YAP Yasamal rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və Suverenlik-Hüquqi sabitliyin təmini” mövzusunda gənclərlə görüş keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədr müavini Nizami Səfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəsissələrində təhsil alan gənc tələbələr iştirak edib.
Görüşün rəsmi hissəsindən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq videoçarx nümayiş olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək ilk öncə“Konstitusiya və Suverenlik İli” və onun əhəmiyyəti haqqında məlumat verib. Qeyd olunub ki, konstitusiya dövlətin hüquqi dayağı, suverenliyin təminatıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan 1995-ci il konstitusiyası müstəqil Azərbaycanın hüquqi sisteminin əsasını qoydu. Bu sənəd xalqın iradəsini ifadə edərək insan hüquq və azadlıqlarını təmin etdi. Hüquqi sabitlik və dövlətçilik ənənələri məhz bu bünövrə üzərində formalaşdı. Prezident İlham Əliyev bu hüquqi irsi davam etdirərək müasir dövrdə Azərbaycanın suverenliyini qoruyan, ərazi bütövlüyünü təmin edən islahatlara imza atdı. Əldə olunan şanlı Zəfərlər də hüquqi əsaslarla möhkəmlənmiş dövlətçiliyin təntənəsidir. Suverenliyimizin bərpası, beynəlxalq hüquqla tanınan torpaqların azad edilməsi konstitusiyamızın real həyatda tətbiqinin parlaq nümunəsidir. Dövlətimizin başçısı hüquqi islahatlar vasitəsilə həm daxili sabitliyi, həm də beynəlxalq nüfuzu gücləndirir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədr müavini Nizami Səfərov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsinə söykənərək hüquqi dövlət quruculuğunun əsasını təşkil edir. Ulu öndər Heydər Əliyev konstitusiyanın qəbulunu xalqın suverenliyinin təminatı kimi dəyərləndirirdi. Bu hüquqi sənəd müstəqilliyin möhkəmləndirilməsi və hüquqi sabitliyin təmin olunmasında mühüm rol oynadı. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi və institusional islahatlar konstitusiyanın real həyatla uzlaşmasını təmin edir. Ərazi bütövlüyümüz uğrunda aparılan mübarizənin hüquqi təməli də məhz bu Konstitusiyada öz əksini tapmışdır. Əldə etdiyimiz tarixi Qələbələr ilə Azərbaycan suveren hüquqlarını bərpa etdi. Bu gün Qarabağda bərpa-quruculuq işləri və reinteqrasiya prosesi hüquqi əsaslarla həyata keçirilir. Hüquqi sabitlik və qanunun aliliyi ölkəmizin davamlı inkişafını və beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edir.
Çıxışlardan sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.