PDF Oxu

Siyasət

  • 1 067

İnsan amili dövlət siyasətinin mərkəzində dayanır

image

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədəki çıxışı 2026-cı ilin “Şəhərsalma və Arxitektura ili” elan edilməsi kontekstində sistemli yanaşmanın məntiqi davamı kimi mühüm siyasi-idarəetmə məzmunu daşıyır. Bu çıxış həm strateji şəhər inkişafı, həm də vətəndaşların sosial rifahının yüksəldilməsi və insan amilinin önə çəkilməsi baxımından konseptual yanaşmanı aydın şəkildə ortaya qoyur.

Prezidentin çıxışında əsas vurğulardan biri urbanizasiya proseslərinin kompleks şəkildə idarə olunmasıdır. Su təchizatı, yağış və tullantı suları sistemləri müasir şəhərsalmanın “görünməyən, lakin həlledici” infrastrukturu kimi təqdim olunur. Bu yanaşma göstərir ki, şəhərsalma təkcə memarlıq estetikası və yeni binalarla məhdudlaşmır, eyni zamanda mühəndis-kommunikasiya sistemlərinin uzunmüddətli planlaşdırılmasını tələb edir.
2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı şəhərin gələcək inkişafını qabaqlayan, riskləri əvvəlcədən hesablayan və iqlim dəyişiklikləri fonunda dayanıqlılığı təmin etməyə yönəlmiş sənəd kimi dəyərləndirilir.
Sosial rifahın yüksəldilməsi gündəlik həyatın keyfiyyəti ilə ölçülür. Dövlət başçısının müşavirədəki çıxışında su təchizatı və kanalizasiya məsələlərinin birbaşa vətəndaşların gündəlik həyat keyfiyyəti ilə bağlı olduğu xüsusi vurğulanır. Keyfiyyətli içməli suya fasiləsiz çıxış, küçə və məhəllələrin yağış sularından qorunması, sanitariya təhlükəsizliyinin təmin edilməsi sosial rifahın əsas indikatorları kimi önə çəkilir. Bu kontekstdə Dövlət Proqramı sadəcə texniki layihə deyil, sosial yönümlü dövlət siyasətinin tərkib hissəsi kimi təqdim olunur. İnfrastrukturun yaxşılaşdırılması ilə əhalinin sağlamlığının qorunması, yaşayış mühitinin komfortlu olması və sosial narahatlıqların aradan qaldırılması arasında birbaşa əlaqə qurulur.
Prezident İlham Əliyevin çıxışındakı tezislərdətgg insan amili mərkəzi yer tutur ki, bu da məsuliyyətli idarəetmə ilə birbaşa bağlıdır. Layihələrin planlaşdırılmasında və icrasında vətəndaş məmnunluğunun əsas meyar kimi götürülməsi, məsul dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və icra intizamının gücləndirilməsi xüsusi tələb kimi irəli sürülür.
Bu yanaşma dövlətin texnokratik deyil, insan mərkəzli idarəetmə modelini seçdiyini göstərir. Yəni məqsəd təkcə boruların, kollektorların və qurğuların inşası deyil, bu infrastrukturun insan həyatında yaratdığı real faydadır.
Olkə rəhbərinin bu məsələlərlə bağlı siyasi mövqeyi dayanıqlı inkişafın etibarlı şəkildə təmin edilməsinin və gələcəyə baxış bucağının proyeksiyasıdır. Müşavirədə səsləndirilən fikirlərdən aydın olur ki, Dövlət Proqramı qısamüddətli problemlərin həlli ilə kifayətlənmir. Uzunmüddətli perspektivdə Bakının və Abşeron yarımadasının ekoloji tarazlığının qorunması, su resurslarından səmərəli istifadə və müasir şəhər standartlarına uyğun infrastrukturun formalaşdırılması əsas hədəf kimi müəyyənləşdirilir. Bu isə insan üçün və gələcək nəsilləri nəzərə alan şəhər modeli baxımından “Şəhərsalma və Arxitektura ili”nin ideoloji mahiyyətinə tam uyğundur.
Nəticə etibarı ilə, Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədəki çıxışı göstərir ki, su təchizatı və tullantı suları sistemlərinin təkmilləşdirilməsi məsələsi dövlət siyasətində sırf texniki sahə deyil. Bu, şəhərsalma strategiyasının, sosial rifahın yüksəldilməsinin və insan amilinə əsaslanan idarəetmənin üzvi tərkib hissəsidir. Sözügedən Dövlət Proqramı Bakının və Abşeronun müasir, dayanıqlı və rahat yaşayış məkanına çevrilməsi yolunda mühüm mərhələ kimi çıxış edir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər