"Milli Qəhrəman Mübariz İbrahimov hadisəsi dünya hərb tarixində özünəməxsus hadisədir. Azərbaycan hərb tarixinə qızıl hərflərlə düşüb". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.O bildirib ki, Mübariz İbrahimov həm mənəvi cəhətdən, həm fiziki cəhətdən, həm də psixoloji cəhətdən bir nəfərin bir ölkədən, ordudan güclü olduğunu göstərib: "Mübariz İbrahimov hadisəsi Azərbaycan xalqında böyük əhval-ruhiyyə yaratdı. Ermənistan ordusunun rəzil, zəif gündə olduğunu bir daha faktlarla sübut etdi. "Keçilməz Ohanyan xətti"ni Mübariz İbrahimov təkbaşına keçdi. Erməni hərbçilərini məhv etdi və bir Azərbaycan hərbiçisinin Ermənistan ordusundan güclü olduğunu ortaya qoydu. Hətta Ermənistan özü məcbur oldu ki, bunu etiraf etsin. Qardaş Türkiyədə dəfələrlə filmlərdə istifadə olunub. Türkiyə, türk dünyası, hər kəs Mübariz İbrahimovla qürur duyur. Azərbaycanda ondan sonra yüzlərlə gəncə Mübariz adı verildi. Yüzlərlə, minlərlə, on minlərlə gənc Mübarizə oxşamağa başladı. Məhz 2016-cı ilin Aprel döyüşlərı olsun, 2020-ci ilin 44 günlük Vətən müharibəsi olsun, ardınca antiterror tədbirləri olsun, hər bir zaman Mübariz ibrahimovun şücaəti özünü göstərdi. Bu gün də silahlı qüvvələrimizdə xidmətə başlayan gənclər, hərbi peşəsini seçən gənclər, zabitlər, gizirlər, hər bir kəs Mübariz İbrahimovu, Polad Həşimovu, Rauf Orucovu özünə örnək tutur. Yüzlərlə, minlərlə qəhrəmanlarımızı özlərinə örnək tuturlar. Allahverdi Bağırov, Şirin Mirzəyev, Əliyar Əliyev kimi birinci Qarabağ müharibəsi şəhidlərimizin adını da qeyd edirəm"."Mübariz İbrahimov böyük Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinin ən görkəmli səhifələrindən biridir. Daim də elə qalacaq. Ən ümidsiz, uğursuz vəziyyətdə olan ordular içində bir örnək, alovdur. Ümumiyyətlə, insan taleyi bəşəriyyət üçün zalıma, zülmə, işğala qarşı dirəniş nöqtəsidir. Ona görə də, Azərbaycan xalqı Mübariz İbrahimovla qürur duyur. Cənab Prezident onun adını əbədiləşdirib, Milli Qəhrəman adı verib. Adına lisey, küçə var. Bütün türk dünyası ona ehtiramla yanaşır. Mübariz İbrahimovun nəşi Ermənistandan tələb edildi, alındı, İkinci Fəxri Xiyabanda dəfn edildi. Dəfn mərasimində Prezident cənab İlham Əliyev iştirak etdi, Ali baş komandan kimi nitq söylədi. Mübariz İbrahimov daim yaşayan əfsanədir. Daim yaşayacaqdır. Nə qədər Azərbaycan dövləti, Azərbaycan tarixi, ordusu var, Mübariz İbrahimov da yaşayacaq və əbədi olaraq qəhrəmanlıq tariximizə həkk olunacaq" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə