Son illər Fransa tərəfindən Azərbaycana qarşı məkrli, təxribat dolu siyasət yürüdülür. Xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra Fransa daha da aqressivləşərək ölkəmizə qarşı hüquqazidd addımlar atmağa başlayıb. Hətta erməni tərəfkeşliyi ilə tanınan bu ölkə, Azərbaycanın Qarabağdakı ədalətli lokal antiterror tədbirlərini "ermənilərə qarşı soyqırımı" kimi tanıtmağa da çalışdı. Bu, əslində ən böyük siyasi həyasızlıq idi. Təbii ki, Fransadan fərqli olaraq bir çox dünya gücləri 44 günlük müharibədə qəhrəmanlığımızın şahidi olmaqla bərabər, həm də ədalətli mübarizəmizi dəstəklədilər.
Emmanuel Makronun Cənubi Qafqazda anavtura və təxribat planlarının özü də bəribaşdan uğursuzluğa düçar olub. Bu uğursuz Fransa prezidentin bölgədə Rusiyanı sıxışdırıb İrəvan vasitəsi ilə özünü “ağa” kimi aparmaq niyyəti fiaskodan başqa bir şey deyil. Siyasi reallıqda Fransanın Rusiyanı Cənubi Qafqazda əvəz edə bilməsi mümkün deyil. Ona görə ki, Rusiyanın Ermənistanda hərbi bazası var. Məhz bu səbəbdən də Makron Ermənistana yalnız silah verməklə kifayətlənə bilər. Bu məqamda maraqlı suallar yaranır: Niyə NATO-ya üzv ölkələr Türkiyənin Rusiya istehsallı S-400 hava hücumundan müdafiə raketlərini almasına sərt reaksiya veririlər, amma Rusiyanın himayəsindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistana Fransa silahları verilməsinə göz yumurlar? Çünki hələ də NATO üzvü olan bir çox ölkələrdə geosiyasi məsələlərə yanaşmada qərəz və ikili standartlar mövcuddur.
Ermənistanın məğlubiyyətini hələ də qəbul etmək istəməyən Fransa revanşist qüvvələri yeni müharibəyə təhrik etməklə “səhvini düzəltməyə” çalışır. Rəsmi Paris torpaqlarımız işğal altında qaldığı müddətdə Ermənistana verdyi silahların sayını xeyli artıraraq Cənubi Qafqazı yenidən müharibə ocağına çevirməyə çalışır. Özünü demokratik ölkə kimi tanıtmağa çalışsa da, saxta “sülh mələyi” donuna bürünsə də qatil gec- tez axıtdığı qanlarda boğulmağa məhkumdur.
Fransanın zülmündən əziyyət çəkən ölkələrə yardım göstərən, onların azadlıqları uğrunda mübarizələrinə dəstəyini əsirgəməyən Azərbaycana qarşı düşmən mövqeyini Ermənistan revanşistlərini silahlandırmaqla bildirən rəsmi Paris ölkəmizə qarşı ən iyrənc böhtan və qarayaxmalardan istifadə edir. Ölkəsində nüfuzu azalan, reytinqi aşağı düşən Makron müstəmləkəçilik, neokolonialist siyasətini davam etdirir, dünya birliyində aşağı düşən nüfuzunun bərpasına çalışır. Amma Azərbaycanın haqq-ədalət uğrundakı mübarizəsi Makronun yalançı səylərini üstələyir. Əslində müstəmləkəçilik siyasətini saxta demokratiya” adı altında davam etdirən Fransa ilə Ermənistanı birləşdirən bağlar da eyni qandan yoğrulmuş münasibətlərdir. Müstəmləkə altında saxladığı ölkələrin təbii sərvətlərini talan edərək özünü guya iqtisadi cəhətdən qüdrətli ölkə kimi tanıdan Fransa 200 il ərzində nəinki Afrika qitəsinin təbii sərvətlərini mənimsəyib, eləcə də quldarlıqla məşğul olub. Ucuz qul əməyindən istifadədən yararlanan Fransa jandarmaları Afrikada 1,4 milyon insanı qul kimi satıblar. Müxtəlif ölkələrə daşınan qulların 15 faizi yolda acından ölüb. Əsrlərdən bəri Fransa şirkətlərinin istehsal etdiyi məhsullarda minlərlə afrikalının istismar olunmuş əməyi, qan izləri vardır. Tarixdən bəllidir ki, azadlıqları uğrunda mübarizə aparan afrikalıların etirazları xüsusi amansızlıqla yatırılmışdır. Ötən əsrin əvvəllərində Mərakeşdə, Əlcəzairdə, Çadda, Madqaskarda yüz minlərlə insan fransız əsgərləri tərəfindən vəhşicəsinə öldürülmüşdü. Xüsusilə 1945-ci ildə Əlcəzairin Setif və Helma şəhərlərində faşizm üzərində qələbənin qeyd edilməsi zamanı 45 min insan qətlə yetirilmişdi. Fransanın müstəmləkə siyasəti Afrika və Asiya ölkələrinin ekologiyasına da güclü zərbə vurub. 1960-1990-ci illərdə Fransa ordusu Əlcəzair və Polineziya ərazisində 210 dəfə nüvə bombası sınağı keçirib. Nəticədə vəhşi heyvanların populyasiyası 70 faiz azalıb ki, bu da təbiətə vurulan ən güclü zərbə olub. hazırda Afrika xalqlarının milli mədəniyyət və incəsənət nümunələrinin 90 faizi Luvr və Branli muzeylərində saxlanılır. Fransa təkcə Afrikada deyil, digər ölkələrin ərazisində də tarixi abidələri və mədəniyyət nümunələrini mənimsəyib, sadə dillə desək, oğurlayıb. Bu tarixi abidələrin geri qaytarılması üçün bu gün Avstraliya, Əlcəzair, Efiopiya, Nepal, Seneqal, Mali, Madaqaskar və digər dövlətlər Fransa qarşısında tələb qoyublar.
Bir sözlə, görünən odur ki, mövcud olduğu gündən Rusiyanın forpostu kimi tanınan Ermənistan indi də Fransanın əlində oyuncağa çevrilib. Yəni, haylar hələ də qul psixologiyasından qurtula bilmirlər. Burada diqqətçəkən digər məsələ isə odur ki, yalnız Azərbaycan deyil, həm də bölgənin böyük dövlətləri Türkiyə, Rusiya və İran Fransanın Ermənistan üzərindən bölgəyə gəlməsinə qarşıdırlar.
Makron Fransası əslində bu gün Ermənistana yüz milyonlarla dollar dəyərində silah-sursat verməklə Cənubi Qafqazı Suriyaya, Ukraynaya çevirmək kimi təhlükəli planını reallaşdırmağa çalışır. Ancaq anlamalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra hərbi-siyasi iflasa uğrayan Hayastan Azərbaycanla savaşmaq iqtidarında deyil. Fransa silahların əvəzinə haylara iqtisadi- ticari köməklik etsə Ermənistanın inkişafına daha çox dəstək vermiş olardı. Digər tərəfdən, Makronun siyasi fəaliyyətindəki riyakarlıq özünü onda biruzə verir ki, o, Yaxın Şərqdə İsraillə HƏMAS arasında sülh təşəbbüsü ilə çıxış edir. Amma Cənubi Qafqazda isə Ermənistanı sürətli silahlandırmaqla onu yeni müharibəyə sövq edir. Lakin həm Fransanın, həm də bölgədə öz maraqları üçün ən qanlı təxribatlar törətməkdən çəkinməyən digər qüvvələrin unutduqları bir həqiqət var: DƏMİR YUMRUQ yenə yerindədir!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri