PDF Oxu

Siyasət

  • 1 028

Dost və qardaş ölkə - ŞƏRH

image

Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olur.

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxstandır. Azərbaycan və qazax xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Qazaxstan münasibətləri yeni mərhələyə qədəm qoyub. Belə ki, Azərbaycan-Qazaxstan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin tərəfindən uğurla davam və inkişaf etdirilir.Prezident İlham Əliyevin Qazaxıstana növbəti dövlət səfəri ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına böyük töhfə oldu. Bu dəfəki səfər gələcək çoxtərəfli qarşılıqlı fəaliyyətin prioritetlərini müəyyənləşdrdi.

Oktyabrın 21-də Astanada keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış etdilər. Tərəflər ən yaxın perspektivdə iqtisadi dividendlərin əldə olunmasını sürətləndirəcək əmtəə dövriyyəsini ikiqat artırmaq barədə razılığa gəldilər.

İclasın gündəliyində vacib istiqamətlərdən biri enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsi idi. İslasda Transxəzər nəqliyyat-logistika marşrutu, Xəzər dənizi vasitəsilə neft, qaz və digər yüklərin daşınması, həmçinin “Orta Dəhliz” layihəsinin reallaşması məsələləri müzakirə olundu. Əslində bu istiqamətdə əldə olunan razılıqlar yalnız Azərbaycan və Qazaxıstanın iqtisadi inkişafına deyil, bütövlükdə Avrasiya regionunun dayanıqlı enerji təhlükəsizliyinə mühüm töhfə verir. Prezident İlham Əliyev məhz bunu nəzərə alaraq “biz birgə fəaliyyətlə nəinki regionumuzu, həm də qlobal ticarət xəritəsini formalaşdırırıq” -deyərək bildirdi.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi oldu. Əvvəlcə prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı”nı imzaladılar. Sonra Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu.

İclasda imzalanan sənədlər dövlətlərarası münasibətləri möhkəmləndirməklə yanaşı xalqlar arasında qarşılıqlı inamı daha da gücləndirdi. Ali Dövlətlərarası Şuranın ikinci iclasında qəbul edilən qərarlar birinci iclasdan keçən müddətdə əldə olunmuş nəticələrin məntiqi davamı kimi qiymətləndirildi. Xüsusilə iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi sahəsində yeni yol xəritələrinin təsdiqlənməsi qarşılıqlı əlaqələrin dayanıqlılığını təmin etdi. Əminik ki, hər iki ölkə üçün ortaq maraq kəsb edən aqrar sektor, alternativ enerji və nəqliyyat infrastrukturu kimi sahələrdə əməkdaşlıq yeni reallıqlar yaradacaq.

Sevindirici haldır ki, Qazaxıstanla Azərbaycan dost və qardaş ölkələr olaraq, bu dostluq və qardaşlıq həm torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə, həm də Vətən müharibəsi və işğaldan azad olunmuş ərazilərimizin yenidən qurma və bərpası müddətində yüksək səviyyədə nümayiş olunur. Qazaxıstan hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyibdir. Qazaxıstan, həmçinin Azərbaycanın Zəfərinə böyük dəyər verən və sevinən ölkədir. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından böyük ümidlər bəslədiyi zaman da Qazaxıstan Azərbaycanın apardığı haqq işini dəstəkləyərək, ərazi bütövlüyümüzün təmin olunmasına hörmətlə yanaşdığını bildirmişdir.

Bu əməkdaşlığın əsas istiqamətlərindən biri də humanitar sahədir. Qazaxıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası işində iştirak etmək təşəbbüsü ölkəmiz tərəfindən yüksək dəyərləndirilmişdir. İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyan Uşaqların Ya­radıcılığının İnkişafı Mərkəzi Qazaxstan tərəfindən hədiyyə olaraq tikilmişdir. Bu mərkəz azad edilmiş ərazilərdə mədəni-təhsil infrastrukturu yaratmaq istiqamətində bir addımdır. Bəli, işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpasına töhfə verməyin özü ölkəmizin mövqeyinin müdafiəsidir ki, Qazaxıstan bunun tam təmənnasız, özü də xeyli dərəcədə rəmzi anlam daşıyacaq nümunəsini ortaya qoymaqdadır. Əminlik ki, Azərbaycan-Qazaxstan münasibətləri iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində daha da möhkəmlənəcək.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər