Ölkəmizin hərtərəfli inkişafı, xüsusən insan kapitalına qoyulan sərmayə, rəqabətədavamlı insan kapitalı formalaşdırmaq naminə atılan addımlar, ilk növbədə, ölkənin sahib olduğu gənc nəsli doğru, düzgün və dövlətin gələcəyinin təminatçısı kimi formalaşdırmaqdan keçir. Bu mənada, Azərbaycan dövlətinin həyata keçirdiyi hərtərəfli siyasətin ən vacib komponentlərindən birini dövlət gənclər siyasəti təşkil edir. Bu siyasi istiqamət gənclərin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, onların arasında Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və digər taleyüklü məsələləri özündə ehtiva edir.
Ümummilli Liderimiz Heydər Əliyev sağlam gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan etmişdir. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumunun keçirilməsi, bundan sonra hər il fevralın 2-nin ölkəmizdə Gənclər Günü elan olunması bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Forumda gənclər təşkilatlarının və gənclərimizin qarşısında mühüm vəzifələr qoyulmuş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində ciddi tədbirlərin görülməsi aid dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirilmişdir.
2003-cü ildən sonrakı dövrdə isə dahi siyasətçinin layiqli davamçısı Prezident cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiqləndi və bu istiqamətlər üzrə əhəmiyyətli layihələr icra olundu. Bu sahədə görülən işlərin nəticəsidir ki, milli ruhda tərbiyələndirilən Azərbaycan gəncləri müxtəlif sahələrdə uğurlu fəaliyyəti, qazandığı nailiyyətlərlə yanaşı, tariximizin ən önəmli dövrlərindən biri olan 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığı, siyasi və sosial aktivliyi ilə Vətən, xalq və dövlətçilik qarşısında mühüm faktor kimi özünü doğrultdu. Həmin gənclərin vətənpərvərliyi, şücaəti daim yüksək qiymətləndirilir və daha geniş kontekstdən yanaşdıqda, onların ümumi profili gənclər siyasətinin inikası kimi dəyərləndirilir. Ölkə Prezidentinin dediyi kimi: “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.
Ölkəmizin siyasi və iqtisadi inkişafı fonunda gənclərin cəmiyyətdəki mövqeyi daha da güclənib, gənclərin təmsil olunduğu hökumət və qeyri-hökumət təşkilatlarının sayı artıb, bu müstəvidə fəaliyyət genişləndirilib. Təhsil və karyera imkanlarının yüksəldilməsi, qeyri-neft sektorunda investisiya artımı və ümumilikdə, sahibkarlığın inkişaf etdirilməsi amili gənc ixtisaslı kadrlara tələbatı da yüksəldib. Ölkə başçısının uğurlu və dərinləşən islahatları sayəsində uzun zamandır ki, dövlət idarəçiliyində və bir çox sahədə gəncləşdirmə mexanizmi tətbiq olunur. Nəticədə, Azərbaycanın inkişafına xidmət etməli olan vəzifəli şəxslərin, məsul şəxslərin qiymətləndirmə əmsalı cəmiyyət qarşısında konkretlik tapır: yüksək savad, dünyagörüş və digər göstəricilərin əsasında həqiqi vətənpərvərlik şərtdir və məhz belə insanlara etimad göstərilir. Gənclərin beynəlxalq arenaya çıxışı və fəaliyyətinin genişləndirilməsi Azərbaycanın tanıdılması və həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından effektiv nəticələr verir.
Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi nitqi, gənclərin suallarını cavablandırarkən gənclərə yüksək etimad və qayğısı, gələcək fəaliyyət prinsiplərini müəyyənləşdirən dəyərli tövsiyələri bu gün gəncliyin gələcək uğur harmoniyasını təşkil edir. Qazanılan uğurların arxasında güclü dövlət, qətiyyətli lider və qəhrəman xalq vəhdəti dayanır. Yaxın tarixdə yaratdığımız yeni reallıqlar Azərbaycanı birlik və bərabərlik içində yeni uğurlara səsləyir. Mövcud vəziyyət bütün sahələrdə inkişafa yol açır və bu istiqamətdə gənclərimizin üzərinə mühüm missiya düşür. Prezident cənab İlham Əliyev bu müstəvidə də gənclərin xidmətlərini yüksək qiymətləndirir, onlara olan etimadını və gözləntilərini daim açıq şəkildə bəyan edir:“Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil, əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq”
Azərbaycan tarixi gəncliyini Vətən uğrunda, haqq uğrunda sipər edən, bu yolda canından keçən şəxsiyyətlərlə zəngindir. Yeni tarixdə imzası olan gənclərimiz bu dəyərlərdən təsirlənir, cəmiyyətdəki vəzifəsini aydınca dərk edir. Müasir Azərbaycan gənci həm də bizə qalib adını miras buraxan qəhrəmanların, “Dəmir yumruq”lu xalqın və onun liderinin davamçılarıdır.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi