PDF Oxu

Siyasət

  • 547

Azərbaycan - İran: İqtisadi əməkdaşlıq üçün böyük imkanlar

image

Prezident İlham Əliyev: "Biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin"

Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan dünyada yüksək imicə malik olan ölkədir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir, ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlər inkişaf etdirilir. Müstəqil Azərbaycanın balanslaşdırılmış xarici siyasi kursunun məntiqi olaraq dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığa mühüm töhfələr verir. Ölkəmizin Şərq və Qərb, eləcə də Şimal və Cənubla milli maraqlarını qorumaqda fəal əməkdaşlığı dövlətlərarası münasibətlərin inkişafının göstəricisidir. Azərbaycanın İranla əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Ölkələrarası münasibətlər yeni mərhələyə qədəm qoyub. Dövlətlərarası münasibətlərdə təkcə qonşuluq bağları deyil, tarixi köklərin bağlılığı əhəmiyyət daşıyır. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi olmaqla yanaşı, regionda təhlükəsizliyin dayanıqlı olması və ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan əhəmiyyətli addımdır. Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidentinin imzaladıqları Birgə Bəyannamə, eləcə də dövlətlərarası imzalanmış sənədlər əməkdaşlığın inkişafında yeni üfüqlər açır. Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, "Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Əlbəttə, biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bu günə qədər bu, belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik".

"ŞİMAL-CƏNUB NƏQLİYYAT DƏHLİZİ ÜZRƏ BİZ SIX ƏMƏKDAŞLIQ EDİRİK"

İran ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün böyük əsaslar var. Hər iki xalqın eyni tarixə, dinə və milli adət-ənənələrə malik olması qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rola malikdir. İmzalanan sənədlər yalnız iqtisadi deyil, həm də mədəni əlaqələrin inkişafına töhfə verəcək. Ümumiyyətlə, bu səfər dostluq əlaqələrinin möhkəmlənməsinə yeni yol açacaq. Gömrük, turizm, nəqliyyat sahələrində əməkdaşlığın fəallaşmasına təkan verəcək. İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı, o cümlədən iqtisadi baxımdan tərəflər üçün də yeni hədəflər müəyyən edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi strateji əhəmiyyət daşıyan layihədir. Bu dəhliz İran ilə Azərbaycanın iqtisadiyyatının inkişafına yeni imkanlar yaradaraq, qarşılıqlı ticarətin də inkişafına təkan verəcək, gəlirləri artıracaq, əhalinin məşğulluğunu təmin edəcəkdir. "Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik. Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın. Bunun üçün kifayət qədər imkanlar var. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var, hər iki ölkədə sahibkarlar sinfi kifayət qədər fəaldır. Sadəcə olaraq, biz gərək iş adamlarımızı bir araya gətirək, necə ki, bu gün biz bunu edirik", - deyə Prezident bildirib.

Qeyd edək ki, nəqliyyat infrastrukturunun inkişafı, gömrük əlaqələrinin asanlaşdırılması və birgə azad zonaların yaradılması iqtisadi əlaqələrin genişlənməsinə zəmin yarada biləcək tədbirlərdəndir.

"BİZ, SADƏCƏ OLARAQ, ARTACAQ YÜKLƏRİ NƏZƏRƏ ALARAQ ÖZ NƏQLİYYAT İMKANLARIMIZI VƏ İNFRASTRUKTURUMUZU GENİŞLƏNDİRİRİK"

Bu gün Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı dövlətlərdən biridir. Azərbaycan və İranın strateji əməkdaşlığında Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən layihələr önəmli yer tutur. Bu dəhliz Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yoludur. "Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur", - deyə Azərbaycan Prezident bildirib. Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: "Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk".

Dəmir və avtomobil yolları, liman infrastrukturlarının modernləşdirilməsi, həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də beynəlxalq ticarətin həcminin artmasına şərait yaradır. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropanın 800 milyona yaxın əhalinin yaşadığı 40-dan çox ölkəsi ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Dəhlizin əsasını təkli edən Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib.

"İKİ ÖLKƏ ARASINDAKI TİCARƏT DÖVRİYYƏSİ HEÇ BİR MİLYARD DOLLARA ÇATMIR VƏ ƏLBƏTTƏ Kİ, BU, BİZİ QANE EDƏ BİLMƏZ"

Azərbaycan-İran arasında yeni əməkdaşlıq münasibətləri yaranıb. Son illərdə hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən - ticarət, nəqliyyat, energetika və digər sahəsində əməkdaşlığı gücləndirərək yeni imkanlar əldə etmişdir. Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf edir. Azərbaycanın İranla tarixi-mədəni bağları gələcəkdə bu əməkdaşlığın daha da güclənməsinə töhfədir. "Bu gün biz statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane edə bilməz", - deyən dövlətimizin başçısı bildirib ki, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslər əlbəttə ki, təqdirəlayiq olacaq: "Hesab edirəm ki, burada aparıcı rol Azərbaycan-İran hökumətlərarası komissiyaya məxsusdur. Mən komissiyanın fəaliyyətini yüksək qiymətləndirirəm. Komissiyanın həmsədrləri, üzvləri müntəzəm olaraq görüşürlər və hər bir görüşün böyük əhəmiyyəti var. Onlara konkret layihələr təqdim olunmalıdır. Ölkələrimizin vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik - bütün bunlar iki ölkənin iş adamlarına aydın olmalıdır".

"BİZ BEŞ İLDƏN SONRA 6500 MEQAVAT GÜCÜNDƏ GÜNƏŞ, KÜLƏK VƏ SU ENERJİ POTENSİALIMIZI ORTAYA QOYACAĞIQ"

Dövlət başçısı çıxışında müzakirə olunan məsələlər sırasında elektroenergetika məsələlərinə də böyük diqqət ayrıldığını bildirib. Qeyd edib ki, burada təkcə elektrik stansiyalarının tikintisi yox, eyni zamanda, ötürücü xətlərin tikintisi məsələsi nəzərdə tutulur: "Biz gələcəkdə iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli - qonşu ölkələrlə birlikdə formatda enerji mübadiləsi layihələrinə də baxa bilərik. Daha doğrusu, bu gün artıq bu, gündəlikdə duran məsələlərdən biridir. Azərbaycanda yaşıl enerjinin istehsalı prosesi artıq başlamışdır və bunun böyük gələcəyi var. Biz beş ildən sonra 6500 meqavat gücündə Günəş, külək və su enerji potensialımızı ortaya qoyacağıq və bunun böyük hissəsi ixracyönümlü enerji növləridir. Bu istiqamətdə əlbəttə ki, indidən hazırlıq işləri aparılmalıdır. Eyni zamanda, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir".

REGİONAL ƏMƏKDAŞLIQ, SABİTLİK VƏ İNKİŞAF ÜÇÜN GENİŞMİQYASLI TƏŞƏBBÜSLƏR

Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasiminin keçirilməsi iki ölkə arasında tarixi bir hadisəyə çevrildi. Ən əhəmiyyətli layihələrdən biri də Azərbaycan-İran sərhədində yerləşən "Xudafərin" və "Qız qalası" hidroelektrik kompleksləri həm enerji təchizatına, həm də kənd təsərrüfatı suvarma sistemlərinin inkişafına güclü stimul verir. Bu layihələr, "yaşıl enerji" sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. "Xudafərin" və "Qız Qalası" ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür. İran Azərbaycanın yaxın qonşusudur və ölkəmiz bölgənin istisnasız olaraq bütün dövlətləri kimi, İranla da səmərəli əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılması da önəmli məsələrdəndir. Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatı əhəmiyyət kəsb edir.

Azərbaycan-İran arasında bir çox sahələrdə əlaqələr mövcuddur ki, bu da həm ölkələri gücləndirir, eyni zamanda, regional əməkdaşlığa müsbət təsirini göstərir. Bu gün ölkələrimiz arasında münasibətləri bütün sahələrdə inkişaf edir. Azərbaycan ilə İran bir sıra beynəlxalq platformalarda əməkdaşlıq edir.

Azərbaycan Cənubi Qafqazın, eləcə də ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış edir. Regionda yeni reallıqlar yaradan ölkəmizin geosiyasi mövqeyi onun regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürməsinə imkanlarını daha da artırır. Azərbaycan-İran biznes forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər dövlətlərarası münasibətlərin inkişafına yeni töhfələr verəcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər