PDF Oxu

Siyasət

  • 2 345

Füzuli – minalarla ən çox çirklənmiş azad edilmiş rayon

image

2020-ci ildə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərlə nəticələnən Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə aparılan ilkin təhlillər və mütəxəssis araşdırmaları göstərdi ki, minaların sayına və ərazi üzrə yayıldığı sahəyə görə ən çox çirklənmiş rayonlardan biri məhz Füzulidir. Bu rayon işğal altında qaldığı 27 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən sistemli şəkildə minalanmış və bu minalar həm hərbi, həm də mülki məqsədlərlə planlı şəkildə yerləşdirilmişdir. Füzuli rayonunun kəndləri, təpəlikləri, yolları, çay keçidləri, yaşayış məntəqələri və əkin sahələri demək olar ki, tamamilə minalarla örtülmüş vəziyyətdə idi. Əsas məqsəd bu torpaqlara geri dönüşü çətinləşdirmək və bölgədə davamlı təhlükə yaratmaq olmuşdur. Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) və digər qurumlar tərəfindən aparılan rəsmi təmizləmə işləri zamanı Füzuli ərazisində on minlərlə mina və partlamamış hərbi sursat aşkar olunmuşdur. Bu da təsdiq edir ki, Füzuli azad olunmuş rayonlar arasında mina təhlükəsinə görə birinci sırada dayanır. Bu reallıq həm bərpa prosesini ləngidib, həm də bölgəyə insan qayıdışını gecikdirib. Eyni zamanda, burada mina partlayışları nəticəsində xeyli sayda hərbçi və mülki şəxs həyatını itirmiş və ya ağır xəsarət almışdır. Füzulidəki mina təhlükəsi həm də beynəlxalq diqqəti cəlb etmiş və müxtəlif təşkilatların bölgədə minatəmizləmə işlərinə dəstək göstərməsinə səbəb olmuşdur.

Ayşən Soltanlı

YAP Laçın rayon təşkilatının 33 saylı ƏPT-nin sədr müavini

Laçın rayon 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Digər xəbərlər