Bakı dünya iqtisadiyyatı üçün önəm daşıyan daha bir beynəlxalq toplantıya uğurla ev sahibliyi etdi. Son illər dünya iqtisadiyyatı üçün həlledici məsələlərin müzakirə məkanına çevrilən Azərbaycan paytaxı, bu dəfə enerji təhlükəsizliyi barədə həlledici toplantı üçün seçilmişdi. Avropanın enerji təhlükəsizliyində hər keçən il xüsusi rola sahib olan Azərbaycan dövlətinin nüfuz və etibar sahibi olduğu növbəti dəfə nümayiş olundu.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Ötən il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarından bu günədək enerji diplomatiyasının uğurlarından bəhs edərkən ilk olaraq Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 tədbiri göz önünə gəlir. Bu iqlim konfransı ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirdiyini, yeni hədəflərə nail olmaq üçün səylə çalışdığını bir daha təsdiqlədi. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi.
Bir məsələni də xüsusi olaraq vurğulayaq ki, “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nda Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürülür. Eyni zamanda, tərəflər Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq etməyə səy göstərir. Azərbaycan bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında iştirak edir.
Uğurlu enerji siyasəti reallaşdıran ölkəmiz Avropanın enerji bazarında mühüm faktor kimi statusunu qoruyub saxlayır. Bu vaxta qədər əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır.
Beləliklə, Avropa qitəsində potensial əməkdaşlıq imkanları da genişlənir. Nəzərə alsaq ki, Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Xüsusilə Ermənistan işğalından azad edilmiş ərazilərin potensial yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şətrləndirir. Yaşıl enerji interkonnektor layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, dayanıqlı enerjiyə keçidi də sürətləndirəcək. Məşvərət Şurasının toplantılarında aparılan müzakirələrdə enerji təhlükəsizliyini möhkəmləndirmək, Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləmək üçün birgə səylər nəzərdən keçirildi.
Digər bir məqam barədə danışaq. Boru kəmərinin keçdiyi ölkələrin qaz ehtiyaclarının ödənməsi baxımından bu layihə böyük əhəmiyyətə malikdir. Çünki İtaliya, Slovakiya və digər region ölkələrinin qaz tələbatının orta hesabla təqribən 20%-ə qədəri bu kəmər vasitəsilə ödənilə bilər ki, bu da böyük bir addımdır. Bu istiqamətdə TAP və TANAP layihələri də mövcuddur. Hər iki layihə həm Avropaya, həm də qardaş Türkiyəyə qaz nəqlinin həyata keçirilməsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Bu layihələr, "Şahdəniz" yatağında qaz ehtiyatlarının kəşfindən sonra həyata keçirilməyə başlanılıb. Bu təşəbbüslər Azərbaycanın təkcə regionda deyil, dünya miqyasında da mövqeyinin möhkəmlənməsinə səbəb olub və strateji əhəmiyyət kəsb edir. Azərbaycan əhali baxımından kiçik olsa da, bu cür irimiqyaslı layihələrlə dünya siyasətində və iqtisadiyyatında vacib rol oynadığını artıq sübut edib. Hazırda qaza olan ehtiyac, dünyada nüfuz mübarizəsində böyük əhəmiyyət daşıyır. Dövlətlər arasında qarşılıqlı tətbiq olunan sanksiyalarda da qaz və energetika amili mühüm rol oynayır. Azərbaycan bu məsələdə həm Avropanın, həm də Türkiyənin qazla təmin olunmasında əsas oyunçulardan biridir. Bu isə geosiyasi baxımdan ölkəmizin digər dövlətlərlə münasibətlərində mühüm rol oynayır və həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir.
Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır.
Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil. Bu tədbir, eyni zamanda, Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə edərək etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci toplantısındakı çıxışında qeyd etdi ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür.
Artıq Avropa İttifaqı Azərbaycan qazına olan martağını növbəti dəfə ifadə edib. Aİ-nin enerji və mənzil təsərrüfatı məsələləri üzrə komissarı Dan Yorgensen Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycandan qaz idxalını genişləndirməkdə maraqlıdır. “Biz Azərbaycana son illərdə idxal edə bildiyimiz qaza görə təşəkkür etməklə yanaşı, bu əməkdaşlığı davam etdirəcəyimizə də ümid edirik. Azərbaycan qazı həqiqətən də Rusiya qazından asılılığımızı azaltmaqda son dərəcə vacib idi. Üstəlik, biz onun genişləndirilməsində çox maraqlıyıq, çünki bu gün qazımızın 13 %-i hələ də Rusiyadan gəlir və məqsədimiz onun idxalını tamamilə dayandırmaqdır”, - o deyib. Yorgensenin sözlərinə görə, “yaşıl keçid”in fəal təşviqinə və bərpa olunan enerji mənbələrinin inkişafına baxmayaraq, qaz hələ bir müddət də Aİ-nin enerji balansının bir hissəsi olaraq qalacaq. Bu faktın özü yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyindəki güclü mövqeyini və artan təsirini açıq şəkildə ortaya qoyur.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri