Dünyada yeni müharibələr qızıl, uran, neft, qaz uğrunda deyil, şirin su hövzələrinə sahib olmaq uğrunda olacaq
Dünya yaranandan bu günə qədər insanlar yeraltı-yerüstü sərvətlərin, axar şirin suların, qalın meşələrin, göz qamaşdıran dənizlərin, okeanların, uca dağ yamaclarının olduğu ərazilərə can atıb. İstəklərinə nail olmaq üçün bir-birinə qəsd etməkdən, bir ölkə digər ölkənin ərazisinə hücum etməkdən, öldürməkdən, işğallar həyata keçirməkdən çəkinməyib. Bu gün də eyni proseslər yaşanmaqdadır. İddialı, özünü daha güclü hesab edən dövlətlər nisbətən zəif ölkələrin sərvətlərini ələ keçirmək üçün müharibələr aparır, daxildə vətəndaş qarşıdurmaları yaradır. Görünən ondan ibarətdir ki, hazırkı məqamda daha çox çəkişmələr, qarşıdurmalar şirin su hövzələrinə sahib olmaq uğrunda aparılır. Çünki bu gün şirin suya olan tələbat bütün dünya ölkələrini əhatə edir. BMT-nin hesabatlarında su qıtlığı ən böyük qlobal risk kimi qiymətləndirilir və bu problemin növbəti on illərdə də davam edəcəyi qeyd edilir. BMT-nin hesabatında o da vurğulanır ki, dünya əhalisinin 3 milyarda yaxını hər gün içməli su qıtlığı çəkir. 4 milyarda yaxın əhali isə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur. Yarım milyard insan isə il boyu ciddi su qıtlığından əziyyət çəkir. Dünyanın əksər böyük şəhərlərində su qıtlığı yaşanır. Hesablamalara əsasən qeyd olunur ki, dünyadakı suyun cəmi 3 faizi şirin olmaqla yanaşı əlçatandır. Yəni dünyada mövcud olan su hövzələrində 97 faiz su duzludur. Bəzi inkişaf etmiş ölkələr müasir dövrün texnoloji vasitələrindən istifadə etməklə duzlu suyu şirin suya çevirə bilirlər. Yaponiya, BƏƏ və Səudiyyə Ərəbistanı kimi dövlətlər əhalinin suya olan tələbatını duzlu suyu müxtəlif su filtirlərindən keçirməklə və həmin filtrasiya olunan suya kimyəvi maddələr qatmaqla əhalinin istifadəsinə verir. Əgər indiki trendlər davam etsə gözlənilir ki, 2030-cu ildə suya olan tələbat su təminatını 40 faiz üstələyəcək. Yer üzərindəki içməli və asanlıqla əldə oluna bilinən şirin su və yeraltı sular olmaqla 14000 kub kilometrdir. Bu həcmin isə yalnız 5000 kub kilometri insanlar tərəfindən istifadə və yenidən istifadə olunur. Lakin nəzəri olaraq 8 milyarda yaxın dünya əhalisinin ehtiyaclarını ödəmək kifayət qədər şirin su ehtiyatları vardır, hətta dünya əhalisi 9 milyard və daha çox olsa belə düzgün bölüşdürülmə nəticəsində hamını su ilə təchiz etmək olar.
Yaxın illərdə şirin su hövzələrinə sahib olmaq uğrunda mübarizə güclənəcək
Hazırda dünyanın ən çox susuzluqdan əziyyət çəkən ölkələri sırasında birinci yeri Afrika tutur. Afrikada 300 milyon insan təmiz sudan, 313 milyona yaxın insan isə kanalizasiyadan məhrumdur. Beynəlxalq araşdırmalara görə, qarşıdakı 20-30 il ərzində Afrika ölkələrində iqlim dəyişkənliyi və əhalinin artması ilə əlaqədar su qıtlığı yaşanacaq. Avropa və Asiya ölkələrində də vəziyyət ürəkaçan deyil. Xüsusilə də Çinin əksər iri şəhərləri su çatışmazlığından əziyyət çəkir. Yaxın illərdə Hindistan, Yaponiya, Pakistan kimi ölkələrdə şirin suya olan tələbat iki-üç dəfə artacaq. 2004-cü ilin dekabrında baş verən sunamidən əvvəl Asiya əhalisinin 20 faizi təhlükəsiz içməli su mənbələrindən, 2 milyard nəfər isə standartlara uyğun kanalizasiya şəraitindən məhrum idi. 2005-ci ilin oktyabrında Pakistan və Hindistanda, az miqdarda da Əfqanıstanda baş verən zəlzələ su ilə əlaqəli xəstəliklərə yol açaraq səhiyyə müəssisələrinə, su və kanalizasiya sistemlərinə ciddi zərər vurmuşdu. Banqladeşdə 28-35 milyona yaxın insan tərkibində arsenin miqdarı yüksək olan suyu istehlak edir. Latın Amerikasında 75 milyon insan təhlükəsiz su mənbələrindən məhrumdur, 116 milyon insanın isə kanalizasiya sistemi yoxdur. Proqnozlara görə Mexiko, Boqota, San-Paulu və Buenos-Ayres kimi şəhərlərə hüquqi və maliyyə dəstəyi artmasa, 20 ildən sonra təhlükə son həddə çatacaq. Su qıtlığına əsas səbəb kimi dünyada əhalinin artımı, su qaynaqlarının plansız istifadəsi, kənd təsərrüfatı sahələrinin genişlənməsi, iri şirkətlərin sayının artması və digər problemlər göstərilir. Digər başlıca problem olaraq bəzi inkişaf etmiş dövlətlərin sudan vəhşicəsinə istifadə etməsidir. Araşdırmalar təsdiq edir ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdən 10-15 dəfə artıq su istifadə edirlər. Yaşayış binalarında, məhsul istehsal olunan şirkətlərdə, əkinçilikdə, maldarlıqda, sənaye məhsullarının istehsalında suya qənaət edilmir. Bəzən su nəzarətsiz şəkildə kanalizasiya boruları vasitəsi ilə dənizlərə axıdılır. Yəni elə hallar olur ki, qitənin bir tərəfində insanlar şirin su çatışmazlığından əziyyət çəkir, digər tərəfində isə mənasız yerə sular kanalizasiya boruları vasitəsi ilə dənizlərə axıdılır. Haqsızlıq və ədalətsiz davranış dünyanın əksər dövlətləri və xalqları tərəfindən narazılıqla qarşılanır. Nəticə isə arzuedilən deyil. Narazı insanlar istismarçılara qarşı sərt və qəti mübarizə aparmağı düşünürlər. Daha doğrusu, artıq su qıtlığından əziyyət çəkən dövlətlər və onların xalqları ədalətli su bölgüsünə nail olmaq üçün mübarizəyə başlayıblar. Bu isə ona dəlalət edir ki, yaxın illərdə baş verəcək yeni müharibələr qızıl, uran mədənlərini, neft, qaz yataqlarını ələ keçirmək uğrunda deyil, şirin su hövzələrinə sahib olmaq uğrunda aparılacaq. Almaniya- Polşa, Pakistan- Hindistan, Tacikistan- Qırğızıstan mübahisələri, bəzi hallarda silahlı qarşıdurmaları məhz şirin su hövzələrinə sahib olmaq uğrunda aparılır.
Su uğrunda mübahisə Tacikistanla Qırğızıstan arasında dağıdıcı müharibəyə çevrilə bilər
Orta Asiyada su qıtlığı ilə əlaqədar yaranan böhran bəzi hallarda ölkələrdaxili ciddi problemlərin yaranması ilə yanaşı dövlətlərarası toqquşmalara da gətirib çıxarır. 2010-cu ilin aprelin 17-də Qırğızıstan respublikasının prezidenti Qurmanbek Bakıyevin hakimiyyətdən devrilməsinin səbəbi kimi ölkədə su çatışmazlığı və elektrik enerjisinin qiymətlərinin bahalığı göstərilir. Qurmanbek Bakıyev özü də sonralar irəli sürülən iddiaları təsdiqləmişdir. Bu isə onu deməyə əsas verir ki, su və elektrik enerjisi problemlərini aradan qaldırmaq hakimiyyətlərin əsas fəaliyyət istiqamətləridir. Problemlər həll edilmədikcə hökumətlər xalqların hədəfindədir. Stuasiya yetişincə xalq ayağa qalxıb problemləri yoluna qoymaq gücünə malik olmayan hakimiyyətləri devirə bilər. Hələlik Orta Asiya respublikaları həyatı məsələləri təkbaşına həll edə bilmirlər. Çünki resursların azlığı və ya qonşu dövlətlərin bir-birinə olan inamsızlığı məsələnin köklü həllinə imkan vermir. Problemlərin mövcudluğu səbəbindən bir neçə dəfə Tacikistanla Qırğızıstan arasında su qovşağını ələ keçirmək uğrunda mübahisələr lokal toqquşmalara gətirib çıxarıb. Tərəflər Tacikistanın şimalında yerləşən Suğd vilayəti ilə Qırğızıstanın cənub Batken vilayəti arasında yerləşən İsfara çayına nəzarət uğurunda mübarizə aparırlar. Məlumat üçün qeyd etmək lazımdır ki, Qırğızıstanla Tacikistan arasında sərhədin uzunluğu 970 kilometrdir. Bunun 519 kilometri dəqiqləşdirilib, qalanı isə hələ də qeyri-müəyyən qalıb. Sərhəd boyunca 70 mübahisəli sektor var və burada yerli sakinlər arasında su, örüş yerləri və torpaq sahələri üstündə tez-tez qarşıdurmalar baş verir. Qırğızıstan-Tacikistan sərhədində problemlər 1980-ci illərin sonlarında, SSRİ-nin son illərində başlayıb. Ərazinin iqlimi cəhətdən mürəkkəbdir. Yayda temperatur 40 dərəcəyə çatır. Eyni zamanda, yerli əhalinin əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Əkin vaxtı gələndə isə burada suvarma üçün su uğrunda əsl müharibə gedir.
Məlumat üçün qeyd etmək lazımdır ki, Tacikistanla Qırğızıstan arasında mübahisə sahəsinə çevrilən İsfara çayı Qırğızıstanın Batken, Tacikistanın Soğdi və Özbəkistanın Fərqanə vilayətləri arasında Sırdərya çayı hövzəsində yerləşir. Çayın suyundan hər iki tərəf həm içməli su olaraq, həm də əkinçilik və maldarlıqda istifadə edirlər. Çayın hövzəsində 200 minə yaxın əhali yaşayır. O zaman SSRİ Su Təsərrüfat nazirliyinin qərarı əsasında suyun 37 faizinin istifadəsinə dair limit qoyulub. Ancaq su çatışmazlığı səbəbindən tərəflər limitə əhəmiyyət vermirlər. Yəni qərarın icrasından imtina olunur. Hər iki dövlət İsfara çayına və çayın üzərində quraşdırılan su nasoslarına nəzarət etməyə çalışır. Əslində İsfara çayı üzərində su nasosları və supaylayıcı məntəqələri 1974-cü ildə Qırğızıstanın sifarişi əsasında SSRİ Su Təsərrüfatı Nazirliyi inşa edib. Ancaq Tacikistan tərəfi reallıqla barışmaq niyyətində deyil. Hakimiyyət iddia edir ki, İsfara Tacikistan ərazisində yerləşir və çayın istifadəsinə də onlar qərar verməlidirlər. Tacikistan vətəndaşları suyun paylanmasına nəzarət etmək üçün İsfara çayı üzərindəki supaylayıcı məntəqədə öz müşahidə kameralarını quraşdırıblar. Öz növbəsində Qırğızıstan vətəndaşları çayın onlara məxsus olduğunu qeyd edərək kameraları sıradan çıxarıblar. Vəziyyətə etiraz edən taciklər qırğızlara qarşı əlbəyaxa döyüş aparıb, onlara bədən xəsarətləri yetiriblər. Bir qədər sonra əlbəyaxa dava avtomatlarla, daha sonra isə toplarla əvəzlənib.
Tacikistanla Qırğızıstan arasında gərginlik yaratmağa çalışan məkrli qüvvələr var
2021-ci ilin aprelin 28-də İsfara çayının yuxarı axınında yerləşən “Qolovnoy” supaylayıcı məntəqəsindəki sahədə sərhəddə hər iki tərəfin sakinlər arasında qarşıdurma baş vermişdi. Hadisənin səhərisi gün tərəflər ov tüfənglərindən bir-birinə atəş açmışlar. Qırğızıstan tərəfindən 13 nəfərin ölmüş, 98 nəfər isə yaralanmışdır. Tacikistandan isə 3 insanın ölmüş, 31 nəfər yaralanmışdır. Ağrılı problemin miqyasının genişlənməsi üçün tərəflər ortaq məxrəcə gələrək işçi qrupunun yaradılması razılığına gəlmişlər. Lakin işçi qrupu heç bir iş görə bilməmişdir. Az sonra yenidən tərəflər arasında qarşıdurma yaşanmışdır. 2022-ci il sentyabrın 14-dən 17-ə qədər Tacikistan- Qırğızıstan sərhəddində son illərin ən gərgin qarşıdurması yaşanmışdır. Qırğızıstan sərhəddə silahlı qarşıdurma zamanı 59 nəfərin, Tacikistan isə 60-dan çox insanın öldüyünü bəyan edib. Qırğızıstanda sentyabrın 19-u rəsmi olaraq matəm günü elan edilib, Tacikistanda isə münaqişə qurbanlarının xatirəsinin sentyabrın 20-də yad ediləcəyi bildirilib. Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, Batken səhiyyə müəssisələrində daha 13 nəfərin cəsədi qəbul edilib. Nazirlik beləliklə, münaqişə qurbanlarının ümumi sayının 59 nəfər, yaralananların ümumi sayının isə 163 nəfər olduğunu bildirib. Qırğızıstan prezidenti Sadır Japarov sentyabrın 19-u Tacikistanla münaqişədə həlak olanların xatirəsinə milli matəm gününün elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bütün ölkə boyu və xaricdəki diplomatik və konsulluq idarələrinin binalarında bayraqlar yarıya endiriləcək.
Bir qədər əvvəl sərhəddə baş verən atışmadan sonra hər iki dövlətin hakimiyyəti ciddi siyasi iradə ortaya qoyaraq ərazidə sakitliyin yaradılmasına nail olublar. Lakin bu sakitliyin uzun çəkməyəcəyi ehtimal edilir. Yenə də müəyyən məkrli qüvvələr hər iki dinc, sakit xalqı bir-birinə silah çəkməyə təhrik edəcəklər. Lakin dünya sivilizasiyasına böyük mütəfəkkirlər, şair və yazıçılar, sərkərdələr, elm və mədəniyyət xadimləri bəxş etmiş Tacikistan və Qırğızıstan xalqları müdriklik göstərək, heç bir təxribata uymayacaqlar. Biz buna əminik. Nəzərə almaq lazımdır ki, iki dost qardaş ölkə arasında baş verənlər bizləri də narahat edir. Tacikistanla Qırğızıstan çətin, ağır yol keçərək, bugünkü sakit, firavan yaşayışlarını qurublar. Hər iki dövlət 71 il ərzində keçmiş SSRİ-nin tərkibində olub və yalnız ötən əsrin 90-cı illərində müstəqil dövlətçiliklərini qura biliblər. Ancaq müstəqilliklərinin ilk illərində hər iki dövlət çətinliklərlə üzləşiblər, ölkələrində ictimai-siyasi sabitlik pozulub, qarşıdurmalar baş verib. Belə vəziyyət dövlət müstəqilliyinin təhlükə altında qalması demək idi. Lakin hər iki dövlətin işıqlı ziyalılarının, düşünən beyinlərinin, ağıllı siyasətçilərinin müdrik qərarları sayəsində problemləri tədricən aradan qaldırmağa nail olublar. Belə bir çətinliklər, məşəqqətlər görmüş iki qonşu, həm də müsəlman ölkənin bir-birinə silah çəkməsi, bir-birini düşmən gözündə görməsi yalnız düşmənləri sevindirə bilər, dostlarını isə pərişan edir. Ona görə də, Azərbaycana dost, qardaş ölkə olan Tacikistanın və Qırğızıstanın liderləri, xalqları səbirli olmalı, problemin silah gücünə deyil, ağılın zəkası ilə həll etməyə çalışmalı və vahid birliyin, dostluğun yaradılması üçün müdrik qərarlar verməli, addım atmalıdır.
İLHAM ƏLİYEV