Prezident İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycan Respublikasının müstəqil dövlət kimi siyasi, iqtisadi, hərbi və sosial sahələrdə keyfiyyətcə yeni mərhələyə yüksəlməsi ilə xarakterizə olunur. Bu fəaliyyət konseptual dövlət siyasəti, milli maraqlara əsaslanan qərarlar və vətəndaş mərkəzli idarəetmə modeli üzərində qurulmuşdur. 2024-cü il prezident seçkiləri müstəqillik tarixində ilk dəfə ölkənin bütün ərazilərində keçirilməsi ilə seçilmiş, bu proses dövlət suverenliyinin tam bərpasının siyasi təsdiqi olmuşdur. Antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, Zəfər Günü, Zəfər paradları, Qələbə ilə bağlı orden və medallar, Dövlət Suverenliyi Günü təsis edilmişdir. Qələbənin əbədiləşdirilməsi məqsədilə mühüm institusional və simvolik addımlar atılmışdır.
Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi xalqla birgə tarixi Qələbəyə imza atmışdır. Prezidentin qazilərə və şəhid ailələrinə xüsusi diqqəti, amnistiya aktları, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi sosial ədalət və humanizm prinsiplərinə əsaslanan siyasətin təzahürüdür.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” prinsipi Prezident İlham Əliyevin dövlət idarəçiliyinin əsas fəlsəfəsini təşkil edir. Təkamül yolu ilə demokratik ənənələrin formalaşması, siyasi dialoq mühiti və yeni siyasi konfiqurasiya sabitliyin qorunmasına xidmət etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkənin sosial-iqtisadi inkişafı davamlı xarakter almışdır. Beş fundamental nəticə — qalib dövlət modeli, artan beynəlxalq nüfuz, təhsilli cəmiyyət, güclü iqtisadi potensial və yüksələn rifah bu inkişafın əsas göstəriciləridir. İqtisadi rayonların yeni bölgüsü, “Cənub Qaz Dəhlizi”, rəqəmsal iqtisadiyyat strategiyası və Böyük Qayıdışa dair I Dövlət Proqramı gələcəyə hesablanmış siyasətin mühüm elementləridir.
Prezident İlham Əliyevin aldığı təhsil və peşə fəaliyyəti onun uğurlu qərarlarının əsasını təşkil etmişdir. Gənclərin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasəti, fəxri elmi adlar, innovasiya və kosmik sənayenin inkişafı Azərbaycanın intellektual potensialını gücləndirmişdir.
Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Ordunun modernləşdirilməsi və hərbi-siyasi iradə Qələbənin əsas təminatçısı olmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi tanınmışdır. Qələbə diplomatiyası, Azərbaycan–Ermənistan normallaşma prosesində əldə olunan tarixi nəticələr və yeni beynəlxalq əməkdaşlıq formatları ölkənin qlobal mövqelərini möhkəmləndirmişdir.
Prezident İlham Əliyevin siyasəti milli-mənəvi dəyərlərin qorunmasına, ümumbəşəri humanizm prinsiplərinə və ictimai həmrəyliyə əsaslanır. “Biz birlikdə güclüyük!” çağırışı xalq–dövlət birliyinin ideoloji əsasını təşkil edir. Üçrəngli dövlət bayrağının azad edilmiş torpaqlarda dalğalandırılması bu birliyin rəmzinə çevrilmişdir.
Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycanın güclənməsi, dövlət suverenliyinin möhkəmləndirilməsi və dayanıqlı inkişafın təmin olunması ilə səciyyələnir. Onun rəhbərliyi dövründə Azərbaycan qalib, güclü və nüfuzlu dövlət kimi yeni tarixi mərhələyə qədəm qoymuşdur.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi