Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Artıq müharibənin başa çatmasından dörd ildən artıq il ötür. İşğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. Bu gün Azərbaycanda yeni bir həyat başlayıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlara yenidən nəfəs gəlir və bu məkanların infrastrukturu yenidən qurulur, yeni yollar çəkilir. Bildiyimiz kimi, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri dağıdılmışdır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa işinə star verib, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırır.Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir.
Qeyd edək ki, ölkədə son illər ərzində yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Son 21 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda (o cümlədən 6,6 min km respublika əhəmiyyətli, 11,6 min km yerli əhəmiyyətli və 2,6 min km isə Bakı şəhərində) yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi istifadədə və Bakı şəhərində olan avtomobil yollarında ümumilikdə 335 ədəd körpü və yol ötürücüsü tikilmiş, 56 ədədi təmir edilmiş, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3.4 min km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir ki, onlardan ümumilikdə 0.3 min km (6 layihə tamamilə, 1 layihə isə qismən) tikilib başa çatdırılmışdır.
28 TUNEL, 392 KÖRPÜ VƏ 9 VİADUKUN TİKİNTİSİ TAMAMLANIB
Prezidentin imzaladığı müvafiq sərəncamlarla Qarabağ və Şərqi Zəngəzurda çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb və görülən işlərin icrası daha da sürətləndirilib. Bunun nəticəsidir ki, qələbəmizin simvolu sayılan "Zəfər yolu"nun tikintisi cəmi bir ilə başa çatdırılıb və yol artıq istifadədir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik "Zəfər yolu" Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən "Zəfər yolu" Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına hazırda işğaldan azad olunan ərazilərdə daha 15 avtomobil yolunun tikintisi həyata keçirilir. 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi aparılır. Bu layihələr çərçivəsində 45 tunel, 447 körpü, 16 viadukun inşası nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi artıq tamamlanmışdır.
STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK LAYİHƏ
Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi), strateji əhəmiyyətə malik və regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına töhfə verən bir layihədir. Uzunluğu 123,6 km olan bu yolun tikintisi hazırda 93 faiz tamamlanıb. Hazırda 93%-lik tamamlanma ilə, yaxın gələcəkdə bu layihənin tam olaraq istifadəyə verilməsi region üçün yeni üfüqlər açacaq. Zəngəzur dəhlizi layihəsinin texniki göstəriciləri, yolun yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilməsini təmin edir. Yolun ümumi uzunluğu 149,9 km təşkil edir. Əsas yolun uzunluğu isə 123,6 km-dir. Yolun texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır. Yolun eni 14-21 m arasında dəyişir, torpaq yatağının eni 21.5-29.5 m, hərəkət zolaqlarının sayı isə 4-6 arasında təyin edilib. Bu, nəqliyyatın rahat və təhlükəsiz axınına zəmin yaradır.
Layihə çərçivəsində 261 boru (16 814 m), 55 alt keçid (3781 m) və 28 körpü (2090 m) inşa edilir. Ayrıca, yol boyunca 3 tunel də tikilir, bu tunellərin ümumi uzunluğu isə 12 032 m-dir. Layihə üzrə görülən asfalt işləri 950 000 m3, torpaq işlərinin həcmi isə 61 646 373 m3 təşkil edir. Bu da yolun möhkəm və davamlı olmasını təmin edən əsas faktorlardır. Zəngəzur dəhlizinin tikintisindəki mühüm layihə komponentlərindən biri tunellərdir. Tunellər üzrə tikinti işləri artıq böyük ölçüdə tamamlanıb. Belə ki, şərti adları T1, T2 və T3 olan tunellərinin hər birində qazma, püskürtmə beton işləri artıq yekunlaşıb. Layihə üzrə ümumilikdə 28 körpü tikilir, bunlardan 16-ı su ötürücü, 12-si isə yol ötürücüdür. 19 körpünün tikintisi artıq yekunlaşıb, 8 körpüdə tikinti işləri davam edir. Həmçinin, alt keçidlərin, 258 dairəvi, 42 düzbucaqlı boruların tikintisi də sona çatdırılıb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası, Azərbaycanın infrastruktur sahəsində atdığı mühüm addımlardan biridir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Zəngəzur dəhlizinin tikintisi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol, yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaqdır. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Bu gün həqiqətən də Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunuan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.
Nəzakət ƏLƏDDİNQIZI