PDF Oxu

Siyasət

  • 1 238

Yeni dünya düzəni və Azərbaycanın strateji mövqeyi

image

Prezident İlham Əliyev Qlobal Bakı Forumunda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunu “Euronews” televiziyasına müsahibəsində ətraflı şəkildə şərh edərək mövcud qlobal nizamın artıq keçmişdə qaldığını və yeni qaydaların formalaşdığını bildirdi. Beynəlxalq əlaqələrin yenidən tənzimlənməsi və dövlətlərin daxili imkanlarına daha çox güvənməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı Azərbaycanın bu baxımdan böyük təcrübəyə malik olduğunu vurğuladı.

Azərbaycan öz daxili resurslarına arxalanaraq, beynəlxalq hüququn selektiv tətbiqinə qarşı mübarizə apararaq və suverenliyini qoruyaraq gələcəyini qurmağa davam edir. Prezident İlham Əliyev müsahibəsində dünya düzəninin dəyişdiyini və bu dəyişikliklərə uyğun olaraq yeni qaydaların müəyyənləşdirilməsi prosesinin başladığını qeyd etdi. Artıq bir çox beynəlxalq münasibətlərdə qədim nizamların keçmişdə qaldığını görürük. Bu, xüsusən də beynəlxalq təşkilatların zəifliyi və ya iflic vəziyyəti ilə özünü biruzə verir.
Cənab İlham Əliyevin sözlərinə görə, beynəlxalq hüququn selektiv tətbiqi və bir çox ölkələrin müxtəlif beynəlxalq qurumların fəaliyyətinə qarşı daha az arxalanmağa başlaması qlobal nizamın yenidən formalaşdırılması zərurətini ortaya qoyur. Dövlətimizin başçısı geosiyasi arenaya da ətraflı nəzər salıb, diqqətə çatdırıb ki, “Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir. Biz geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq. Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibidir”.
Həmçinin, bu vəziyyətdə hər bir ölkə öz daxili imkanlarına və resurslarına daha çox güvənməli və beynəlxalq mübahisələrdə öz maraqlarını daha açıq və müstəqil şəkildə müdafiə etməlidir. Azərbaycan özünün daxili resursları və müstəqilliyi əsasında öz suverenliyini qorumaqla yanaşı, beynəlxalq hüququn qərəzli tətbiqinə qarşı mübarizə aparmışdır.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın bu təcrübəsini və həmin sahədə əldə etdiyi uğurları xüsusi olaraq vurğuladı. Azərbaycanın bu mövqeyi ölkəmizin güclü iqtisadiyyatını və siyasi müstəqilliyini daha da möhkəmləndirib və beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olmaqdan qaçmağa imkan vermişdir. Bundan başqa, dövlətimizin başçısı qeyd etdi ki, gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlər daha az əhəmiyyət kəsb edəcək və ölkələr daha çox ikitərəfli münasibətlərə üstünlük verəcəklər. Bu dəyişikliklər, xüsusən bəzi beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsiz və ya qeyri-effektiv olmasının nəticəsidir. Nəticədə ölkələr arasında birbaşa əlaqələr və diplomatik müzakirələr önə çıxacaq. Prezident İlham Əliyev bu prosesin hələ də başlanğıc mərhələsində olduğunu və bir çox məsələlərin gələcəkdə hadisələrdən asılı olacağını qeyd etdi.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Digər xəbərlər