Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi hər zaman önəmli yer tutur. Milli maraqlara əsaslanaraq tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi ilə əlaqələrin qurulması dövlətimiz üçün prioritetdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib.
Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.Dövlətlərimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Xalqlarımızın tarixi və mədəni bağlılıqları iki dövlət arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat-logistika və digər sahələr üzrə inkişaf edir. Ümumilikdə dövlətlərimiz arasında münasibətlər möhkəm təməllər üzərində qurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. Bundan başqa, 1992-cü ildə İranın Naxçıvanda Baş konsulluğu, 2004-cü ildə isə Azərbaycanın Təbrizdə Baş konsulluğu açılıb. Bütün bunlar hər iki ölkənin qarşılıqlı əlaqələrdə maraqlı olmasına sübutdur.Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşlər, imzalanan sənədlər iki ölkə arasında möhkəm təmələ əsaslanan münasibətlərin daha da inkişaf edəcəyini deməyə əsas verir. Ölkəmizin qonşu dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. “Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev mətbuata bəyanatında da qeyd etdi ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür: “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. İran Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”.Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ənənəvi olaraq dəstəkləyirlər. Bu məsələ Azərbaycan və İran prezidentlərinin görüşü zamanı da gündəmə gəldi. Azərbaycan Prezidenti vurğuladı ki, bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Azərbaycan və İran arasında bu cür münasibətlər həm regional təhlükəsizlik məsələləri, həm də çoxtərəfli əməkdaşlıq üçün münbit şərait var. Görüşlər zamanı Azərbaycan-İran arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər verildi.Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri xüsusi diqqət çəkir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə yatırıb. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Azərbaycan və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq mahiyyət daşıyan bir layihənin həyata keçirilməsində də əməkdaşlıq edir. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. Şimal-Cənub layihəsi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib.Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, İran ilə Azərbaycan arasında tarixi dostluq münasibətləri üzərində formalaşmış əlaqələrin inkişafı ölkələrimiz və bölgənin ümumi inkişafı baxımından böyük önəm kəsb edir. Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək lazımdır. Bu, çox ciddi və gələcək əməkdaşlıq üçün ölkələrimizə yol göstərən sənəddir.İki dövlət başçısının Bakıda keçirdiyi görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər bir daha əminlik yaradır ki, Azərbaycan-İran əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.