PDF Oxu

Siyasət

  • 1 116

Əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək

image

“Azərbaycanla Pakistan dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr ölkəmizin müstəqilliyini bərpa etməsindən dərhal sonra qurulub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşacaq sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.
Millət vəkilinin sözlərinə görə, bu gün Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ilin 28 fevralında İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirib. “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib. Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Bugünlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri isə ikitərəfli əlaqələrimizin inkişafına böyük təkan verəcək. Səfər zamanı imzalanan sənədlər gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin dediyi kimi, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir.
“Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib. Rəsmi İslamabad Ermənistanın işğalçılıq siyasətini pisləyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir. Şübhəsiz ki, qardaşlıq əlaqələrimiz bundan sonra da yüksəln xətlə inkişaf edəcək”,-deyə deputat vurğulayıb.

Digər xəbərlər