PDF Oxu

Siyasət

  • 1 212

Xocalı soyqırımı: milli, ideoloji və siyasi amillər

image

27 sentyabr 2020-ci ildə başlayayaraq “Dəmir yumruq” əməliyyatı adı altında aparılan şanlı Vətən müharibəsində Azərbaycan ordusu dastan yazdı, Ermənistan ordusu qarşısında açıq üstünlük nümayiş etdirərək onu məhv etdi və işğal altındakı torpaqlarını qurtardı. 2023-cü ilin sentyabrın 19-da isə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam təmin etdi. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələri təslim olaraq bütün şərtləri qəbul etdilər. Amma bir məsələni xüsusilə qeyd etməyi vacib hesab edirik. Düzdür, Azərbaycan Ermənistan qarşısında tarixi qələbə qazanıb, amma təəssüf ki, “erməni məsələsi” bitməyib. Böyük güclərin “böyük siyasət” reallığı və onların ərsəyə gətirdiyi problem var olduğu müddət içərisində “erməni məsələsi” də öz aktuallığını qoruyacaqdır. Azərbaycan qalib qalib olsa da, keçmişdə baş verənləri əsla unutmamalı, xalqımıza qarşı törədilən soyqırım cinayətlərini yaddaşlarında daim tutmalıdır. Çünki bunlar bizim qan yaddaşımızdır.

Bəşər tarixində kütləvi insan qırğınları çox olub. Biri var təbii fəlakətlər nəticəsində həlak olanlar, biri var müharibə zamanı ölənlər, biri də var soyqırımı qurbanları, acımasız şəkildə qətlə yetirilənlər. Təbii fəlakətlər nəticəsində həlak olanlar – burada düzdür, insan üzülür, kədərlənir. Kədər, üzüntü var, ancaq düşmənçilik, nifrət duyğusu yoxdur. Çünki kimi məsul tutacaqsınız? Müharibə dövründə həlak olanlara da bəraət qazandırmaq olmaz. Çünki müharibə hansısa dövlətin və ya dövlətlərin, hətta şəxslərin imperialist siyasətinin, maraqlarının təzahürü, dövlət acgözlülüyünün ifadəsidir. Ancaq ən azından müharibənin də öz qanunları var. Elan edilmiş müharibə var, elan olunmamış müharibə var. Lakin sivil insanlara qarşı şiddət tətbiq etmək, əliyalın insanları qətlə yetirmək, qoca, cavan, qadın, uşaq demədən soyqırımına məruz qoymaq artıq müharibə deyil, insanlıqdan kənar bir hərəkətdir. Ermənilərin türklərə, azərbaycanlılara qarşı qeyri-insani hərəkətlərini, cinayətlərini də məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Burada insanlar dil, din, milliyyət, soy-kök amilləri nəzərə alınaraq, sırf azərbaycanlı, türk olduqları üçün qətlə yetiriliblər.
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, ermənilər tərəfindən tarixin müəyyən mərhələlərində törədilən soyqırımı cinayətlərində ideoloji, milli amillər əsas rol oynamışdır. Əlbəttə, hər bir millətin, hər bir dövlətin özünün ideologiyası olmuşdur, bu gün də mövcuddur. Məlum olduğu kimi, ideologiya cəmiyyətin maraqlarını, dünyagörüşünü, ideallarını ifadə edən ideyalar sistemi, məqsədləri və hədəfləri olan inanc və fikirlərin bütünləşməsidir. İdeologiya özünü açıqlamaq üçün daha çox təbliğata müraciət edər və istifadə etdiyi simvolların başında da şüarlar gəlir. İdeoloqlar məhz təbliğat vasitəsilə özünün, öz millətinin haqlı, qarşıdakının isə haqsız olduğuna inandırmağa çalışırlar. Bununla birlikdə ideologiya rəhbər tutduğu proqram və prinsipləri tətbiq etmək üçün müəyyən vasitələrə də sahib olmaq məcburiyyətindədir. Belə vasitələrin başında isə “güc və ya şiddət” gəlir. Yəni zor tətbiq etmək. İdeologiya elmi izahlara əsaslanmaz. Onun vəzifəsi haqlı və ya haqsız bütün hadisələri yeganə bir səbəbə bağlamaqdır. İdeologiyanın əsas ünsürlərindən biri də mifologiyadır. Mifologiya hadisələrin keçmişdə necə olduğunu və gələcəkdə necə olması lazım gəldiyini göstərən zehni təsəvvürdür. Hər bir millətin tarixində mifologiyalar böyük rol oynamışlar. Məsələn, italyanların “Mare Nostrum” (Böyük Dəniz), yunanların “Megalo Idea” (Böyük İdeya), türklərin “Qızıl Alma” kimi əfsanələri bu xalqların taleyi ilə bağlı keçmiş və gələcək hadisələri açıqlayan qavramlardır. Şübhəsiz ki, bu mifologiyalar arasında “Böyük Ermənistan” əfsanəsinin də özünəməxsus yeri vardır. Düzdür, “Böyük Ermənistan” ideologiyası “Hai-Taht” (ermənilərin davası) doktrinasını özündə əks etdirir, amma mifologiyaya əsaslanır. Onun mifologiyaya əsaslanması əslində anormal bir vəziyyət deyil, ancaq keçmişdəki bütün bədbəxt hadisələrin və fəlakətlərin səbəbinin təkidlə türklərdə axtarılması əsl psixoloji xəstəlikdir. Ermənilər Hai-Taht ideologiyasının gerçəkləşməməsində və keçmişdəki fəlakətlərin baş verməsində məhz türkləri ittiham edirlər ki, bu da bilavasitə onların qonşu dövlətlərə qarşı mədəniyyət, ərazi iddiaları və 1915-ci ildə baş verən hadisələrlə bağlıdır. Hətta onlardakı nifrətin dərəcəsi o qədər yüksəkdir ki, düşüncələrinə görə əgər terrordan daha şiddətli metod varsa, ermənilər onu tətbiq edə bilərlər. Bu vəziyyət ermənilər arasındakı nifrətin və terroru qidalandıran ana damarın nə qədər güclü bir məqama çatdığını ortaya qoyur. Bu xəstəliyin müalicəsini radikal fikirləri ilə tanınan məşhur erməni ideoloqu Zori Balayan belə izah edir: “Hətta həkimlər belə bu xəstəliyi müalicə edə bilmirlər. Bu xəstəlik sadəcə ermənilərə məxsus xəstəlikdir. Bu, Böyük Ermənistan uğrunda soyqırımına uğramış ermənilərin xəstəliyidir. Bu xəstəliyin bir müalicəsi var, o da Böyük Ermənistan düşüncəsinin gerçəkləşməsidir. Başqa alternativ yoxdur”.
Məlum olduğu kimi, ermənilər müntəzəm olaraq soyqırımına məruz qaldıqlarını iddia etməkdə və hər il aprel ayının 24-də bu məsələni bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməkdədirlər. Burada diqqət çəkən əsas məqam bundan ibarətdir ki, ermənilər 1915-ci il hadisələrində ölən insanların sayını mübaliğəli olaraq artıraraq, bu rəqəmi 1,5 milyon olaraq göstərirlər. Halbuki o tarixlərdə Osmanlı imperiyasının sərhədləri daxilində bu qədər erməni yaşamırdı.
Görkəmli türk tarixçisi Kamuran Gürün qeyd edir ki, ermənilər tərəfindən göstərilən ölü sayısı 1915-ci ildə 300 mindən başlamış, 1980-ci illərdə 2 milyona çatmışdır. İllər keçdikcə bir millətin əhalisinin artması normal bir hadisədir, lakin müəyyən bir tarixdə ölmüş insanların zaman keçdikcə sayının artması isə çox qəribə bir icaddır.
Müqayisəli təhlillər əsasında ortaya çıxan məqam budur ki, 1,5 milyon erməninin soyqırımına uğradığı şəklində ortaya atılan iddialar heç bir reallığı əks etdirmir. Tərəfsiz olaraq məsələyə yanaşılarsa, ortada soyqırımı kimi bir hadisənin baş vermədiyi açıqca görülə bilər. Əgər bu qədər insan kütləvi qırğına məruz qalıbsa, o zaman Birinci Dünya müharibəsi sonunda sayları 1 milyonu keçən erməni əhalisi necə sağ qalmışdır? Eyni zamanda 1915-ci ildən sonra Fransa, ABŞ, İngiltərə, Rusiya, İran, Suriya və s. ölkələrə gedən ermənilərin saylarının o ölkələrin əhalisinin qeydiyyata alınması ilə bağlı statistik materialları əsasında öyrənilməsi və hal-hazırda bu ölkələrdə yaşayan ermənilərin sayının təsbit edilməsi iddia edilən soyqırımının törədilib-törədilmədiyini ortaya qoyur. Burada diqqəti çəkən başqa bir məqam da var. Əgər iddia edildiyi kimi, 1,5 milyon erməni öldürülübsə, onlar harada dəfn olunublar? Kütləvi məzarlıq haradadır? Soyqırımı kimi ağır ittihamlarla çıxış edən ermənilər sübut üçün kütləvi məzarlığı göstərmək məcburiyyətindədirlər.
Tarixi faktlar sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, əksinə törətmişlər. Yuxarıda da qeyd olunduğu kimi, ermənilərdə istər Anadolu, istərsə də Azərbaycan türklərinə qarşı güclü nifrət var. Məhz həmin nifrətin və psixologiyanın nəticəsidir ki, XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da qanlı cinayətə əl atdılar. Qaradağlı və Xocalı cinayətləri mülki əhaliyə qarşı törədilən terrorizmin ən dəhşətli nümunələrindəndir.
Qaradağlı cinayəti 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımıdır. Qaradağlı Xocavənd rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında strateji bir mövqedə yerləşirdi. Malıbəyli və Quşçuların işğal edilməsindən sonra növbəti hədəf Qaradağlı kəndi idi. Erməni hərbi qüvvələrinin manevrlərinə mane olan kəndin ələ keçirilməsi ermənilər üçün həyati məsələ idi. Ümumiyyətlə, kəndin ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, ermənilər 1988-ci ilin fevralından 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfədən çox hücum etmişdilər. Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Belə ki, bu kənd sakinlərindən 104 nəfəri girov götürüldükdən sonra qoca və cavanlar ayrı-ayrı maşınlara doldurularaq yolboyu kəndlərdə düşürülmüş və ən qəddar üsullarla qətlə yetirilmişlər. Hətta kənd sakinlərinə də müraciət olunub ki, kim azərbaycanlı öldürmək istəyirsə, gəlib istədiyi girovu öldürə bilər. Beləliklə, ermənilər girov götürülənlərdən 67 nəfəri öldürdükdən sonra qazdıqları quyuya doldurmuşlar. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə öz başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Beləliklə, fevral ayının 17-də Qaradağlı soyqırımının törədilməsi ilə Xocalıya gedən yol tamamilə açıldı. Qaradağlı soyqırımı ilə kifayətlənməyən ermənilər Xocalıda daha amansız hərəkətlərə imza atdılar. Şübhəsiz ki, bu faciə zamanı törədilən vəhşilikləri sözlə təsvir etmək mümkün deyil. Bütöv ailələrin məhv edilməsi, insanların diri-diri yandırılması, öldürülən azərbaycanlıların cəsədlərinin belə təhqir olunması, insanların qulaqlarının kəsilməsi, dərisinin soyulması, azyaşlı uşaqların başlarının kəsilməsi, hamilə qadınların qarınlarını sün¬gü¬lərlə deşib, bətnlərindən körpələrin çıxarılması – ümu¬miyyətlə, belə faktlar erməni vandalizminin əlamətləridir. Əslində Xocalıda baş verən faciə ilk olmayıb. 1905, 1906, 1917 və 1918-ci illərdə Xocalı 4 dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmişdir. Sonra yenidən bərpa olunub və nəhayət 5-ci dəfə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hücum olunub, soyqırımı törədilib. Niyə Xocalı?
Ermənilərin Xocalını hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu hadisə daha uzağa hesablanmış bir məqsəd idi. Əsas niyyət Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və mübarizə əzmini qırmaq idi. Ermənilərin diqqətini Xocalıya cəlb edən önəmli səbəblərdən biri onun geostrateji mövqeyi idi. 7000 əhalisi olan Xocalı Qarabağ dağının silsiləsində, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi.
Ermənilərin Xocalıda törətdikləri soyqırımı, dinc əhalinin, qocaların, qadınların, uşaqların acımadan və bundan xüsusi həzz alınaraq öldürülməsi, ölənlərin cəsədləri üzərində təhqiredici əməliyyatların aparılması, qafa taslarının çıxarılması, üz və baş dərilərinin soyulması, zinət əşyalarının çıxarılması üçün barmaqların kəsilməsi – bütün bunlar Azərbaycan xalqına qarşı son dərəcə düşünülmüş psixoloji bir zərbədir. Əsas məqsəd bütün Azərbaycan xalqında kollektiv sarsıntı yarada bilmək, əhalidə ermənilərin “qorxu, təhlükə mənbəyi” imicini formalaşdırmaq idi. Dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilmələrində bir sıra məqsədlər də güdülmüşdür: Azərbaycanlılar arasında təşvişin yaradılması, ermənilərin hücumlarına müqavimətin zəifləməsi, cəmiyyətin iflic vəziyyətinə salınması, mümkün qədər çox ərazilərin işğal edilməsi.
Eyni cinayətlərin davamı kimi Ağdaban (8 aprel 1992), Ballıqaya (28 avqust 1992) və s. çox sayda ermənilər tərəfindən törədilmiş digər faciələr Azərbaycanın qan yaddaşına həkk olunmuşdur. Bu kimi hadisələri özündə ehtiva edən faktlara nəzər saldıq¬ca düşünürsən ki, görəsən belə qəddarlıq, barbarlıq ola bilərmi? İnsan da belə bir metoda əl ata bilərmi? Bu sualın cavabını ermə¬nilərin Azərbaycan türklərinə, ümumiyyətlə türklüyə qarşı nifrət psixo¬logiyasında, türkü öldürməkdən mənəvi zövq alma düşün¬cə¬sində axtarmaq lazımdır.
Qeyd etmək lazımdır ki, törətdikləri cinayətlərə baxmayaraq, ermənilər uzun illərdir dünya ictimaiyyətinin şüuraltında “qurban” obrazını təbliğ edirlər. “Qurban” obrazı həqiqətən də uduşlu bir obrazdır. Bu obrazla ermənilər hər vəchlə real faktları gizlətməyə və ya diskreditasiya etməyə çalışmışlar. Təsadüfi deyildir ki, Xocalıda törədilmiş cinayətlər ermənilər tərəfindən inkar olunur, hətta həmin soyqırımında ölənlərin azərbaycanlılar deyil, məhz ermənilərin olduğu önə sürülərək azərbaycanlılar ittiham edilir.
Əldə olan faktlar onu deməyə imkan verir ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən olan Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya və s. faciələr mübahisəsiz bir soyqırımıdır. Günümüzdə hər hansı bir faciənin soyqırımı olaraq tərif edilməsi üçün saylara diqqət çəkilməkdə və əgər yüz minlərlə insan məhv edilərsə, bunun soyqırımı olaraq xarakterizə oluna biləcəyi düşünülməkdədir. Belə bir vəziyyət bir gecədə 613 insanın qətl edildiyi Xocalı faciəsinin soyqırımı olaraq tanınmasına yönəlik şübhə oyandırmamalıdır. Çünki 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ndəki tərifdə müəyyənedici ünsür say deyil, millət, din, soy ya da irq kimi xüsusiyyətlər üzərində quru¬lan bir qrupun sistematik və məqsədli olaraq tamamilə ya da qis¬mən məhv edilməsi planıdır. Ermənilərin Xocalıda törətdikləri cinayətlər BMT tərəfindən qəbul edilən bu sözləşmənin ikinci mad¬dəsi ilə uyğunluq təşkil edir. Bu maddənin bəndlərində gös¬tərilir:
Əlaqədar qrup üzvlərinin (milli, etnik və dini olaraq) öldürül¬məsi;
Əlaqədar qrup üzvlərinin ruhi və fiziki səhhətlərinə zərər verilməsi;
Əlaqədar qrup üzvlərinin fiziki varlıqlarının ortadan qaldırılması.
Məhz bu baxımdan ermənilərin Xocalıda törətdikləri vəhşiliklər insanların (qrupun) planlı və sistematik olaraq məhv edilməsinə yönəlik məqsəd və cinayətlərin təzahürləridir. Ermənistan 1993-cü ildə BMT-nin “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalan¬dırıl¬ması Sözləşməsi”ni imzaladığı üçün bu nizamnamə qarşısında məsuliyyət daşıyır. BMT-nin Soyqırımı sözləşməsinin 3-cü və 4-cü maddələrinə uyğun olaraq soyqırımına rəvac verən hərəkətlərdən birini belə həyata keçirən, gerçəkləşdirilməsi üçün razılığa gələn, ictimaiyyətə yönəlik bu cür hərəkət və fəaliyyətləri qızışdıran, təşviq edən, eyni zamanda bu fəaliyyətləri əvvəlcədən planlaşdıran və hədəfləyən, istər icraçı, istərsə də rəsmi və ya qeyri-rəsmi şəxs olaraq cinayətlərdə iştirakı təsdiqlənən hər kəsin cəzalandırılması vacibdir və bu istiqamətdə uğurlu nəticələr artıq əldə edilmişdir.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanda son illərdə çox işlər görülüb. Bununla bərabər, səylər daha da artırılmalıdır. Ermənilərin “quzu cildinə girmiş canavar” obrazını ifşa etmək üçün siyasilərimiz və tarixçilərimiz öz məsuliyətinin fərqindədir. Ermənistan içüzünü artıq bütün dünyaya göstərib, özünün necə bir dövlət olduğunu sübut edib. Artıq Azərbaycan Ermənistan qarşısında güc və qətiyyət nümayiş etdirərək özünün “dəmir yumruq” əməliyyatını reallaşdırıb işğal altındakı torpaqlarını xilas etdi. Ermənistan ağır məğlubiyyətə uğrasa da, mübarizə siyasi, diplomatik və informativ müstəvidə hələ də davam edir. Azərbaycan gedişata uyğun olaraq hər həmləyə qarşı yeni bir strategiya müəyyənləşdirir. Əvvəl də qeyd edildiyi kimi, Azərbaycan Ermənistan qarşısında tarixi qələbə qazanıb, amma təəssüf ki, “erməni məsələsi” bitməyib. Hadisələrin retrospektiv təhlili və mövcud gedişatı onu göstərir ki, vaxtilə beynəlxalq güclər tərəfindən ərsəyə gətirilən bu məsələ geosiyasi maraqların, antitürk zehniyyət və fəaliyyətlərin təzahürü kimi yenə səhnədədir. Böyük güclərin “böyük siyasət” reallığı aktual olsa da, Azərbaycan geosiyasi həmlələr qarşısında hazırlıqlıdır. Ermənistan isə geosiyasi şahmat taxtasında piyada statusuna malikdir, amma dünyanın böyük oyunçuları ilə münasibətlərdə özünü ağır fiqur kimi təsəvvür edir. Lakin anlamaq istəmir ki, bu piyada sadəcə böyük güclər istədiyi üçün oyundadır, istənilən vaxt qurbana çevrilə bilər.

Emin Şixəliyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
tarix elmləri doktoru, dosent

Digər xəbərlər