Aprelin 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11 və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, enerji layihələrində əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir: “Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmayacaq. Digər vacib amil isə qonşu və tərəfdaşlar ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsidir. Ölkəmiz enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Bakıda keçirilmiş son görüşdən, yəni, X Məşvərət Şurasından sonra əlavə beş ölkə Azərbaycanın təbii qazının alıcısına çevrildi. Artıq Azərbaycanın təbii qazı on iki ölkəyə ixrac edilir ki, onlardan onu Avropa ölkəsidir. Həmin ölkələrdən səkkizi isə Avropa İttifaqının üzvüdür. Sözsüz ki, bundan sonra da Azərbaycanın Avropada qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində mühüm addımlar atır. Dövlətimiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində yeni layihələri təşviq edir.
Enerji layihələri müasir dövrdə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Enerji ehtiyatlarının hasilatı, nəqli və istehlakı üzrə qurulan infrastruktur həm regionların dayanıqlı inkişafına, həm də beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə zəmin yaradır. Bu layihələr vasitəsilə həm təchizat zəncirinin sabitliyi təmin olunur, həm də enerji resurslarından istifadə daha səmərəli formada həyata keçirilir.
Transregional enerji layihələri xüsusilə diqqət mərkəzindədir. Onların əsas məqsədi müxtəlif mənbələrdən enerji axınını təmin etməklə təchizatın şaxələndirilməsinə nail olmaq və istehlakçı ölkələrin təhlükəsizliyini möhkəmləndirməkdir. Bu çərçivədə boru kəmərləri, enerji terminalları, rəqəmsal monitorinq sistemləri və yaşıl enerji inteqrasiyası kimi komponentlər ön plana çıxır. Belə layihələr təkcə enerji sahəsində deyil, həm də nəqliyyat, kommunikasiya və ticarət sahələrində yeni əməkdaşlıq platformaları formalaşdırır.
Bərpa olunan enerji layihələrinin aktuallığı da durmadan artır. Günəş, külək və hidroenerji potensialından istifadə edən bu təşəbbüslər iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayır. Əlavə olaraq, enerji keçidi prosesində bu layihələr klassik enerji modellərinə alternativ kimi çıxış edərək daha təmiz və davamlı gələcəyin qurulmasına xidmət edir. Beləliklə, enerji layihələri qlobal miqyasda strateji sabitliyin və davamlı inkişafın vacib alətlərindən biri hesab olunur.
Azərbaycan bu enerji layihələrində mühüm iştirakçı və təşəbbüskar kimi çıxış edir. Ölkənin zəngin karbohidrogen ehtiyatları və əlverişli coğrafi mövqeyi, onu enerji istehsalçısı və tranzit ölkə kimi ön plana çıxarır. Həyata keçirilən irimiqyaslı layihələr, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bu layihələr sayəsində alternativ təchizat marşrutları formalaşır, enerji asılılığı azalır və tərəfdaş ölkələr arasında qarşılıqlı etimad möhkəmlənir.
Bununla yanaşı, Azərbaycan bərpa olunan enerji potensialını da inkişaf etdirmək istiqamətində ciddi addımlar atır. Xəzər dənizində külək enerjisi layihələri və günəş enerjisi sahəsində beynəlxalq əməkdaşlıqlar, ölkənin yaşıl enerjiyə keçid prosesində fəal mövqe tutduğunu göstərir. Bu təşəbbüslər həm enerji diversifikasiyasını gücləndirir, həm də iqlim məqsədlərinə uyğun fəaliyyətlərin genişlənməsinə şərait yaradır. Beləliklə, Azərbaycan həm ənənəvi enerji layihələri, həm də yaşıl enerji təşəbbüsləri vasitəsilə regional və qlobal enerji təhlükəsizliyinə töhfəsini davam etdirir.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri