zəngilanlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki oktyabrın 20-si Zəngilanın Ermənistan Silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən önəmli qələbələrindən biri də Zəngilan şəhərinin işğaldan edilməsi oldu. 2020-ci ilin oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, rayonun bir çox kənd və qəsəbələrinin işğaldan azad edildiyini elan etdi. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi. Qızğın döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Prezident İlham Əliyev 2 ay sonra – 2020-ci il dekabrın 23-də Zəngilanın mərkəzində Azərbaycan bayrağını ucaltdı. Zəngilanın azad olunması yalnız hərbi qələbə ilə yekunlaşmadı. Zəngilan həm də “Böyük Qayıdış Proqramı” nın ilk mərhələsində bərpa olunan ərazilərdən biri oldu. Beləliklə, Zəngilanda yeni inkişaf mərhələsi başladı. “Böyük qayıdış” proqramının ilk pilot layihəsi Zəngilanın Ağalı kəndində icra edildi. Dünyanın diqqəti Azərbaycanın Zəngilanda reallaşdırdığı ağıllı kənd, ağıllı şəhər təcrübəsinə yönəldi. Qısa vaxtda Ağalı beynəlxalq standartlara cavab verən müasir yaşayış məskəninə çevrildi. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. Bu layihələr yerli əhalinin məşğulluğunu və rifahını təmin edir. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd” layihəsi olaraq bərpa edildi. Bu layihə dünyanın ən müasir kəndlərindən biri olmaqla yanaşı, bölgədə “yaşıl enerji” potensialının istifadəsi ilə fərqlənir. Günəş enerjisi ilə zəngin olan Zəngilan, Qarabağda “yaşıl enerji” zonasının yaradılmasında xüsusi yer tutur. Zəngilan ərazisində həyata keçirilən infrastruktur layihələri də bölgənin iqtisadi və sosial həyatına yeni nəfəs verib. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil yolu Azərbaycanın digər bölgələri ilə əlaqələri gücləndirəcək. Bu yolların tikintisi ilə Naxçıvana və buradan beynəlxalq nəqliyyat dəhlizlərinə birbaşa çıxış təmin ediləcək.
Zəngilanda eyni zamanda Beynəlxalq Hava Limanı da inşa olunub. Füzulidən sonra ikinci hava limanının Zəngilanda inşa olunması təsadüfi deyildi. Şərqi Zəngəzurun əsas qapısı olan Zəngilanın təbii coğrafi mövqeyi onun beynəlxalq nəqliyyat logistika mərkəzinə çevrilməsinə imkan verir. Məlumdur ki, sovetlər dövründə Zəngilanda hava limanı olmayıb. Amma işğaldan azad olunduqdan sonra burada nəinki hava limanı, beynəlxalq hava limanı da inşa olundu. İstər hava limanı, istərsə də dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu Zəngilanın ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilməsinə zəmin yaradıb.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 20 Oktyabr – “Zəngilan Şəhəri Günü” kimi müəyyən olunub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Artıq zəngilanlılar rayonun 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi - 20 oktyabrı qeyd edirlər.
Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini