PDF Oxu

Siyasət

  • 536

Milli birliyin və qürurun rəmzi

image

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq uzun illərdir ki, xalqımızın milli yaddaşında və ictimai şüurunda möhkəm yer tutan, ümummilli birliyin rəmzinə çevrilmiş dövlət bayramıdır. Bu əlamətdar gün Azərbaycan xalqının milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızı vahid ideya və amal ətrafında birləşdirən mənəvi körpüdür.

Qədim və zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli həmrəyliyini təcəssüm etdirən bu gün hər bir azərbaycanlı üçün qürur, inam və gələcəyə ümid mənbəyidir. Həmrəylik Günü milli kimliyimizin qorunması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi və müstəqil Azərbaycanın maraqlarının qlobal miqyasda müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

1991-ci il dekabrın 16-da dahi dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi qəbul etdiyi tarixi qərarla dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi xalqımızın milli birliyinə xidmət edən mühüm addım oldu. Bu qərar dünya azərbaycanlılarının təşkilatlanması və ideoloji baxımdan səfərbər olunması prosesində yeni mərhələnin əsasını qoydu.

Ulu Öndərin 2001-ci il mayın 23-də imzaladığı sərəncamla Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu sahəsində sistemli dövlət siyasətinin başlanğıcı kimi tarixə düşdü. Qurultaydakı proqram xarakterli çıxışında Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin təmin olunmasını, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasını strateji vəzifə kimi müəyyənləşdirdi.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – bu tarixi kəlam bu gün də hər bir soydaşımız üçün milli qürur manifestidir.

Ulu Öndərin siyasi irsini müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyev dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Son illərdə diaspor təşkilatlarının institusional güclənməsi, onların beynəlxalq platformalarda Azərbaycanın milli maraqlarını ardıcıl şəkildə müdafiə etməsi bu siyasətin real nəticəsidir.

Möhtərəm Prezidentin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının II, III, IV və V qurultayları milli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etmişdir. Xüsusilə 2022-ci ildə azad edilmiş Şuşa şəhərində keçirilən V Qurultay – Zəfər Qurultayı dünya azərbaycanlılarının birlik tarixində yeni və şanlı bir səhifə açdı. Bu mötəbər tədbir 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin diaspor müstəvisində təntənəli təsdiqi oldu.

Bu gün qalib Azərbaycan güclü iqtisadiyyata, artan beynəlxalq nüfuza və qlobal təşəbbüslərdə fəal iştiraka malik dövlətdir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu gücün və nüfuzun daşıyıcısıdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu reallığı bir daha təsdiqləyir:
Azərbaycan hər bir azərbaycanlının Vətənidir və bu birlik sarsılmazdır.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər