PDF Oxu

Siyasət

  • 1 284

Azərbaycanın iqtisadi potensialı yeni investisiya mərhələsində

image

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində çıxışı isə ölkənin iqtisadi inkişafının keçdiyi yolu, mövcud imkanları və gələcək üçün müəyyənləşdirilən strateji istiqamətləri kompleks şəkildə təqdim etdi. Cənab Prezidentin çıxışında diqqəti çəkən əsas məqamlardan biri Azərbaycanın investisiya mühitinin formalaşmasının təsadüfi proses olmadığına dair ortaya qoyulan konseptual yanaşmadır. Ölkədə uzun illər ərzində yaradılmış siyasi və iqtisadi sabitlik, müstəqil maliyyə sistemi, infrastrukturun inkişafı və proqnozlaşdırılan biznes mühiti bu gün Azərbaycanın beynəlxalq investorlar üçün daha geniş imkanlar təqdim etməsinə şərait yaradıb.

Preziden cənab İlham Əliyevin qeyd etdiyi kimi, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi ölkənin beynəlxalq investisiya məkanında formalaşdırdığı etimadın mühüm göstəricilərindəndir. Burada söhbət yalnız maliyyə resurslarının cəlb edilməsindən getmir. Bu, eyni zamanda, Azərbaycanın uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaq, investorlara sabit və proqnozlaşdırılan mühit təqdim etmək imkanlarının göstəricisidir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajlarından biri ondan ibarətdir ki, Azərbaycan artıq yalnız investisiya qəbul edən ölkə kimi deyil, regional iqtisadi əlaqələrin və yeni təchizat zəncirlərinin formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir.
Azərbaycan iqtisadiyyatının inkişafında neft və qaz sektorunun tarixi və strateji əhəmiyyəti danılmazdır. Cənab Prezidentin çıxışında da bu sektorun yaxın perspektivdə ölkə iqtisadiyyatında mühüm rolunu qoruyacağı xüsusi vurğulanıb. Eyni zamanda, çıxışın mühüm hissəsini iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, yeni investisiya istiqamətlərinin müəyyənləşdirilməsi və ölkənin mövcud potensialının daha səmərəli reallaşdırılması təşkil edib. Burada əsas məsələ iqtisadi şaxələndirmənin yalnız ayrı-ayrı yeni sahələrin inkişaf etdirilməsi kimi deyil, bütövlükdə yeni iqtisadi modelin formalaşdırılması kimi nəzərdən keçirilməsidir. Cənab Prezidentin təqdim etdiyi yanaşmaya əsasən, bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi Azərbaycanın qarşıdakı dövr üçün əsas investisiya istiqamətləri sırasında yer alır. Bu, Azərbaycan iqtisadiyyatının resurslardan əldə edilən gəlirlərin yeni iqtisadi sahələrə yönəldilməsi prinsipi əsasında daha da şaxələndirilməsi strategiyasının davamıdır.
Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsas xüsusiyyətlərindən biri bərpaolunan enerji potensialının iqtisadi inkişafın mühüm komponentinə çevrilməsidir.
Prezident cənab İlham Əliyevin çıxışında Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi potensialının mövcudluğu xüsusi diqqətə çatdırılıb. Bu rəqəm Azərbaycanın yalnız ənənəvi enerji resursları ilə deyil, həm də yaşıl enerji ilə bağlı geniş imkanlara malik olduğunu göstərir.
Burada mühüm məqam ondan ibarətdir ki, bərpaolunan enerji yalnız daxili tələbatın ödənilməsi məsələsi kimi təqdim edilmir. Azərbaycanın məqsədi yeni enerji güclərindən istifadə etməklə elektrik enerjisi ixrac edən ölkələr sırasında mövqeyini gücləndirməkdir.
Bu istiqamətdə enerji istehsalı ilə yanaşı, ötürücü xətlərin, enerji saxlanc sistemlərinin və regional interkonnektorların inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün belə layihələr enerji sektorunun iqtisadiyyatın digər sahələri ilə əlaqəsini daha da gücləndirə bilər.
Xüsusilə Mərkəzi Asiya ilə Azərbaycan və Avropa arasında elektrik enerjisi bağlantısının yaradılması istiqamətində aparılan işlər Azərbaycanın enerji xəritəsində rolunun genişlənməsinə xidmət edir. Qara dənizin dibi ilə planlaşdırılan elektrik kabeli layihəsi də Azərbaycanın Avropa enerji bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Beləliklə, Azərbaycanın enerji siyasətində ənənəvi enerji resursları ilə yaşıl enerjinin bir-birini tamamladığı yeni mərhələ formalaşır.
Cənab Prezidentin çıxışında Azərbaycanın gələcək iqtisadi inkişafının ikinci mühüm istiqaməti kimi logistika, nəqliyyat və bağlantılar xüsusi yer tutub. Azərbaycanın coğrafi mövqeyi ölkəni Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdirir. Lakin coğrafi mövqenin özü tranzit üstünlüyünün avtomatik təmin olunması demək deyil. Bunun üçün müasir infrastruktur, sərhəd və gömrük idarəçiliyi, rəqəmsal həllər, liman və dəmir yolu imkanları, eləcə də regional əməkdaşlıq tələb olunur. Son illərdə həyata keçirilən investisiyalar məhz bu zəruri bazanın yaradılmasına yönəlib. Dəmir yollarının modernləşdirilməsi və elektrikləşdirilməsi, Bakı Limanının imkanlarının genişləndirilməsi, yeni avtomobil yollarının və hava limanlarının inşası Azərbaycanın tranzit potensialını artıran mühüm amillərdir.
Cənab Prezidentin açıqladığı göstəriciyə əsasən, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatması gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Bu hədəf Azərbaycanın nəqliyyat siyasətinin yalnız tranzit gəlirləri əldə etməyə deyil, ölkəni beynəlxalq təchizat zəncirlərinin mühüm həlqəsinə çevirməyə hesablandığını göstərir.
Burada rəqəmsallaşma xüsusi əhəmiyyət daşıyır. Müasir logistika yalnız yolların, limanların və dəmir yollarının mövcudluğu ilə ölçülmür. Yüklərin rəqəmsal izlənməsi, gömrük prosedurlarının sadələşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi və sərhəd-keçid proseslərinin optimallaşdırılması rəqabət qabiliyyətinin əsas elementlərinə çevrilib.
Prezident İlham Əliyevin çıxışında mədənçilik də Azərbaycanın böyük potensiala malik sahələrindən biri kimi təqdim edilib. Mədənçilik üzrə qəbul edilən dövlət proqramının bu istiqamətdə fəaliyyətə əlavə impuls verməsi gözlənilir. Azərbaycanın təbii ehtiyatları, geoloji potensialı və mövcud sənaye bazası mədən sektorunun yeni texnologiyalar əsasında inkişaf etdirilməsi üçün imkanlar yaradır. Lakin müasir dövrdə mədənçilik yalnız hasilat məsələsi deyil. Burada əsas məqsədlərdən biri xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, emal sənayesinin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması və texnoloji kompetensiyaların formalaşdırılmasıdır.
Bu baxımdan mədənçilik sənayesinin inkişafı qeyri-neft sektorunun şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birinə çevrilə bilər. Prezident İlham Əliyevin çıxışında diqqətçəkən digər məqam enerji və rəqəmsal iqtisadiyyat arasında yeni əlaqənin qurulmasıdır. Süni intellekt texnologiyalarının sürətli inkişafı data mərkəzlərinə və böyük həcmdə elektrik enerjisinə olan tələbatı artırır. Bu şəraitdə enerji resurslarına, genişmiqyaslı infrastruktur imkanlarına və əlverişli coğrafi mövqeyə malik ölkələr üçün yeni iqtisadi imkanlar yaranır. Azərbaycanın əlavə elektrik enerjisi potensialı, enerji infrastrukturu, Avropa ilə Asiya arasında yerləşməsi və inkişaf edən rəqəmsal bağlantıları ölkənin data mərkəzləri, süni intellekt və rəqəmsal xidmətlər sahəsində yeni investisiyalar cəlb etməsi üçün əsas yarada bilər. Bu istiqamətdə isə əsas məsələ yalnız texnologiyanın alınması deyil, həmin texnologiyaları idarə edə biləcək insan kapitalının formalaşdırılmasıdır.
Cənab Prezidentin çıxışında təhsil və peşəkar kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki XXI əsrin iqtisadiyyatında kapital yalnız maliyyə və təbii resurslardan ibarət deyil. İnsan kapitalı iqtisadi rəqabət qabiliyyətinin əsas müəyyənedicilərindən birinə çevrilib. Azərbaycanın neft-qaz sektorunda qazandığı təcrübə bu baxımdan mühüm nümunə kimi təqdim olunur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən sektorda çalışan xarici mütəxəssislərin sayı çox yüksək idisə, sonrakı illərdə yerli mütəxəssislərin hazırlanması nəticəsində bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Bu təcrübənin digər sahələrə tətbiqi Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biridir.
Rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, süni intellekt, mühəndislik, logistika, enerji və mədənçilik kimi sahələrdə ixtisaslı kadrların hazırlanması investisiya siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir. Cənab Prezidentin qeyd etdiyi xaricdə təhsil proqramları da məhz bu yanaşmanın tərkib hissəsidir. Xarici təhsil və beynəlxalq təcrübə ilə yanaşı, əsas hədəf həmin bilik və bacarıqların Azərbaycanın iqtisadi inkişafına transfer edilməsidir.
İnvestor qərarlarının formalaşmasında iqtisadi artım perspektivləri ilə yanaşı, maliyyə sabitliyi və makroiqtisadi proqnozlaşdırıla bilənlik də mühüm rol oynayır. Prezident cənab İlham Əliyevin çıxışında Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti, xarici borcun səviyyəsi və valyuta ehtiyatları barədə açıqlanan göstəricilər ölkənin maliyyə dayanıqlığının əsas elementləri kimi təqdim olunub. Xüsusilə valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi Azərbaycanın maliyyə imkanlarının mühüm göstəricilərindən biri kimi diqqətə çatdırılıb.
Bu amillər investor üçün yalnız cari vəziyyəti deyil, mümkün xarici şoklara qarşı iqtisadi sistemin dayanıqlığını da qiymətləndirmək baxımından əhəmiyyətlidir. Qarşıdakı dövrdə investisiya imkanlarının yalnız sənaye və enerji sahələri ilə məhdudlaşmaması da cənab Prezidentin çıxışında öz əksini tapıb.
Su ehtiyatlarının məhdudluğu, iqlim dəyişikliklərinin qlobal iqtisadiyyat üçün yaratdığı risklər və təchizat zəncirlərində mümkün pozuntular ərzaq təhlükəsizliyini strateji məsələyə çevirir. Bu baxımdan kənd təsərrüfatında texnologiyaların tətbiqi, suvarma sistemlərinin səmərəliliyinin artırılması, məhsuldarlığın yüksəldilməsi, aqrar logistikanın inkişafı və idxaldan asılılığın azaldılması həm dövlət, həm də özəl sektor üçün yeni investisiya istiqamətləri yaradır. Beləliklə, ərzaq təhlükəsizliyi artıq yalnız kənd təsərrüfatı siyasətinin məsələsi deyil, milli iqtisadi təhlükəsizliyin mühüm elementlərindən biridir.
Cənab Prezidentin çıxışında Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi də xüsusi diqqət çəkən məqamlardandır. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, nəqliyyat, enerji, ticarət və investisiya əlaqələrinin inkişafı onu Mərkəzi Asiya ilə Avropa arasında daha geniş iqtisadi məkanın mühüm iştirakçısına çevirir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının dərinləşməsi, Xəzər üzərindən nəqliyyat və enerji bağlantılarının genişləndirilməsi, rəqəmsal infrastruktur layihələri ölkənin regional iqtisadi əlaqələr sistemində rolunu artırır. Bu proses Azərbaycanın xarici siyasətinin iqtisadi diplomatiya istiqamətində də yeni imkanlar formalaşdırır. Nəqliyyat dəhlizləri, enerji layihələri, rəqəmsal bağlantılar və investisiya əməkdaşlığı siyasi münasibətləri tamamlayan uzunmüddətli iqtisadi tərəfdaşlıq platformalarına çevrilir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səslənən fikirlərin ümumi məzmunu göstərir ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri artıq mövcud investisiya etimadını yeni iqtisadi sahələrə yönəltməkdir.
30 il əvvəl enerji sektorunda yaradılmış uzunmüddətli tərəfdaşlıq modeli bu gün digər sahələr üçün də təcrübə mənbəyi kimi nəzərdən keçirilir. İnvestor üçün hüquqi sabitlik, proqnozlaşdırılan iqtisadi mühit, infrastruktur, enerji təminatı, insan kapitalı və regional bağlantılar birlikdə vahid investisiya ekosistemi yaradır. Azərbaycanın forumu məhz ölkə daxilində keçirməsi də bu baxımdan simvolik və praktiki əhəmiyyət daşıyır. Xarici investorların ölkəni yerində görməsi, iqtisadi və sosial mühiti bilavasitə müşahidə etməsi, dövlət və biznes nümayəndələri ilə birbaşa təmas qurması investisiya qərarlarının formalaşmasına əlavə informasiya verir. Bu yanaşma Azərbaycanın özünü yalnız rəqəmlər və təqdimatlar vasitəsilə deyil, real iqtisadi imkanları, infrastrukturu və insan kapitalı ilə təqdim etmək strategiyasının tərkib hissəsidir. Prezident cənab İlham Əliyevin çıxışından aydın görünən əsas strateji xətt Azərbaycanın qarşıdakı dövrdə əldə etdiyi iqtisadi və maliyyə imkanlarını yeni inkişaf sahələrinə yönəltmək niyyətidir.
Neft və qaz sektoru öz əhəmiyyətini qoruyacaq. Lakin paralel olaraq bərpaolunan enerji, logistika, mədənçilik, rəqəmsal iqtisadiyyat, süni intellekt, kənd təsərrüfatı, data mərkəzləri və insan kapitalı kimi istiqamətlərin inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu mənada II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajını bir cümlə ilə ifadə etmək mümkündür: Azərbaycanın gələcək iqtisadi inkişafı yalnız mövcud resursların istifadəsi ilə deyil, həmin resursların yeni texnologiyalara, infrastruktura, insan kapitalına və yüksək əlavə dəyər yaradan sahələrə çevrilməsi ilə müəyyən olunacaq.
Azərbaycanın son onilliklərdə formalaşdırdığı sabitlik, enerji və nəqliyyat infrastrukturu, maliyyə imkanları və regional əməkdaşlıq platformaları bu yeni mərhələnin bazasını təşkil edir. Qarşıdakı əsas məsələ isə həmin bazadan istifadə etməklə investisiya axınlarını daha geniş iqtisadi sahələrə yönəltmək, qeyri-neft ixracının payını artırmaq və Azərbaycanın regional iqtisadi bağlantılarda rolunu daha da genişləndirməkdir. Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə investisiya imkanlarının təqdim olunduğu tədbir deyil, həm də Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsinə dair strateji baxışların beynəlxalq biznes ictimaiyyətinə çatdırıldığı mühüm platforma kimi qiymətləndirilə bilər.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Digər xəbərlər