Aprelin 25-də Çinin CGTN telekanalına müsahibəsində Prezident İlham Əliyev Azərbaycanla Çin arasında dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə oluğunu bir daha qeyd edib. Dövlət başçısı bildirib ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik.
Məlumdur ki, Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələri müstəsnadır. Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Azərbaycan-Çin əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, humanitar və mədəni əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin dövlət başçıları arasında təşkil olunan görüşlər, Çinin Xalq Respublikasının Sədri Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması təsadüfi deyildi. Qarşılıqlı münasibətlər böyük uğurların əldə olunmasında əsas faktordur.
İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərkən nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulamaq gərəkdir. Azərbaycan Prezidenti müsahibəsində Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi barədə də danışıb və deyib ki, Azərbaycan üçün bu təşəbbüs yalnız tranzit marşrutu deyil: “Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki coğrafi mövqeyimiz əlverişlidir, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır”.
Göründüyü kimi, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial var. Azərbaycan-Çin arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına öz töhfəsini verəcəkdir. Bu isə gələcəkdə Azərbaycan ilə Çin arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə zəmin yaradır.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri