PDF Oxu

Siyasət

  • 439

Azərbaycan-İran münasibətlərində yeni səhifə - ŞƏRH

image

Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir.
İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Həmin vaxtdan İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. 1992-ci ilin dekabr ayından Naxçıvan MR-də İranın Baş Konsulluğu açılmışdır. 20 oktyabr 2004-cü ildən isə Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu fəaliyyət göstərir. Ötən 30 il ərzində iki ölkə arasında münasibətlər heç də həmişə hamar səciyyə daşımasa da, hər iki dövlətin siyasi elitasında müştərək tarixi-mədəni irsə, ümumi mənafelərə istinadla, əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması və inkişafına əsaslanan baxışlar üstünlük təşkil etmişdir. Azərbaycan Respublikası məhz İranla ən uzun sərhədə (765 kilometr) malikdir. Sərhədin o tayında isə on milyonlarla etnik azərbaycanlı yaşamaqdadır. Bu amillər münasibətləri normal məcrada saxlamağı hər iki ölkə üçün zəruri edir. Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində 1990-cı ildən blokada şəraitinə düşmüş Naxçıvan Muxtar Respublikası iqtisadi cəhətdən ağır günlərini yaşayırdı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin sayəsində İranla iqtisadi, humanitar və ticarətsahəsində əlaqələrin qurulması muxtar respublikanın vəziyyətini qismən də olsa yüngülləşdirmişdi. 1991- ci ildə İranın Mərənd və Makunun fərmandarları, Şərqi Azərbaycan ostandarı Naxçıvana səfər etmiş, iqtisadi-ticari əlaqələrin qurulmasına köməklik göstərmişdilər. 1992-ci ildə İran İslam Respublikasının Azərbaycandakı səfiri Əli Əsgər Nəhavandian Naxçıvana səfər etmiş, Naxçıvanda konsulluğun açılması barədə İran XİN-in məktubunu Heydər Əliyevə təqdim etmişdir. 1992-ci ilin iyun ayında Azərbaycanda Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi İranla münasibətlərdə fərqli mərhələnin başlanmasına səbəb olmuşdu. Xalq Cəbhəsinin hakimiyyətdə olduğu bir il tərəflər arasında gərginlik mərhələsi kimi qiymətləndirilir. Lakin həmin dövrdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində müəyyən addımlar da atılmışdır. 1992-ci ilin avqust ayının 5-də Tehranda Azərbaycan səfirliyinin yaradılması barədə qərar qəbul edilmişdir. Elə həmin ay Azərbaycanın xarici işlər nazirinin İrana ilk rəsmi səfəri baş tutmuş və bir sıra mühüm məsələlər – Naxçıvanda İranın, Təbrizdə isə Azərbaycanın baş konsulluqlarının açılması, İrandan Azərbaycana qaz verilməsi, İran ərazisindən keçərək Naxçıvana gedişgəliş məsələləri barədə razılaşmalar əldə olunmuşdur.
1993-cü ilin iyun ayında Azərbaycanda yenidən hakimiyyətə gələn Heydər Əliyev İranla münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. 1993-cü il sentyabrın 6-da İran İslam Respublikasının Azərbaycan Respublikasına humanitar yardımı haqqında protokol imzalandı. İranın “Hilal Əhmər” (Qırmızı Aypara) təşkilatı həmin ilin sentyabrında Azərbaycanın cənub bölgəsində məcburi köçkünlər üçün 7 çadır düşərgəsi qurmuşdu. Bununla yanaşı, İran tərəfi hərbi əməliyyatlarda yaralanmış Azərbaycan əsgər və zabitlərinin Tehran, Rəşt, Təbriz, Astara və s. şəhərlərdəki xəstəxanalarda müalicəsinə şərait yaratmışdı. 1993-cü il oktyabrın 26-28-də İİR Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin başçılıq etdiyi İran İslam Respublikasının nümayəndə heyəti Bakıya rəsmi səfər etdi. Üç gün davam edən səfərin nəticəsi olaraq “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin prinsipləri haqqında” 22 maddəlik memorandum imzalandı. Səfər zamanı siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni və humanitar əlaqələrə dair 14 sənədin imzalanması iki ölkə arasındakı münasibətlərdə əvvəlki illərdə yol verilmiş soyuqluğun aradan qaldırılmasında, münasibətlərin normal inkişaf etdirilməsi üçün zəmin yaradılmasında əsaslı rol oynamışdı.
Münasibətlərin konstruktiv və dinamik məcraya salınması yönündə bu addımın davamı olaraq 1994-cü il 29 iyun - 2 iyul tarixlərində Heydər Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti İrana rəsmi səfər etdi. Səfər gedişində siyasi, iqtisadi, elmi-mədəni əməkdaşlığa dair 7 sənəd, o cümlədən Azərbaycanla İran arasında dostluq münasibətlərinin inkişafına dair 13 maddəlik bəyanat imzalandı. Həmin bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzü açıq şəkildə pislənmiş, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu təsdiq edilmişdi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndən, Azərbaycanın Qərb şirkətləri və qurumları ilə əlaqələrinin genişlənməsindən sonra İran tərəfi Ermənistanla münasibətlərini daha yüksək səviyyəyə qaldırmağa başlamış, beləliklə, din amili ilə yanaşı, Ermənistan faktorundan da Azərbaycanı öz yolundan çəkindirmək üçün təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərmişdi. Azərbaycan hakimiyyətinin bu xoşməramlı addımına baxmayaraq, İran tərəfinin narazılığı nəzərə çarpırdı. Bu narazılıq Xəzər dənizinin hüquqi statusu barədə müddəa vasitəsilə də ifadə olunurdu. Lakin İran nümayəndələri ilə apardığı çoxsaylı danışıqlarda Heydər Əliyevin siyasi və diplomatik məharəti ixtilafın kəskinləşməsinə imkan vermədi. 14 dekabr 1994-cü ildə Heydər Əliyev Kasablankada İKT-nin Zirvə toplantısında iştirak edərkən İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə də görüşdü. Söhbət zamanı o, İran tərəfinə Azərbaycanın mövqeyini fəal şəkildə dəstəklədiyinə görə təşəkkür etdi. Prezident Heydər Əliyev 10 fevral 1995-ci il də İranda İslam Respublikasının İslam inqilabının 16- cı ildönümü münasibətilə keçirdiyi tədbirdə də iştirak etmişdir.
İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin 2004-cü ilin avqustunda ölkəmizə rəsmi səfəri zamanı Xəzərin hüquqi statusu istisna olmaqla, münasibətlərin bütün kompleksi üzrə qarşılıqlı razılıq əldə edilmişdi. Məhz bu səfərdən sonra çoxdan həllini gözləyən bir məsələ reallaşdı: 2004- cü il noyabrın 20-də Təbriz şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu fəaliyyətə başladı. 2004-cü il avqustun 5-7-də İran Prezidenti Məhəmməd Xatəminin Azərbaycana rəsmi səfəri Azərbaycanla İran arasında qarşılıq münasibətlərin inkişafında mühüm rol oynadı. Səfər çərçivəsində iqtisadi, nəqliyyat, mədəniyyət, energetika və s. sahələrə dair mühüm sənədlər imzalanmışdır. Xüsusilə energetika və qaz sahəsinə aid olan mübadilə sazişləri Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi və qazla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. 2005-ci il yanvarın 24-26-da Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfəri zamanı İran Prezidenti Məhəmməd Xatəmi, İranın Ali dini rəhbəri Seyid Əli Xamenei, Məsləhət Şurasının sədri Haşimi Rəfsəncani, o cümlədən digər dövlət və hökumət nümayəndələriilə geniş müzakirələr aparmışdır. Müzakirələrdə ikitərəfli əlaqələrin bütün səviyyələrdə dərinləşməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi və hər iki ölkənin qanunverici, icra və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafı yüksək qiymətləndirilmişdir. Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinin yerinə yetirilməsinin və münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyi vurğulanmışdır.
2010-cu il noyabrın l7-də İran Prezidenti Mahmud Əhmədinejadın növbəti dəfə Azərbaycana rəsmi səfəri çərçivəsində iki dövlət arasında enerji və nəqliyyat sahəsində Anlaşma Memorandumu və bir sıra digər sənədlər imzalanmışdır. Memorandumda nəqliyyat sektoru sahəsində Şimal-Cənub dəhlizinin qurulması və bu istiqamətdə əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuş, birgə elektrik güclərinin yaradılması məsələləri öz əksini tapmışdır. İkitərəfli münasibətlərin inkişafı parlamentlərarası əlaqələri də əhatə etmiş, hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərləri əməkdaşlığın dərinləşməsinə öz töhfəsini vermişdir. Həmçinin Azərbaycan parlamentində İranla dostluq qrupu yaradılmışdır. 2013-cü ildə İranın yeni Prezidenti Həsən Ruhani Azərbaycanla münasibətləri normallaşdırmağı və yüksək səviyyəyə qaldırmağı xarici siyasətin prioriteti elan etmiş və bu sahədə əməli addımlar atmağa başlamışdı. 2014-cü ilin yanvarında Davos İqtisadi Forumunda Həsən Ruhani ilə görüşün nəticəsi olaraq 2014- cü il aprel ayının 9-da Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında Saziş və digər sənədlər imzalanmışdır. 2014-cü ilin noyabr ayında İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ilə iki dövlət arasında münasibətlərin inkişafına yeni təkan verildi. Səfər zamanı iqtisadi sahədə bir sıra sənədlərlə yanaşı, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Dövlətlərarası münasibətlər baxımından çox mühüm sənəd olan bu bəyannamədə tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönələn fəaliyyətə imkan verməyəcəklərini bir daha təsdiq etdilər. İran Prezidentinin səfəri çərçivəsində Azərbaycan– İran Biznes Forumu keçirildi.
Azərbaycan prezidentinin 2014-cü ilin aprelində İrana səfəri nəticəsində uzun fasilədən sonra Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti bərpa olunmuş, həm Bakıda, həm də Tehranda mütəmadi görüşlər keçirilmişdir. Bu görüşlər qarşılıqlı investisiyalara, müştərək müəssisələrin yaradılmasına və ən başlıcası, iki ölkə arasında mal mübadiləsinin ciddi şəkildə artımına təkan vermişdir. 2016-cı il fevral ayının 23-də Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı Azərbaycanın və İranın dövlət başçıları arasında həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərdəiki dövlət arasındakı siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələlər müzakirə olunmuşdur. Həmin görüşlərdə Azərbaycan və İran arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmış, 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəlinmişdir.
Hazırda İran və Azərbaycan iki regional üçlükdə təmsil olunurlar: Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya. Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında mütəmadi görüşlər keçirilməsi haqqında ilk razılaşma 2010-cu ildə İstanbulda keçirilən İƏT-in sammitində əldə edilmişdir.
2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın 1993-cü ildən bəri işğal altında saxladığı Azərbaycanla İran arasındakı 130 kilometrlik dövlət sərhədini tam bərpa edilib.
2021-ci ilin sentyabrında Bakı ilə Tehran arasında münasibətlərdə yaranan gərginlik qısa müddətdə danışıqlar yolu ilə aradan qaldırılıb. Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə başlıca yerlərdən birini tutmuşdur. İki ölkə arasında münasibətlərin 30 illik tarixində eniş-yoxuşlar, fərqli yanaşmalar, hətta gərginlik dövrləri də olmuşdur. Son dövrdə İranın Azərbaycana qarşı qərəzli münasibəti, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 2020-ci il 10 noyabr Bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb regionu ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılması qərarlaşdırılmışdır. Lakin İranın bunu özünün “qırmızı xətti” hesab etməsi, Qafan şəhərində tələsik konsulluq açması, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi Azərbaycanı adekvat addımlar atmağa məcbur etmişdir. İran ərazisində yaşayan bir ovuc erməni azlığına ana dillərində təhsil hüququ tanındığı halda, 30 milyondan artıq azərbaycanlı əhalinin ana dilində təhsil hüququnun əllərindən alınması Azərbaycan dövlətini ciddi narahat edir.
Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmli bir addımdır.
Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzaladılar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”nı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid Rza Salehi Əmiri mübadilə etdilər.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.
Bu razılaşmaların praktik icrası vasitəsilə Azərbaycan nəinki ticarət‐iqtisadi əlaqələrini genişləndirəcək, həm də regional infrastrukturun, mədəni‐ictimai əlaqələrin, eləcə də təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.


Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər