Azərbaycan qədim İpək yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə Çin Xalq Respublikasına dövlət səfəri, səfərdən əvvəl Çinin Sinxua agentliyinə müsahibəsi bütün bu məqamlara bir daha işıq saldı. Onu da qeyd edək ki, Prezident İlham Əliyev dövlət səfəri çərçivəsində CGTN (China Global Television Network) telekanalına da müsahibə verdi. Hər bir səfər, eyni zamanda, hər bir müsahibə reallıqların təqdimatı ilə yanaşı, prioritetlərin müəyyənləşdirilməsində də əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin səfər zamanı keçirdiyi görüşlərdə diqqət göstərdiyi əsas məsələlərdən biri, təbii ki, bərpaolunan enerji sahəsində mövcud imkanlar və gələcəkdə əməkdaşlığın daha da möhkəmlənməsində bu potensialdan səmərəli istifadə oldu. Bu baxımdan qeyd edə bilərik ki, Prezident İlham Əliyevin səfəri zamanı imzalanan 20-dək sənədin 6-sı bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlı oldu.
Ümumilikdə iki ölkənin əlaqələrində iqtisadi amil əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bu sahədə mövcud imkanları bir daha diqqətə çatdırdı. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq.
Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb.
Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
Prezident İlham Əliyevin Çinə dövlət səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq. Bunu səfər çərçivəsində keçirilən görüşlərdə gündəmə gətirilən məsələlər, həmçinin imzalanan sənədlər də təsdiqləyir. Artıq ötən il qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin davamı olaraq “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalandı. Münasibətlərdə yeni səhifənin açılması hər iki tərəfin bu əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduğunu bir daha təsdiqləyir.
Faqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri