PDF Oxu

Siyasət

  • 1 248

20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq tarixidir - ŞƏRH

image

Müstəqil Azərbaycan dövlətini qurmaq həmişə ulularımızın arzusu olub. Bu müqəddəs arzunu gerçəkləşdirib reallaşdırmaq, tarixi həqiqətə çevirmək üçün onlar dönə-dönə mübarizə aparıblar. Buna müvəffəq ola bilməyəndə, yağı düşmən güc gələndə həmin müqəddəs arzu qan yaddaşımıza köçürülüb. Nəsildən-nəsilə ötürülüb və üzə çıxmaq üçün tarixi məqam gözləyib. Bu arzuya çatmaq üçün isə çoxlu əzablara, məhrumiyyətlərə qatlaşıblar. Doğrudan da bu torpağın övladları yeri gələndə öz sözlərini deyiblər və canlarından keçməyi bacarıblar. Qanlı 20 Yanvar faciəsinə də bu istiqamətdən yanaşmaq lazımdır. Bu qanlı faciə zamanı xalqımızın mübarizliyi, azadsevərliyi bir daha aydınlaşdı.

İmperiyanın törətdiyi qanlı 20 Yanvar faciəsi nə qədər dəhşətli, müsibətli olsa belə, xalqımızın azadlıq əzmini qıra bilmədi. Xalqımızın övladları bu ruhda böyüdüyü üçün həmin qanlı yanvar gecəsi bütün dünyaya göstərdi ki, o, azadlıq uğrunda döyüşməyi də bacarır, yeri gələndə qurban verməyi də. O, gecə xalq öz azadlıq, müstəqillik tarixini qızıl qanıyla yazdı. Həmin gecə şəhid olanlar xalqımızın qəhrəmanlıq tarixini yaradanlardır. Onların həyatı gələcək nəsillər üçün örnəkdir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “O, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildir. Bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarədər”.

Torpaqlarımızın bölünməzliyi, bütövlüyü uğrunda ayağa qalxmış xalqımız Moskvadan haqq-ədalət gözləyirdi. Gözləyirdi ki, Moskva erməni daşnaklarının haqsız iddialarının qarşısını alacaq, Qarabağ məsələsini ədalətlə həll edəcək. Əslində bu keçmiş SSRİ rəhbərliyinin vəzifə borcu idi. Onlar isə ikili siyasət aparır, üzdə ədalətli görünməyə çalışır, arxada ermənilərəhimayədarlıq edirdilər. Elə bu məkrli siyasətin nəticəsi idi ki, xalqımızın üzərinə qoşun yeridildi. O gün haqq-ədalət ayaqlar altına atılıb tapdalandı. Azğınlaşmış sovet ordusu bütün gücü, qüvvəsi, müasir texnikası ilə, fitnə-fəsadı, hiyləsi və məkri ilə Bakıya yeridilmişdi. Bakı gülləbarana tutldu. Qarşılarına kim keçdi-qoca, cavan, qadın və körpələri qanlarına qəltan etdilər. Bakının küçələri şəhid qanına boyandı. Qanlı yanvar gecəsinin səhəri Bakı matəmə büründü. Azərbaycan yasa batdı.

Xalqımızın bu ağır, səsinin heç yerə çatmayan vaxtında yenə irəli çıxan Ümummilli lider Heydər Əliyev oldu. O, həyatını təhlükə altına qoyaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək bəyanat verdi. Öz müdrik oğlunun bəyanatını eşidən xalqımızın itmiş ümidləri özünə qayıtdı. Matəmə bürünmüş xalq fövqaladə vəziyyətin ağır şəraitində, ölümün gözünə dik baxaraq öz şəhid övladlarını Bakını ən uca yerində dəfn etdi və bu müqəddəs yeri Şəhidlər xiyabanı adlandırdı. Heç nə yaddan çıxmır, heç kəs unudulmur. 20 Yanvar faciəsi də xalqımızın qan yaddaşına əbədi yazılmışdır. O qanlı yanvar gecəsi şəhid olanların xatirələri qəlbimizdə yaşayır.

“Şəhidi olan xalaq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki, onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”- deyən Ümummilli liderimizin təşəbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədarNaxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunub. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən şəhid ailələrinin sosial müdafiəsinin gücəndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hər il 20 Yanvar faciəsinin ildönümü ölkəmizdə geniş qeyd olunur.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Digər xəbərlər