1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salınmış və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən atəşə tutularaq qətlə yetirilmiş, digərləri isə əsir götürülüb. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd ediblər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak olublar. Rəsmi rəqəmlərə görə, bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyev hüquqi-siyasi qiymət verib. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini fəal şəkildə davam etdirir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub. Justice for Khojaly informasiya portalı da ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır.
Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib.
20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazandı. Xalq-Lider vəhdəti, güclü iqtisadi potensial, qüdrətli ordu, cəmiyyətdə mövcud olan böyük ruh yüksəkliyi möhtəşəm Zəfəri təmin etdi. 30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən bütün torpaqlarımızda qürurla dalğalanır.
Beləliklə, düşməndən Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin qisası alındı. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insan Bakıda “Ana harayı” abidəsini ziyarət edir. Xocalı faciəsi təkcə tariximizin qanlı səhifəsi deyil, həm də insanlığa qarşı törədilmiş böyük bir cinayətin acı xatirəsidir. Bu dəhşətli hadisənin ildönümündə şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, onların unutulmaz fədakarlıqlarını dərin ehtiramla yad edirik. Xocalının ağrısı yaddaşımızda daim yaşayacaq və bu faciənin unudulmaması, beynəlxalq aləmdə tanınması üçün atılan addımlar davam edəcək. Ədalətin bərqərar olması, günahsız qurbanların haqq səsinin dünyaya çatdırılması həm mənəvi borcumuz, həm də gələcək nəsillərə verilən önəmli bir mesajdır.
Nurlan Həsənov
Milli Məclisin deputatı