Beynəlxalq münasibətlər sisteminə fəal şəkildə inteqrasiya edən Azərbaycan Respublikası dünyanın aparıcı dövlətləri ilə ikitərəfli əlaqələrin qurulmasına xüsusi diqqət ayırır. Böyük və nüfuzlu dövlətlərlə səmimi və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın qurulması bizim üçün prioritet istiqamətdir. Aparıcı dövlətlərlə münasibətləri uğurla inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycan-Çin münasibərlərin dərinləşdirilməsi istiqamətində də bütün lazımi addımları atır. İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından çox böyük perspektivlər mövcuddur. Bir məqamı da vurğulamaq lazımdır ki, iqtisadi əməkdaşlıq dünyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın təmin olunmasının əsas vasitələrindən biridir. Bu baxımdan dövlətimizin bu istiqamətdə atdığı addımlar çox təqdirəlayiqdir.
Cənab İlham Əliyevin 21 aprel 2025-ci il tarixində Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində Çin-Azərbaycan əlaqələri, həmçinin dünyada ədalətin və beynəlxalq hüququn qorunması məsələləri ilə bağlı maraqlı fikirlər söyləyib. Bütün bu məsələlərlə bağlı Azərbaycan Prezidenti dövlətimizin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini diqqətinə çatdırıb. Dövlət başçısı bildirib ki, biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış edirik.
Daha sonra cənab İlham Əliyev qeyd edib ki, Çinin “Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyi onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək. Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. Bu baxımdan Çin dövləti ilə əlaqələrin dərinləşdirilməsi həm regional, həm də beynəlxalq əməkdaşlığa öz mühüm töhfələrini verəcək.
Azərbaycan-Çin ikitərəfli əlaqələrində iqtisadi məsələlər xüsusi yer tutur. Ölkələrimiz arasında əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökümətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin “Kəmər və yol” təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıqlar, Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı və s. istiqamətlərdə inkişaf edir. Onu da qeyd edək ki, Çin Azərbaycanın ən çox Ticarət evi açdığı ölkədir. Burada ölkəmizin 6 Ticarət evi (o cümlədən əlavə filiallar) fəaliyyət göstərir.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkəmiz dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Dövlətlər arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi model kimi çıxış edir. Tarixi İpək yolunun yeni nəfəs aldığı dövrdə bu əməkdaşlıq gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uğurlu bir yol xəritəsidir.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri