PDF Oxu

Siyasət

  • 432

Azərbaycan - Çin: yeni məzmunla zənginləşən strateji tərəfdaşlıq

image

Prezident İlham Əliyev: "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk"

"Qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir". Bu fikri Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır. Azərbaycan bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərimizə uyğun münasibətlərə üstünlük verir. Müasir dünyada Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çin öz növbəsində həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.

Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirdiyi siyasi iradəsinə əsaslanan uzaqgörən siyasəti dövlətimizin dünya birliyində mövqeyinin daha da güclənməsinə səbəb olur. Beynəlxalq müstəvidə etibarlı tərəfdaşlığın məntiqi nəticəsi olaraq ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu təsisatların Azərbaycanla sıx əlaqələr qurmağa üstünlük verməsinə əlbəttə ki, dövlətimizə etimadın, inamın ifadəsidir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatı ilə də əməkdaşlığı uğurla davam edir. Bölgədə və dünyada söz sahibi olan Azərbaycanın bugünkü inkişafı siyasi, iqtisadi, hərbi, mədəni və s. sahələrdə qazandığı uğurlarla özünü büruzə verir.

"DAXİLİ İŞLƏRƏ QARIŞMAMAQ VƏ DİNC YANAŞI YAŞAMAQ PRİNSİPLƏRİNDƏN İRƏLİ GƏLƏN MÜSTƏQİL XARİCİ SİYASƏT YÜRÜDƏN VACİB VƏ ETİBARLI TƏRƏFDAŞLARIQ"

Beynəlxalq müstəvidə etibarlı tərəfdaşlığın məntiqi nəticəsi olaraq ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu təsisatların Azərbaycanla sıx əlaqələr qurmağa üstünlük verməsinə əlbəttə ki, dövlətimizə etimadın, inamın ifadəsidir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatı ilə də əməkdaşlığı uğurla davam edir. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001- ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in üzv dövlətlərin rəhbərləri ilə Azərbaycan arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər diqqəti çəkəndir.

Azərbaycanın son illər beynəlxalq arenadan artan nüfuzunun, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkənin ŞƏT üçün əhəmiyyətini daha da artırıb. Azərbaycan həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan dövlət kimi ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Təşkilatın əsas məqsədləri sırasında üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi dayanır. Eyni zamanda, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması müasir dövrün çağırışları olduğunudan məqsəd olaraq daim diqqətdə saxlanılır.

Vurğulayaq ki, ötən ilin iyul ayında Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış dövlət başçımızın şəxsiyyətinə dərin hörmət və ehtiramın daha bir göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasına əsaslanır.

ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Azərbaycan Prezidenti və ÇXR-in Sədri Si Cinpin strateji tərəfdaşlığın qurulmasına dair "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" imzalamışdılar. Sözügedən sənəddə qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın qurulması ifadə olunub. Çinin Sinxua agentliyinə müsahibəsi zamanı Azərbaycan Prezidentinə ünvanlanan "Bu, iki ölkə arasında münasibətlərin tarixində mühüm mərhələdir. Sizin fikrinizcə, Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafında hansı mühüm nəticələr əldə olunub və bunu necə qiymətləndirirsiniz?" sualını belə cavablandırıb: "Haqlısınız, ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olundu. Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək.Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq. Hesab edirəm ki, bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır". Qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirib.

"İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN DƏRİNLƏŞMƏSİNİ AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN MÜHÜM İSTİQAMƏTLƏRİNDƏN BİRİ KİMİ QİYMƏTLƏNDİRİRİK"

Vurğulamaq yerinə düşər ki, Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, son illər ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib. Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. "Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir", - deyə Prezident bildirib. Dövlətimizin başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. Münasibətlər yüksələn xətlə inkişafdadır və qarşılıqlı münasibətlər əlaqələri daha da dərinləşdirir. "ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Bu tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır", - deyə Azərbaycan Prezidenti müsahibəsində bildirib. Dövlət başçımız onu bildirib ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.

ÇİN AZƏRBAYCANIN 4-CÜ ƏN BÖYÜK TİCARƏT TƏRƏFDAŞIDIR

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib.

Azərbaycanın "Kəmər və yol" təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi artıb və Çin ölkəmizin 4-cü ən böyük ticarət tərəfdaşıdır.

2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür və Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarı Bakıdan Çinə yola salınıb. Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılır, Azərbaycan xalçaları, nar şirələri və başqa yüksəkkeyfiyyətli məhsullar isə minlərlə çinli ailənin evinə daxil olur. "Siz "Kəmər və yol" təşəbbüsünün iki ölkə arasında praktik əməkdaşlığın inkişafında rolu haqqında nə düşünürsünüz?" sualına gəlincə Prezident İlham Əliyev belə bildirib: "Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir".

Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir və ikitərəfli ticari münasibətlərimizin inkişafında mühüm əhəmiyyət daşıyır. "Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır", - deyə dövlət başçımız qeyd edib.

Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Prezidentin bildirdiyi kimi, "Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci "Kəmər və yol" Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Biz "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir".

"ORTA DƏHLİZ AVROPA VƏ MƏRKƏZİ ASİYANI XƏZƏR DƏNİZİ VASİTƏSİLƏ ÇİNLƏ BİRLƏŞDİRƏN ETİBARLI VƏ TƏHLÜKƏSİZ MARŞRUTDUR"

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr və Azərbaycanın "Kəmər və yol" təşəbbüsünə qoşulması, bu əlaqələri daha da gücləndirib. Eyni zamanda, Şərq-Qərb və Orta Dəhliz layihələri çərçivəsindəki tərəfdaşlıqlar, nəqliyyat və ticarət əlaqələrinin inkişafına böyük töhfə verib. Pekində Azərbaycanın Ticarət Evinin açılması da bu əməkdaşlığın uğurlarını təzahür etdirir.

Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. "Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Kəmər və yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Onu da diqqətinizə çatdırmaq istərdim ki, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır".

Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub və bu göstərici 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Son illərdə iki ölkə arasında humanitar mübadilələr, xüsusən dillərin tədrisi və turizm sahələri də inkişaf edir. Pekin Xarici Dillər Universiteti Azərbaycan dilinin öyrənilməsi proqramını həyata keçirir. Daha çox azərbaycanlı tələbə Çin dilinə maraq göstərir.

Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil alan gənclərin sayı artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur.

Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir. Azərbaycan Prezidentinin bildirdiyi kimi, "qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Fəal dialoqumuz, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər