Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız faciə kimi deyil, eyni zamanda milli şüurun və dövlətçilik düşüncəsinin formalaşmasında həlledici mərhələ kimi qiymətləndirilməlidir. 20 Yanvar 1990-cı il məhz belə bir tarixdir. Həmin gecə Bakıda və respublikanın bir sıra bölgələrində baş verən hadisələr sovet totalitar rejiminin mahiyyətini açıq şəkildə ortaya qoymuş, xalqın azadlıq iradəsini isə susdurmaq əvəzinə daha da möhkəmləndirmişdir.
Silahlı hərbi birləşmələrin dinc əhaliyə qarşı tətbiq edilməsi hüquqi və mənəvi baxımdan ağır cinayət idi. Heç bir fövqəladə vəziyyət elan edilmədən, əhali məlumatlandırılmadan həyata keçirilən bu əməliyyat nəticəsində onlarla insan həlak olmuş, yüzlərlə vətəndaş yaralanmışdır. Hadisələrin gedişi açıq şəkildə göstərdi ki, məqsəd ictimai asayişin qorunması deyil, milli oyanışın qarşısını almaq idi.
20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiyməti verən tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev olmuşdur. O, həmin dövrdə Moskvada yaşayaraq, böyük risklər bahasına SSRİ rəhbərliyinin bu qanlı əməlini açıq şəkildə pisləmiş, Azərbaycan xalqına qarşı törədilən cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bu mövqe təkcə mənəvi dəstək deyil, eyni zamanda milli mübarizənin siyasi əsasının qoyulması idi. Sonralar Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi bu faciənin tarixi yaddaşda düzgün yer tutmasını təmin etdi.
20 Yanvar faciəsi Azərbaycan cəmiyyətində dərin psixoloji sarsıntı yaratmaqla yanaşı, mühüm siyasi nəticələrə səbəb oldu. Xalq anladı ki, onun təhlükəsizliyi yalnız öz müstəqil dövlətinə söykənə bilər. Bu anlayış müstəqillik ideyasını abstrakt düşüncədən konkret siyasi məqsədə çevirdi.
Bu gün əldə etdiyimiz tarixi qələbələr, xüsusilə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Zəfər, məhz 20 Yanvar şəhidlərinin yarımçıq qalmış arzularının davamı və məntiqi nəticəsidir. Müstəqil, güclü və suveren Azərbaycan dövləti həmin qanlı gecədə itirilən canların bahasına formalaşan iradənin təzahürüdür. Əgər 20 Yanvar xalqın azad yaşamaq istəyinin boğulmaq istəndiyi gün idisə, bugünkü qələbələr bu istəyin tam reallaşdığı mərhələdir.
20 Yanvar yalnız matəm günü deyil, eyni zamanda siyasi məsuliyyət və milli yaddaş günüdür. Şəhidlərin xatirəsinə ən böyük ehtiram onların uğrunda can verdiyi dəyərlərin – müstəqilliyin, suverenliyin və dövlətçiliyin qorunmasıdır.
Bu tarix Azərbaycan xalqının sınağa çəkildiyi, lakin sınmadığı gündür. 20 Yanvar milli iradənin, bu günkü qələbələr isə həmin iradənin qalib gəldiyinin sübutudur.
Cəmilə Hüseynova
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi ƏPT-nin sədri