Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Ümummilli Lider ayrı-ayrı ölkələrdə Azərbaycan mərkəzlərinin, cəmiyyətlərinin yaradılmasına nail olduqdan sonra dünya azərbaycanlılarını bir araya gətirə biləcək qurultayın keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Qurultayların keçirilməsi artıq ənənə halını aldı. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Sonrakı dövrlərdə III və IV Qurultay keçirildi. Tarixi Zəfərimiz dünya azərbaycanlılarının birliyində də əhəmiyyətli rol oynadı. Belə ki, 2022-ci ildə dünya azərbaycanlıları Şuşada bir araya gələrək V-Zəfər Qurultayını keçirdilər.
Tarixi Zəfərimizdən sonra digər bayramlarımız kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də fərqli, daha yüksək əhval-ruhiyyədə qeyd edilir. Bayramlarımızın azad edilmiş ərazilərimizdə də qeyd edilməsi hər birimizi qürurlandırır. Bu gün qalib, bütövləşən Azərbaycanın vətəndaşı olaraq Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsindən, soydaşlarımızın bu torpaqlara qayıdışından sevinclə bəhs edirik. Keçirilən bayramlar bu sevincimizə sevinc qatır.
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri