PDF Oxu

Siyasət

  • 1 340

Zərifə xanım Əliyevanın uğurlu fəaliyyəti dünya tibb tarixində əbədiyaşar nümunə kimi qalacaq

image

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata və yüksək insani keyfiyyətlərə malik, əsl ziyalı və fədakar alim kimi mənalı ömür yolu keçmişdir. O, təkcə elmi nailiyyətləri ilə deyil, həm də nümunəvi şəxsiyyəti, insanlara olan sonsuz diqqət və qayğısı ilə yadda qalmışdır. Zərifə xanımın fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişafında mühüm mərhələ təşkil edir. Onun geniş elmi axtarışları, oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar bu sahənin yüksəlişinə təkan vermiş, tibb elminin irəliləməsində silinməz iz qoymuşdur.

Zərifə xanım Əliyeva elmi fəaliyyəti ilə oftalmologiya sahəsində bir çox yeniliklərə imza atmış, bu elmi beynəlxalq səviyyədə tanıtmağa nail olmuşdur. Onun təşəbbüsü və rəhbərliyi ilə keçirilən tədqiqatlar, yazdığı monoqrafiyalar, tibbi elmi məqalələr oftalmoloji diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsində mühüm rol oynamışdır. O, yalnız praktik həkim və tədqiqatçı kimi deyil, eyni zamanda pedaqoq və insanpərvər bir ziyalı kimi də geniş rəğbət qazanmışdır.
Oftalmoloq-alim öz elmi-pedaqoji fəaliyyəti çərçivəsində yüzlərlə gənc alimin yetişməsinə töhfə vermiş, onların elmi istiqamətini müəyyən etmiş, professional inkişaflarına xüsusi diqqət göstərmişdir. Onun yetirmələri bu gün ölkənin müxtəlif tibb müəssisələrində uğurla fəaliyyət göstərir, cəmiyyətə sağlamlıq və həyat bəxş edirlər. O, tələbələrinə təkcə tibbi bilikləri deyil, həm də yüksək mənəvi dəyərləri, insanlara sevgi və diqqətlə yanaşmağı aşılamışdır. Onun həyat fəlsəfəsində elmə və insana xidmət başlıca yer tuturdu.
Zərifə xanımın həkim kimi fədakarlığı, vicdanlı fəaliyyəti, yüksək vətəndaşlıq mövqeyi, sadəliyi və alicənablığı həmkarlarının, tələbələrinin və minlərlə xəstənin qəlbində silinməz iz buraxmışdır. Onun insanlara münasibəti tibb sahəsində çalışan hər bir şəxs üçün örnəkdir. 1983-cü ildə akademik seçilməsi, “Əməkdar elm xadimi” fəxri adına, “Qırmızı Əmək Bayrağı” ordeninə və digər nüfuzlu mükafatlara layiq görülməsi onun çoxillik səmərəli elmi fəaliyyətinin dövlət səviyyəsində tanınmasının bariz ifadəsidir.
Bu gün Zərifə xanımın adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkənin aparıcı tibbi elmi müəssisələrindən biri kimi fəaliyyət göstərir və oftalmoloq-almin elmi irsini yaşatmaqda davam edir. Bu mərkəz onun alim və insan kimi qoyduğu irsin davamı olaraq, həm elmi yeniliklərə, həm də peşəkar həkimlərin yetişdirilməsinə töhfə verir.
Akademik Zərifə xanım Əliyevanın parlaq ömür yolu və çoxcəhətli fəaliyyəti Azərbaycan elminin və səhiyyəsinin tarixində əbədiyaşar nümunə kimi qalacaqdır. Onun həyat yolu hər bir tibb işçisi, hər bir ziyalı və hər bir vətəndaş üçün örnəkdir.

Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri

Digər xəbərlər