PDF Oxu

Siyasət

  • 366

Böyük Qayıdış: hər səfər bir tarix

image

Prezident İlham Əliyev: "Biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq"

27 il sonra işğaldan azad olunan Ağdam öz haqqına qovuşub və yeni günün yaşayır, abadlıq-quruculuq işləri həyata keçirilir. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olundu. Ağdam rayonunun işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində baş tutdu. Beləliklə, 27 ildən sonra günəş şüaları ilə nurlanmış ağ ev Ağdam Azərbaycana qaytarıldı. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımıza məxsus dini-mədəniyyət abidələrini, yaşayış evlərini, infrastrukturu dağıtmış olsalar da, tarixi həqiqət qələbə çaldı. Bu gün nəinki, Ağdamda eləcə də işğaldan azad olunan digər ərazilərdə böyük abadlıq-quruculuq işləri aparılır. Görülən işlər hazırlanmış layihələr, şəhərlərin baş planı əasında sistemli olaraq reallaşır. Hər qarışında tariximizin izi olan bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. 30 ilə yaxın işğal altında olan ərazilərimizdə sürətlə aparılan abadlıq və quruculuq işləri burada yeni müasir məkanlarımız olacağından xəbər verir. Əlbəttə ki, bu ərazilərdən erməni vandallarının izlərini silib atsaq da tariximizdə, yaddaşımızda onların törətdikləri çirkin əməlləri silinməyəcək.

"ULU ÖNDƏRİN BÜTÜN HƏYATI, BÜTÜN FƏALİYYƏTİ AZƏRBAYCAN XALQINA, DÖVLƏTİNƏ HƏSR EDİLMİŞDİR VƏ BUGÜNKÜ AZƏRBAYCAN ONUN ƏSƏRİDİR"

Ağdamda görülən işlər sırasında Ağdam Muğam Mərkəzinin açılışı da böyük əhəmiyyət daşıyır. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Muğam Mərkəzinin açılış mərasimində çıxışı zamanı "Bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür", - deyə bildirib. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. "Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir", - dövlətimizin başçısı bildirib.

"ULU ÖNDƏRİN HAKİMİYYƏTƏ GƏLMƏSİ BİZİM ÜÇÜN NİCAT YOLUNU açdı

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Elmi əsaslarla beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu. Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzindəki fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr edilmişdir. "Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. Vəziyyət çox ağır idi. O günləri yaşayan insanlar bunu çox yaxşı xatırlayırlar. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə, torpaqlarımız isə işğal altında idi və işğal davam edirdi. Ermənistan xarici dəstək ilə Azərbaycana qarşı öz işğalçılıq siyasətini həyata keçirirdi. Nizami ordu demək olar ki, yox idi. Belə bir böhranlı vəziyyətdə - daxili çəkişmələr, müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir",- deyə Prezident çıxışında diqqətə çatdırıb.

"BÜTÜN HADİSƏLƏRƏ, BÜTÜN ÇƏTİNLİKLƏRƏ BAXMAYARAQ, BİZ İNKİŞAF YOLUMUZDAN DÖNMƏDİK"

Son otuz iki il ərzində bir çox hadisələrin baş verdiyini bildirən Azərbaycan Prezidenti bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, inkişaf yolumuzdan dönmədiyimizi bildirib: "O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır". Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan uğurla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrası sürətləndirilir. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. "İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz "öldü var, döndü yoxdur" şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır", - deyə dövlətimizin başçısı diqqətə çəkib.

"BİZ LƏYAQƏTLİ XALQIQ, HÖRMƏTƏ LAYİQ OLAN XALQIQ VƏ BİZİMLƏ HESABLAŞMAQ LAZIMDIR"

Döyüş meydanında yenilməz iradə, siyasi müdriklik və əzm nümayiş etdirərək qazandığımız möhtəşəm Zəfərimiz xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə yaratmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı tarixi dastana çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik strategiyası və ordunun qətiyyətli fəaliyyəti ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Dövlət başçımızın "Qarabağ Azərbaycandır!" sözləri mübarizə və birlik simvoluna çevrildi və Prezidentlə xalqın sıx birliyi Böyük Zəfərin təminatı oldu. "Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi", - deyən dövlət başçımız onu da bildirib ki, bu, bizim hamımızın Qələbəsidir.

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi və düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi və böyük Sərkərdəliyi sayəsində torpaqlarımız işğalçılardan azad edildi. Azərbaycan Prezidentinin bildirdiyi kimi, Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi: "Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur".

"XANKƏNDİDƏ QARABAĞ UNİVERSİTETİ FƏALİYYƏT GÖSTƏRİR, 8 MİNDƏN ÇOX İNSAN YAŞAYIR"

2023-cü ilin sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlara cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayaraq yenidən xalqımıza qələbə sevincini yaşatdı. Əlbəttə ki, Azərbaycan Ordusunun gücü dövlətin qüdrətinin nümunəsidir. Regionun hazırlıqlı Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən ordudur. Bölgədə məskunlaşmış qeyri-qanuni erməni silahlı birləşmələri bu tədbirlər nəticəsində zərərsizləşdirildi. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı ermənilərə növbəti bir dərs oldu. Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub. Azərbaycan daha uğurlu bir gələcəyə doğru irəliləyir. Azərbaycanın tarixi Zəfəri, ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır. "Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq".

"SÖZÜN DÜZÜ, MƏN BİLMİRƏM HANSI ÖLKƏDƏ HAZIRDA BU MİQYASDA QURUCULUQ, İNKİŞAF İŞLƏRİ APARILIR"

İndi Ağdamda görülən işlərin miqyası böyükdür:"Ağdam-Bərdə avtomobil yolu. İndi Bakıdan gələn qonaqlar o yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib. İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir", - deyə Prezident bildirib.

Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Artıq görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış ardıcıl olaraq həyata keçirilir. "Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq", - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər