PDF Oxu

Siyasət

  • 763

Azərbaycan ilə Almaniya arasında ticarət əlaqələri şaxələndiriləcək - ŞƏRH

image

Azərbaycan və alman xalqları arasında əlaqələr kifayət qədər dərin tarixi köklərə malikdir. Uzun illər bundan öncə Almaniyanın Bavariya vilayətinin yeddi inzibati dairəsindən biri olan Şvabiyadan kəndlilərin ölkəmizə köç edərək Azərbaycanda məskunlaşması bunun əyani sübutudur. Alman təşkilatları, böyük şirkətlər hələ XIX əsrin ortalarından Azərbaycanda sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Ölkəmizdə rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə mətbuata bəyanatla etdiyi çıxışında bu tarixi məqamları xatırladaraq bildirmişdir ki, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir.

Əminliklə demək olar ki, Almaniya Prezidentinin ölkəmizə bu rəsmi səfəri mövcud əlaqələrin bundan sonra daha dinamik genişlənməsinə mühüm töhfə olacaqdır. Öz bəyanatında cənab Prezident İlham Əliyev qeyd etdi ki, iki ölkənin dövlət başçıları arasında həm təkbətək formatda, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Xüsusilə iqtisadi sahədə əldə edilmiş nəticələr təqdirəlayiqdir. Belə ki, cari ilin yanvar-fevral aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olduğuna görə, dövlətimizin başçısı növbəti illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmağın vacibliyini vurğuladı. Qeyd olundu ki, xüsusilə bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin böyük təcrübəsi və Azərbaycanın da planları nəzərə alınaraq, bu sahədə çalışmalar daha da intensivləşdirilməlidir.

Təbii ki, aparılan müzakirələrdə əsas mövzulardan biri də Azərbaycan ilə Ermənistan arasında sülh prosesi ilə bağlı idi. Bir daha diqqətə çatdırılmışdır ki, Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, xalqımız etnik təmizləməyə məruz qalmışdır. Torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Yalnız 2020-ci ildə Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfər sülh danışıqlarına yol açmışdır və bu gün, cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması artıq çoxdan regional çərçivədən çıxaraq qlobal miqyasda önəm kəsb edən bir məsələyə çevrilmişdir.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər