PDF Oxu

Siyasət

  • 917

Novruz barış, birlik və humanizm simvoludur

image

Novruz bayramı Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biridir. Tarixi İslam dininin yaranmasından öncəyə gedib çıxan bu bayram təkcə təbiətin oyanışı deyil, həm də birlik, həmrəylik və barış rəmzidir. Məhz buna görə də Novruz bayramı müxtəlif siyasi baxışlardan, ideoloji fərqlərdən asılı olmayaraq, xalqımızı bir araya gətirən mühüm bir dəyər kimi formalaşıb.

Ulu Öndər Heydər Əliyev Novruz bayramının Azərbaycan xalqının həyatında oynadığı rolu çox doğru və əhatəli təsbit etmişdir: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir... Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür.”.
Novruz bayramı Azərbaycan xalqının zəngin folklor və mədəniyyət irsinin daşıyıcısıdır. Çərşənbələr – Su, Od, Yel və Torpaq çərşənbələri – qədim inanclara əsaslanaraq, təbiət hadisələrinin insan həyatındakı rolunu əks etdirir.
Novruzun ənənələri arasında tonqal qalanması, papaqatdı, qulaq falı, səməni əkmək, yumurta döyüşdürmək və xonça bəzəmək xüsusi yer tutur. Bayram süfrəsində paxlava, şəkərbura və qoğal kimi şirniyyatların olması qədim ənənələri yaşadır.
Bu bayramın Azərbaycan incəsənətində də geniş əksi var. Üzeyir Hacıbəyov, Fikrət Əmirov kimi bəstəkarlar Novruza həsr olunmuş musiqilər bəstələmiş, “Novruzun çələngi”, “Ocaq” kimi filmlər çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın və Ulu Öndərin arzusunu reallığa çevirərək, Azərbaycan torpaqlarını uzun illərdən sonra peşəkar diplomatik bacarığı və güclü ordusu ilə işğaldan azad etdi. Bu gün artıq xalqımız Novruz bayramını Xankəndində, Şuşada, Laçında, Ağdamda, Xocalıda və digər azad edilmiş torpaqlarda qeyd edir. Bu, təkcə bir bayramın qeyd edilməsi deyil, tarixi ədalətin bərpasıdır.
Prezident İlham Əliyev 2021-ci ildə Şuşada Novruz tonqalı yandıraraq, Azərbaycan xalqının uzun illər davam edən haqlı mübarizəsinin təntənəli zəfərini belə ifadə etmişdir: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. Hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq.”
Daha sonra, 2022-ci ildə Suqovuşanda və 2023-cü ildə Talışda Novruz bayramını qeyd edərək, dövlət başçısı bu bayramın Azərbaycanın suverenliyinin və inkişafının göstəricisinə çevrildiyini bütün dünyaya göstərdi.
2024-cü ilin Novruz tonqalını ölkə rəhbəri Xankəndində alovlandırdı. Azərbaycan xalqı o qürurlu günləri heç zaman unutmayacaq.
Prezident İlham Əliyevin 18 mart 2024-cü il tarixində Xankəndində Novruz bayramı təbrikindən sitatlarını yada salaq: "Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır.
2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik.
Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Bərpa-quruculuq işləri davamlı olaraq aparılır. Biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.
Elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir.
Qələbəmizin növbəti rəmzi Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılır. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq.
Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq.
Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq".
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bundan əlavə, 2010-cu ildə BMT Baş Assambleyası martın 21-ni "Beynəlxalq Novruz Günü" elan edib. Bu addımlar Novruz bayramının təkcə milli yox, həm də beynəlxalq mədəni irs kimi tanınmasını təmin edib.
Mehriban xanım Əliyevanın Novruz bayramı ilə bağlı digər təşəbbüslərindən biri 2007-ci ildən başladılan “Hərəmiz bir ağac əkək” kampaniyasıdır. Bu kampaniya çərçivəsində on minlərlə ağac əkilmiş, ekoloji problemlərin həlli üçün mühüm addımlar atılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamları dövlətin humanizm siyasətinin təzahürüdür. Hər il yüzlərlə insan bu sərəncamlar vasitəsilə azadlığa qovuşur ki, bu da Novruzun barış və birlik ideyalarına uyğun gəlir.
Bundan əlavə, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə qarşılıqlı bayramlaşması ölkədə yeni siyasi mədəniyyətin təşəkkül tapdığını göstərir. Bu, Azərbaycanın həmrəylik və dialoq prinsipləri üzərində qurulan modern siyasi sistemə sahib olduğunu nümayiş etdirir.
Novruz bayramı təkcə xalqımızın tarixi ənənəsi deyil, həm də milli birliyin, vətəndaş həmrəyliyinin və Azərbaycanın dövlətçilik ənənələrinin gücləndirilməsinin mühüm rəmzidir. Azərbaycanın suverenliyinin təmin olunması və Qarabağın azad edilməsi ilə Novruz bayramı artıq yeni tarixi mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik... Bu gün biz qurub-yaradırıq.”
Azərbaycan xalqı öz ənənələrinə sadiq qalaraq, hər il Novruz bayramını həm milli-mənəvi dəyərlərin, həm də müasir inkişaf və güclü dövlət quruculuğunun bayramı kimi qeyd edir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər