Milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir. Tarixin müxtəlif illərində milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərmiş, bu gün də yetişən nəsil, məhz bu prosesin içərisində özünü, Azərbaycançılıq məfkurəsini dərk edərək, mövqeyini müəyyənləşdirir. Sözsüz ki, mənəvi dəyərlərimiz mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır. Milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha göstərir. Bu ali dəyərlər milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisi, fərdi və fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, mənəvi borcudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi "Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Əminəm ki, biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq".
"AZƏRBAYCANLILAR HƏMİŞƏ DÜNYAYA AÇIQ OLUBLAR, AMMA ÖZ MƏNƏVİ KODEKSİNİ HƏMİŞƏ HƏR ŞEYDƏN ÜSTÜN TUTUBLAR"
Təbii ki, Avropa ailəsinin üzvü olan Azərbaycanın iqtisadi inkişafı, ölkədə hökm sürən siyasi sabitliyi, suveren, müstəqil dövlət olmasının məntiqi nəticəsidir ki, bütün qapıları açaraq, sərhədləri aşır, qədim köklərə malik irsini, xəzinəsini dünyaya göstərə bilir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin milli-mənəvi irsimizin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca imzaladığı sərəncamlar bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərləri qoruyub saxlayır, milli ideologiya, azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir. Dövlət başçısının qeyd etdiyi kimi, "Biz nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürdük və beləliklə, özümüzü assimilyasiyadan qoruyurduq, kənar təsirdən qoruyurduq. Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq".
Vaxtilə 70 il sovet imperiyasının tərkibində yaşadığımız zaman təbliğat mexanizminin, təqdimatların qarşısına sədd çəkilsə də, məxfi arxivlərin araşdırılmasına imkan verilməsə də bu gün müstəqil, suverən dövlət olan Azərbaycan əsrlərlə formalaşmış zəngin irsini dünya xalqlarına təqdim edərək, onları təəccübləndirməklə yanaşı, bu cəmdə Azərbaycan vətəndaşının varlığını nümayiş etdirir. Əsrlərin, qərinələrin sorağıdır, bu dəyərlər. "İndi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır", - deyən dövlət başçısı bildirib ki, heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz: "Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Ancaq digər çağırışlar var, digər məsələlər var ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur". Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə də göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.
"BİZİM BAYRAMLARIMIZ, ADƏT-ƏNƏNƏLƏRİMİZ HƏR BİRİMİZ ÜÇÜN ƏSAS DƏYƏR OLMALIDIR"
Mənəvi dəyərlər xalqın dünyagörüşünün izahı deməkdir və bir növ xalqın pasportudur. Xalqımız əsrlərə söykənən dəyərləri ilə fəxr edir. Əlbəttə ki, hər bir xalqın, millətin mövcudluğu onun adət-ənənələrinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlayıb. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, dövlətçilik irsinə sahib olmasıdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Bildirməliyik ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesi bizim ölkədən də yan keçməyib. Buna baxmayaraq, biz qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalıyıq. Milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər istənilən məqamda müdafiə edilməli, qorunmalıdır. Qoballaşma digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrinin, milli mentalitetimizə xas olmayan dəyərlərinin ölkəmizə gətirilməsi deyil. "Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır. Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var. Ana dilimiz də bax, bu milli dəyərlərin tərkib hissəsidir. Biz azad olmadığımız dövrdə onu qorumuşuq... Bütün bu amillər, o cümlədən bizim bayramlarımız, adət-ənənələrimiz hər birimiz üçün əsas dəyər olmalıdır. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq", - deyə Cənab Prezident bildirib.
Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir. "Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub... Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Digər tərəfdən, gənc nəsil imkan verməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
ZÜMRÜD BAYRAMOVA