Cari ilin aprel ayının 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamina doğru" beynəlxalq forumu, beynəlxalq siyasətdəki dəyişiklikləri və Azərbaycanı bu yeni nizamda hansı rolu oynamağa namizəd olduğunu müzakirə edən çox mühüm bir hadisə oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin forumda, etdiyi çıxış, yalnız bölgə ölkələrinə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar idi. Cənab Prezidentin səsləndirdiyi fikirlər, Ermənistanla normallaşma prosesinin konturlarını, mümkün sülh sazişinin şərtlərini və regionda gələcək əməkdaşlıq imkanlarını aydın şəkildə ortaya qoyur. Bu çıxış həm də, Azərbaycanın geosiyasi baxışının, regional transformasiya layihələrinin və təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirir.
Forumun keçirilməsi dünya düzəninin sürətlə dəyişdiyi, geosiyasi ziddiyyətlərin dərinləşdiyi bir dövrə təsadüf edir. Müasir çağırışlara cavab axtaran ölkələr və beynəlxalq qurumlar yeni əməkdaşlıq formatları yaratmağa çalışır. Məhz belə bir məqamda keçirilən bu forum, qlobal məsələlərin açıq dialoq şəraitində müzakirəsi üçün mühüm platforma oldu.
Ölkə Prezidentnin Forumdakı çıxışı da mühüm məqamları, çağırışları, Ermənistana və havadarlarına ünvanlanan mesajları ilə diqqətdə oldu. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayıb.
Həmçinin, Prezident İlham Əliyev Forumda xüsusi bir məqama diqqət çəkdi: beynəlxalq ekspertlərin azad edilmiş əraziləri ziyarət etməsi və dağıntıların real miqyasını görməsi. Bu həm humanitar anlamda münaqişənin dərkidir, həm də, diplomatik mesajdır - Azərbaycan təkcə qələbə qazanmır, həm də qurur.
Bütövlükdə, ölkə Başısının forumda səsləndirdiyi hər bir bəyanat strateji məna daşıyır. Bunlar sadəcə mövcud vəziyyətin şərhi deyil, həm də yeni siyasi arxitekturanın konturlarını cızan planlardır.
Forumun yekununda iştirakçılar belə tədbirlərin beynəlxalq dialoqun güclənməsində əvəzsiz rol oynadığını vurğuladılar. Qəbul edilmiş qənaətlərdən biri də bu oldu ki, qarşıdakı illər yeni çağırışlarla yanaşı, həm də yeni imkanlar dövrü olacaq. Azərbaycanın isə bu prosesdə aktiv və təşəbbüskar mövqeyi, beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Bu tədbir, həmçinin ölkəmizin gələcəkdə qlobal nizamın formalaşmasında və regional sabitliyin təmin edilməsində mühüm rol oynayacağını bir daha təsdiqləyir.
Rövşən ƏHMƏDOV
YAP Ağcabədi rayon təşkilatının sədri