Aprelin 9-da ADA Universitetində dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirildi. Hər bir tədbir Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyir. ADA Universitetində son illər ənənə halını alan beynəlxalq forumların, konfransların mövzularına diqqət yetirsək hər birinin həmin dövrün hədəflərini özündə əks etdirdiyini görürük. Belə tədbirlərə diqqətin və marağın artdığı iştirakçıların say tərkibində özünü təsdiqləyir.
Hər bir inkişafın əsasında iqtisadi amilin dayandığı nəzərə alınaraq dövlət başçısı İlham Əliyev bütün çıxışlarında Azərbaycanın istər enerji sektorunda, istərsə də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qazandığı uğurlardan geniş bəhs edir. Bu baxımdan sözügedən forum da xüsusi diqqətdə oldu. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Diqqəti bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarına yönəldən Prezident İlham Əliyev bildirdi ki, bunlar bir neçə il öncə Azərbaycan və Avropa Komissiyasının himayəsi ilə irəli sürdüyümüz bizim təşəbbüs idi. Giriş nitqində ötən il Avropanın qaz bazarında nəyi etdiyimiz barədə məlumat verilməklə yanaşı, qeyd olundu ki, əgər Avropa maliyyə təsisatları və Avropa Komissiyası böyük həcmdə qazı almağı davam etmək və Azərbaycandan qaz təchizatını artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni həll etməlidirlər. Birincisi, təsisatların maliyyə siyasətidir. Bütün enerji layihələrimizdə, - istər neft, istər qaz olsun, - eləcə də hasilat və nəqlolunmada, korporativ maliyyələşmə ilə kreditə götürülən pul vəsaitləri arasında razılaşdırılmış nisbət var idi. Adətən 70 faiz kredit, 30 faiz isə korporativ pul vəsaitləri idi. Beləliklə, indi Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və bu səbəbdən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər etdi. O vaxt Avropa İttifaqı qaz təchizatından çox narahat idi və biz energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə imza atdıq. Həmin vaxtdan etibarən, Avropa Komissiyasının müraciəti əsasında, Avropaya qaz təchizatını təxminən 60 faiz artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir.
Cənab İLham Əliyev onu da bildirdi ki, əlavə bir neçə milyard kubmetr qazımız da olacaq. Çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır.
O da qeyd edildi ki, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. İkinci mühüm meyar uzunmüddətli müqavilələrdir. Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Azərbaycan təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bəllidir. Hətta yaşıl enerjiyə olan tələbatı da bilirik. Yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işlənilir. Dörd qiqavat yalnız başlanğıcdır: “Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq”.
Hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür.
Göründüyü kimi, Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr edir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri